15 İyun çoxəsrlik tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Bu onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsaslandırırlar. 15 iyun müstəqilliyimizin bərpasının başlanğıc günüdür. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Həmin illərdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığını görürük.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas oldu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider daim bu arzu ilə yaşayırdı ki, Azərbaycan dünyaya Günəş kimi doğsun. Məhz gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Azərbaycan Ümummilli Liderin arzu etdiyi Azərbaycan oldu. Günəş kimi parladı, davamlı uğurları ilə dünyanın diqqətində oldu. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Ölkəmizin bu gününə və gələcəyinə inam artdı. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Təbii ki, atılan hər bir addımın əsasında Ulu Öndər Heydər Əliyevin torpaq, Vətən sevgisi. Xalqına bağlılığı dayandı. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı bütün dövrlərdə aktuallığını qoruyaraq harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən Lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında Ulu Öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaq.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın mənzərəsini yaratmaqla yanaşı, Onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Qurtuluşdan başlanan yolun uğurlu davamı nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Artıq üç ildir bayramları, tarixi günləri Zəfər ruhunda qeyd edirik. 15 iyun tarixi ölkəmiz, xalqımız üçün ikiqat bayramdır. Bu tarixdə Azərbaycan və Türkiyə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan dünyaya müttəfiqliyini, qardaşlığını, dostluğunu rəsmi şəkildə bəyan etdi. İmzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsidir. Sevincli, kədərli anlarını daim birgə qeyd edən Azərbaycan və Türkiyə dünyaya qardaşlığın nümunəsini təqdim edirlər.
Bu gün Milli Qurtuluş Gününün 30 illiyini, Şuşa Bəyannaməsinin iki illiyini böyük sevgi, xoş ovqatla qeyd edirik. Möhkəm təməl uğurlarımızın davamlılığında stimulverici amildir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bundan sonra daha möhtəşəm uğurları ilə diqqətdə olacaq. Ulu Öndər Heydər Əliyev ilə başlanan, Prezident İlham Əliyev ilə davam edən siyasət Azərbaycanı ən qüdrətli, zəngin, qalib dövlətə çevirdi.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi