17 iyun 2023 02:58
652

Zəngəzur dəhlizi: Avropa ilə Asiyanı birləşdirən ən qısa yol

Daşımalar üzrə tarifləri ucuz, məsafələri qısaldan bu marşruta maraq artır

Müasir dünyamızda narahatlıq doğuran siyasi gərginliklər, münaqişə və müharibələr qlobal enerji layihələri, nəqliyyat marşrutları üçün də ciddi təhdidlər yaradıb. Avropa üçün daha riskli fəsadlar törədən Rusiya-Ukrayna müharibəsi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhliz layihəsinə marağı artırıb. Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin iştirakı ilə genişlənən, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz layihəsi Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Başqa sözlə deyilsə bu dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa, əlverişli, rahat infrastrukturdur. Vahid tarifin, «bir pəncərə» prinsipinin tətbiqi, marşrutun keçdiyi ölkələrdə təhlükəsizliyin etibarlı təminatı Avropa və Asiya ölkələrinin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə daha çox yönəldir. İkitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinə, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır.

Dəhlizin əhəmiyyətinin artırılması üçün eyni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan maraqlı ölkələrin layihəyə cəlb edilməsi istiqamətində önəmli addımlar atırlar. Azərbaycan-Türkiyə-Özbəkistan formatında da intensivləşən danışıqlar beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə coğrafiyasını genişləndirir. Orta Dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yoluna indi daha çox ehtiyac yaranır. Orta Dəhlizə artan maraqda Transxəzər marşrutu üzrə ən vacib halqalardan olan Azərbaycan önəmli tərəf kimi xüsusi rola və nüfuza malikdir.

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradan Azərbaycanın nəqliyyat və enerji sahəsində artan rolu haqqında daha çox danışılır, müzakirələr aparılır. Daşımalar üzrə tarifləri ucuz, məsafələri qısaldan marşrutlara üstünlük verilir. Hazırda dünya siyasətinin ən aktual mövzusu olan Zəngəzur dəhlizi nəzərdə tutulan şərtlər üzrə daha çox maraq doğuran, səmərəli nəqliyyat marşrutu kimi dəstəklənir. Zəngəzur dəhlizinin mühüm infrastruktur kimi 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları üçtərəfli Bəyanata salınmasının tarixi əhəmiyyətini «Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır» sözlər ilə bildirən Prezident İlham Əliyev ata-baba torpaqlarımıza Qayıdış Konsepsiyasında soydaşlarımızın Zəngəzura dönüşünün vacibliyini, bölgə ölkələri üçün əhəmiyyətini dəfələrlə qətiyyətlə bildirib.

Qərbi Azərbaycan icması ilə görüşündə tarixi ərazimiz olan Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi ilə bağlı həqiqətləri diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, imperiyanın bu xəyanəti xalqımıza qarşı növbəti cinayət olsa da Vətən müharibəsində Ermənistan üzərində qazandığımız tarixi Zəfər işğalçı kimi onun havadarlarının da niyyətlərini puç etdi. Prezident İlham Əliyevin «Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq» sözləri Vətən müharibəsində qazandığımız Zəfərin növbəti müjdəsidir. Tarixi çıxışlarında «Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan» söyləyən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyəti bu xəyanətin uzun ömürlü olmadığını göstərir.

Ötən il Bakıda, ADA Universitetində keçirilən «Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat”» mövzusunda beynəlxalq konfransda qeyd olunduğu kimi, Azərbaycanda istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yolu, hava limanları, donanma, yaxud dəniz limanı üzrə bütün hazırlıqlara diqqətlə yanaşılır. Ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr arasında düşünülmüş koordinasiyanın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin hazırda dünya siyasətinin masasında olan Zəngəzur dəhlizi ilə bağlı fikirləri də beynəlxalq birlik tərəfindən birmənalı dəstəklənir. Dəhlizlə bağlı gedən danışıqlarda İranın və forpost Ermənistanın bu prosesə münasibətləri ətrafında aparılan müzakirələrdə Azərbaycanın dəyişilməz mövqeyini «Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev haqlı tərəf kimi ədalətin bərpa oluncağını əminliklə bildirir.

Bütün ölkələr üçün yeni imkanlar yaradacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək Zəngəzur dəhlizinin tezliklə açılması qaçılmazdır. Ermənistanı dəstəkləyən, işğalçıya hərbi, siyasi, iqtisadi dəstək göstərən, Zəngəzur dəhlizinin açılmasına əngəl törədən rəsmi Tehran heç vaxt istəyinə nail ola bilməyəcək. Beynəlxalq enerji, nəqliyyat layihələrinin coğrafi mərkəzi olan, ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün səylərini artıran Azərbaycan Zəngəzur dəhlizinin açılması, bu layihənin tam həlli üçün əlindən gələni edir və edəcək. Dəhlizdə tikinti işlərinin 80 faizdən artığının başa çatması Azərbaycan xalqının doğma torpaqlarına qayıdışına etibarı təminatdır.

İyun ayının 13-də Bakıda dövlət səfərində olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev iki qardaş ölkənin ortaq layihələrindən bəhs edərkən Zəngəzur dəhlizinin açılacağına əminliyini bir daha diqqətə çatdırdı,
qardaşlıq əlaqələri qarşısında açılan yeni imkanlardan ətraflı bəhs etdi: «Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.»

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılmasının vacibliyinin qeyd olunması, Türkiyə –Azərbaycan qardaşlığının sarsılmazlığından bəhs edilməsi geosiyasi şəraitdə Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin önəmini daha da artırır. Bu məsələ ilə bağlı müzakirələrin intensivləşməsi də təsdiqləyir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki bu dəhlizin açılması tərəfdaş ölkələrin yükdaşıma problemlərinin həllində önəmli rol oynayacaq və bölgədə əməkdaşlığın genişlənməsi imkanları artacaq.

Zəngəzur dəhlizi ilə bağlı eyni qətiyyəti «Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur» sözləri ilə bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. Azərbaycan xalqının, soydaşlarımızın, türk dünyasının həmrəylik rəmzi olan Zəngəzura dəmir yolu, avtomobil yolu ilə qovuşmaq arzularının həqiqətə çevriləcəyi günə az qalıb.

Xuraman İsmayılqızı, «İki sahil»