17 iyun 2023 01:57
598

Ağrı dağının Ermənistana nə dəxli?

Vallah, deyəsən həqiqətən də işğalçı ölkədə Nikol Paşinyandan ağıllı adam yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin gerbi və himni ilə bağlı tənqidi sözləri fikirləri ictimaiyyətdə böyük hay-küyə səbəb olub. Şovinist ünsürlər dövlət başçısını guya milli dəyərləri təhqir etdiyinə görə kəskin tənqid atəşinə tutublar.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 15-də parlamentdə çıxışında “Ermənistan gerbinin bugünkü dövlətə nə aiddiyəti var?” deyə bildirib. Paşinyanın fikrincə, dövlətinin gerbində təsvir olunan Ağrı dağının Ermənistana heç bir aidiyyəti yoxdur, çünki həmin dağ faktiki olaraq Türkiyə Cümhuriyyətinin ərazisidir. Himndə isə elə ifadələr var ki, o sözlər qonşu dövlətlərlə normal əlaqələrə mənfi təsir göstərə bilər. Ona görə də rəmzlərdə lazımi dəyişikliklər aparılmalıdır. Baş nazir əlavə edərək deyib ki, əvvəlki gerblərdə şirlərin təsvirləri var. Təbii ki, bu təsvirlərin əks etdirilməsi tamamilə yanlışdır. Bəyəm Ermənistan təbiətində şir yaşayır?

 Erməni politoloq Sergey Melkonyan baş nazirin bu sözlərini “dövləti demontaj etmək” kimi səciyyələndirib: "Bu istiqamətdə artıq addımlar atılıb. İrəvan Dövlət Universitetində azərbaycanşünaslıq kafedrası ləğv olunur, məktəblilər üçün tarix dərslikləri yenidən yazılmağa başlanılıb, bir sıra hərbi birləşmələrin fəaliyyətinə son verilir. Lakin belə bir prosesdə simvolizm mühüm yer tutur."

"Bu gün Ermənistanın dövlət rəmzləri günüdür. Və məhz bu gün Nikol faktiki olaraq müasir Ermənistanda gerbin dəyişdirilməsinin zəruri olduğunu bəyan etdi. Ümumiyyətlə, yeni heç nə yoxdur. Dövlətçiliyin parçalanması tendensiyası rəmzlərə gəlib çatıb. Bu gün “yeni” inqilabçı Ermənistanın tarixi yazılır. Yeni siyasət mövcud kimliyin rədd edilməsinə və onun Türkiyəyə uyğun yenidən formalaşmasına əsaslanır. Yeni inqilabi Ermənistana xoş gəlmisiniz!”, - deyə Melkonyan rişxəndə bildirib.

Xatırladaq ki, hazırkı gerb vaxtilə daşnaksütyunçuların çoxluq təşkil etdiyi hakimiyyətlər tərəfindən qəbul edilmişdi. Onu da vurğulayaq ki, Ermənistanda ilk dəfə gerb 1918-ci ildə, sonra 1936 və 1991-ci illərdə qəbul edilib.

Vəli İlyasov, "İki sahil"