15 iyun 2023 02:13
795

Zəngəzur dəhlizi: Tarixin diktəsi, zamanın tələbi, qaçılmaz reallıq

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə əldə edilən möhtəşəm Qələbə sayəsində Azərbaycan regionda yeni reallılqar yaratdı. Prezident İlham Əliyevin gərgin, güclü və uzaqgörən diplomatiyası ilə bu reallıqlar beynəlxalq birliyin dəstəyini qazandı.

Tarixi və böyük strateji əhəmiyyət kəsb edən bu dəhliz dövlətimizin başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlara Böyük Qayıdışa əhəmiyyətli töhfələr verəcək, eləcə də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Şübhəsiz, bu unikal layihənin regionda yeni nəqliyyat imkanları yaratması Qərblə Şərqin, Cənubla Şimalın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, Azərbaycan-Türkiyə əlaqələrinin yüksəlməsinə böyük töhfələr verəcək, türkdilli dövlətlər arasında əməkdaşlığa yeni nəfəs gətirəcək.

Regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatçısı rolunu oynayan, Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə ilə, Orta Asiyanı Avropa ilə birləşdirəcək, Aralıq dənizindən dünyanın ikinci nəhəng iqtisadiyyatına sahib olan Çinə qədər nəhəng bir ərazini əhatə edəcək bu dəhlizin açılması tarixin diktəsi, zamanın tələbi, qaçılmaz reallıqdır. Prezident İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır: “Nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”. 

Bu gün dünyanın ayrı-ayrı güc mərkəzlərinin diqqətini çəkən Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə əlaqələndirəcək sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq. Dəhliz həm də Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmiryol şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib ki, Zəngəzur dəhlizi məsələsinin sürətlə həll edilməsi Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə imkan verəcək: “Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək”.

Bu gün bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün səylərini əsirgəməyən Azərbaycanın Ermənistanla sülhün əldə edilməsi, kommunikasiya xətlərinin açılması, eləcə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bütün dünyaya bəllidir. Ölkəmizin başçısı beynəlxalq tədbirlərin mötəbər kürsülərindən bunları dəfələrlə bəyan edib. Ona görə də Zəngəzur dəhlizi reallaşdıqdan sonra regionun mənzərəsini dəyişəcək, Asiyadan Avropaya qədər geniş bir bir əraziyə rifah, inkişaf gətirəcək Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür və dəstəkləyirlər. Bu səbəbdən də istər Azərbaycanla sülh əldə edilməsi, istərəsə də Zəngəzur dəhlizinin açılması məsələsində nala-mıxa vuran Ermənistanın və ona dəstək verənlərin, xüsusilə İranın müqaviməti əbəsdir.

Yeri gəlmişkən, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İranın Zəngəzur dəhlizi ilə mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar”.

Təbii ki, Ermənistanın və ona qahmar çıxanların qırx dörd günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda inkişafının yeni mərhələsinə qədəm qoyan, beynəlxalq münasibətlər sistemində mövqeyini gündən-günə möhkəmlədən Azərbaycanla baş-başa gəlmələri mümkün deyil. Bu reallığı tanınmış beynəlxalq ekspertlər də etiraf edirlər. Rusiyalı jurnalist, Fond Bazarı və İdarəetmə İnstitutunun baş iqtisadçısı Mixail Belyayev bildirib ki, obyektiv olaraq bu gün Azərbaycan sürətlə inkişaf edən nəqliyyat-logistika qovşağı, Şərqlə Qərbin kəsişdiyi dövlət, müxtəlif nəqliyyat marşrutlarının kəsişdiyi nöqtədir: “Bundan əlavə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan obyektiv və qeyd-şərtsiz olaraq təkcə regionda deyil, beynəlxalq aləmdə də öz statusunu yüksəltdi. Bakı öz inkişafını genişləndirdi və bununla da dünyanın müxtəlif yerlərində fərqli aktorlarla qarşılıqlı əlaqəyə, beynəlxalq proseslərə təsirini artırdı”.

Vaxt gedir, zaman Ermənistanın əleyhinə işləyir. Ona görə də bu ölkənin rəsmiləri qısa müddtədə əsassız iddialarından əl çəkməli, müxtəlif bəhanələrlə vaxtı uzatmaq taktikasından imtina etməli, proseslərin sürətlənməsi üçün iradə nümayiş etdirərək götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.

Zahid Rza, “İki sahil”