14 iyun 2023 16:10
780

Önəmli mesajlar və strateji vurğular

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri başa çatıb” - kimi sözləri deyib səhifəni çevirməyə tələsməyin. Bu, sadəcə qardaş ölkənin rəhbərinin Azərbaycana önəmli səfəri deyil, bu səfər ilk növbədə dünyanın siyasi xəritəsində bütün regionumuzun gələcək statusunu dəyişdirən səfərdir. Yeni geosiyasi xəritənin cızılması prosesi davam edir. Bütün şərhlərdə ilk növbədə səfər çərçivəsində təşkil olunmuş brifinqdə səsləndirilmiş mesajların strateji məzmununa diqqət yetirilməlidir. Mesajlar mütləq olaraq perspektiv müstəvidə təhlil olunmalıdır. Unutmayaq ki, bu gün yaşadığımız və fəxr etdiyimiz reallıq da zamanında perspektivə yönəlmiş siyasətin və qəbul olunmuş qərarların nəticəsidir. Şərhlər səsləndirilmiş mesajların bütün strateji yükünün qorunmasına xidmət etməlidir. Şərhlərin bəsitliyi mesajların təhrif olunmasına gətirib çıxara bilər.   

Bir köşə yazısının formatına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən brifinq zamanı səsləndirilmiş bəzi mesajların strateji vurğularına diqqət yetirək.

Mesaj 1: “Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”. Bu, sadəcə qardaşlıq mesajı deyil. Sözügedən mesaj dolayısı ilə ona işarə edir ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyə vahid aktor kimi çıxış edirlər. Odur ki, regiondan keçən bütün qlobal layihələrdə həm Türkiyənin, həm Azərbaycanın milli maraqları mütləq olaraq nəzərə alınmalıdır.

Mesaj 2: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular”. Bəli, sözügedən Bəyannamənin məhz Şuşada imzalanması faktının böyük rəmzi mənası var. Bəyannamənin məhz Şuşada imzalanması həm də Böyük Qələbəmizin növbəti beynəlxalq rəmzidir. Ancaq ehtimal edə bilərik ki, Bəyannamə həm də hər iki ölkənin beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsinin rəmzidir. Sözügedən mesaj həm dost olan ölkələrə, həm də bizə düşmən gözü ilə baxan ölkələrə yönəlib. Eyni zamanda, bu amil o deməkdir ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlar müstəvisində artıq bir yox, iki səsə malik olacaqlar. Əslində, Prezident İlham Əliyev sözügedən fikri açıq şəkildə səsləndirmişdir: “Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər”.

Mesaj 3: “Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir”. Sözügedən mesaj beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirir ki, münasibətlərimizin konkret strategiyası və konkret müəyyən olunmuş prioritet planları da mövcuddur. Dünyada baş verən hadisələr fonunda bu mesaj o deməkdir ki, geosiyasi təlatümlər, münaqişələr və dəyişiklər heç bir halda Azərbaycan-Türkiyə tandeminin strateji prioritetlərinə təsir edə bilməz. Odur ki, bu mesaj həm də güc mesajıdır.

Mesaj 4: “Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.” Ehtimal etmək olar ki, qeyd olunan mesaj təxribatçı qüvvələrə yönəlibdir. Azərbaycanda və Türkiyədə siyasi sabitliyi pozmaq arzusunda olan beynəlxalq qüvvələrə açıq şəkildə bildirilir ki, regionun, habelə region ölkələrinin və iqtisadi layihələrin gələcək inkişafı bilavasitə hər iki ölkədə yaşanan siyasi sabitliyin qorunmasından asılıdır.

Mesaj 5: “Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək”. Sözügedən mesaj ordumuzun gələcək inkişaf modeli ilə bağlı olan bütün suallara olduqca konkret cavabdır. Mesaj milli Ordumuzun inkişaf strategiyasını müəyyən edir və Azərbaycanın hərbi əməkdaşlıq vektoruna da aydınlıq gətirir.

Mesaj 6: “Beynəlxalq hüquq çalışmır.” Qeyd olunan mesajın siyasi interpretasiyası ondan ibarətdir ki, beynəlxalq hüquq çalışmadığı yerdə və münasibətlərdə “ikili standartlar” hökm sürdüyü bir şəraitdə qardaş ölkələrin milli maraqları güc hesabına təmin olacaqdır. Bu, həmçinin o deməkdir ki, bəzi beynəlxalq qüvvələrin Azərbaycan və Türkiyə ilə güc dilində danışmaları yolverilməzdir və mümkünsüzdür.

Mesaj 7: “Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır.” Qeyd olunan mesajın şərhi ondan ibarətdir ki, enerji böhranı yaşayan Avropa anlamalıdır ki, Azərbaycanda və Türkiyədə siyasi sabitliyin qorunması məsələsi artıq onların da milli maraqlarına daxildir.

Mesaj 8: “Zəngəzur dəhlizinin açılması qaçılmazdır.” Əslində, sözügedən mesaj bir xatırlatmadır ki, Azərbaycan və Türkiyə bütün təzyiqlərə rəğmən öz strateji prioritetlərindən vaz keçməyəcəklər və qərarlarında israrlıdırlar. Bu cür davamlılıq və prinsipiallıq beynəlxalq ictimaiyyəti “Zəngəzur dəhlizi” layihəsi ilə qəbullanmağa məcbur edəcəkdir.

Mesaj 9: “Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır.” Nəzərə alınmalıdır ki, bu, sadəcə növbəti hər-hansı birgə obyektin inşası ilə bağlı olan layihə deyil. Türkiyə-Azərbaycan birgə universitetinin strateji təyinatı iki qardaş ölkə və millətin arasında humanitar həmrəyliyin rəmzinə çevrilməkdən ibarətdir. Məhz humanitar həmrəylik qardaşlıq əlaqələrimizi müxtəlif risk və təhdidlərdən qoruya biləcəkdir.

Hətta bu cür kiçik təhlil isbat etməyə əsas verir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq öz Vətənini və xalqını sevən hər bir vətəndaş Prezident İlham Əliyevin səsləndirdiyi bu mühüm mesajları məhz sözügedən müstəvidə qəbul etməli və hətta bu cür konteksti müxtəlif qərəzli şərhlərdən müdafiə etməlidir.

A.Adil,
Politoloq