Bölgədə sülh və təhlükəsizliyin təminatında xüsusi yeri olan Azərbaycanla Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir. Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə və «Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması» çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında»” müqaviləyə əsasən atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Ölkələrarası hərbi əməkdaşlığın dərinləşməsi hər iki dövlətin milli maraqlarından irəli gəlir və perspektiv planlar qarşılıqlı əlaqələr sayəsində həyata keçirilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qardaş ölkənin eyni profilli müəssisələri ilə əməkdaşlığı da ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.
Dünyada gərginliyin gündən-günə artdığı bir zamanda «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması tarixi hadisə idi. Bütün sahələr üzrə inkişafın istiqamətlərinin yer aldığı Müttəfiqlik Bəyannaməsində hərbi əməkdaşlığın möhkəmlənməsinə də xüsusi diqqət göstərilib: «Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.»
Ermənistanın işğalından azad edilən torpaqlarımızın bərpasında, yol- nəqliyyat infrastrukturunun inşasında yaxından iştirak edən Türkiyə ilə hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə, yeni istiqamətlər üzrə davam etdirilir. Azərbaycanın əsgər və zabitlərinin Türkiyədə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq», «Efes-2022» çoxmillətli hərbi təlim-məşqlərdə iştirakı hər iki ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə göstərilən diqqətdir.
Bakıda və İstanbulda keçirilən «TEKNOFEST» festivalları gənclərin yaradıcılıqlarının təqdimatı olmaqla yeni nəsildə hərbi hazırlığa maraq oyadacaq mühüm tədbirlərdəndir. «TEKNOFEST» iştirakçılarının elmi düşüncələrinin nümunələri olan kəşfləri, cəsur pilotlarımızın səmada göstərdikləri tryüklar türk dünyasının həmrəyliyinin, hər iki ölkə gənclərinin elmdə də ön sıralarda yer almasının dünyaya çatdırılmasıdır.
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya dövlət səfəri tarixi hadisə kimi yaddaşlarda iz saldı. İyunun 13-də səfər çərçivəsində keçirilən mətbuat konfransında bütün sahələr üzrə münasibətlərin hər ki dövlətin maraqlarına uyğun davam etdiriləcəyi bir daha diqqətə çatdırıldı. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev mətbuata bəyanatlarla çıxış edərək əməkdaşlığın perspektivləri, qarşıda duran vəzifələr haqqında açıqlama verdilər. Siyasi, iqtisadi, ticari, təhsil, mədəni sahələri əhatə edəcək vəzifələr arasında hərbi əlaqələrin, hər iki ölkənin müdafiə qüdrətinin artırılmasının vacibliyi xüsusilə vurğulanıb.
Türkiyə-Azərbaycan birliyinin önəmini xatırladan Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində görüləcək planlar haqqında da məlumat verdi. Azərbaycan dövllətinin başçısı Güc amilinin söz sahibi olduğu müasir dünyamızda dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunmasının vacibliyinin birgə əməkdaşlıqdan asılı olduğunu da bildirdi: «Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm.»
Beynəlxalq hüququn çalışmadığını torpaqlarımızın Ermənistan tərəfindən işğalı dönəmində hər an hiss etdiyini vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, müzakirələrin, danışıqların heç bir nəticə vermədiyi məqamda Azərbaycan gücünü həm bölgədə, həm dünyada göstərdi. Bu gücə dəstək qardaş Türkiyədən gəldi.
İki qardaş ölkənin birliyinin sarsılmazlığı Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatında da açıqlandı: «Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik.» Prezident İlham Əliyevin «Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda «Bayraktar» Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir» sözləri isə hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir.
Xuraman İsmayılqızı, «İki sahil»