16 iyun 2023 16:45
663

Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaqlar - Kamran Bayramov

"Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən iki ölkə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda, irəli sürdükləri təşəbbüslərdə aydın şəkildə göstərirlər. Türkiyədə prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət  səfəri bu qardaşlığın ən parlaq nümunələrindəndir. Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bugünümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəflərin mesajlarını verdilər".

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bilidirib.

K.Bayramov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident İlham Əliyevin bütün çıxışlarının əsasında bu məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da  Prezident İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır: «Türkiyə və Azərbaycan iki qardaş ölkədir. «Bir millət, iki dövlət» düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik."

Deputat diqqətə çatdırıb ki, hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, birgə birlik nümayiş etdirib, sevinclərini, kədərlərini birgə bölüşüb. dünya bu qardaşlığın növbəti  nümunəsini Türkiyədə baş verən dəhşətli zəlzələ   zamanı müşahidə etdi. Azərbaycan hökuməti və xalqı  Türkiyə xalqının dərdini öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Dəstək yalnız  maddi və humanitar  köməklərlə öz əksini tapmadı. Siyasi müstəvidə özünü göstərdi, dövlət başçımızın təşəbbüsü ilə  Şuşada  keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə  Zirvə görüşü Ankarada keçirildi. Zirvə görüşünün ardınca İstanbulda «TEXNOFEST» Aerokosmik və Texnologiya Festivalı çərçivəsində  Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Dövlət başçımızın qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar.

K.Bayramov əlavə edib ki, dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlı oldu. Qeyd olundu ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Əlbəttə ki, bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək. Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaq, daha böyük  uğurlara nail olacaqlar.