Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri ənənvi dostluq və qardaşlığımıza yeni töhvə verdi. Xüsusilə qeyd etməliyik ki, bu səfər Onun siyasi mübarizədən- Prezident seçkilərindən qalibiyyətlə çıxmasından sonra reallaşdı. Azərbaycan Prezident İlham Əliyev qardaş ölkədə bu yaxınlarda keçirilmiş prezident seçkilərindən sonra hər iki ölkənin birgə yüksəlişində yeni imkanların açıldığını vurğuladı. Ölkəmizin başçısı çıxışında 2021-ci ilin iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu da qeyd etdi. Bu Bəyannamə bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən çox əhəmiyyətli tarixi sənəddir.
Belə ki, bu Bəyannamənin imzalanması ilə tarixən dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycan artıq həm də strateji müttəfiqlək səviyyəsinədək yüksəldilər. Təbii ki, mövcud müttəfiqliyin ən önəmli tərəfi də hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi uğurlarımızın pik nöqtəsidir. İki qardaş ölkə bundan sonra həm iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, həm də müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində yanaşı addımlayacaqlar.”
Bundan başqa, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında xüsusilə enerji və nəqliyyat-logistika sahələri də sürətlə inkişaf etməkdədir. Belə ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır. Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları bu perspektivləri daha da genişləndirir. Logistika sahəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Müasir dünyada Avrasiya məkanında formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri hazırda bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artırmağa nail olacaqlar.”
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri