Azadlıq və müstəqillik hər bir xalqın əldə edə biləcəyi ən böyük nemətdir. Baxımsız və suveren dövlətə sahib olmaq heç də hər bir xalqa nəsib olmur. Taleyin hökmü ilə 1918-ci il 28 mayda öz dövlət müstəqilliyinə qovuşmuş xalqımız, 71 illik sovet müstəmləkə əsarətindən sonra 1991-ci ilin 18 oktyabrında yenidən müstəqilliyi bərpa etdi. Həmin illərin siyasi təlatümləri gənc respublikamızı bir çox ciddi çətinliklərlə üz-üzə qoymuşdu. Sovet dövründən qalma iqtisadi əlaqələr qırılmış, dərin iqtisadi tənəzzül baş vermişdi. Ən böyük problem isə heç şübhəsiz ki, torpaqlarımıza qarşı silahlı erməni təcavüzü idi.
Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə ölkəmizə səriştəsiz, şəxsi maraqları milli maraqlardan üstün tutan, idarəçilik bacarığı olmayan, dövlətçilik maraqlarımızı dərk edə bilməyən şəxslərin rəhbərlik etməsi vəziyyəti daha da çətinləşdirmişdi. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəyin bahasına olursa- olsun yalnız hakimiyyəti əldə saxlamağı düşünərək xalqımızı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuş, vəziyyəti faciə həddinə gətirmiş və günahsız insanların həlak olmasına şərait yaratmışdılar. Belə bir məqamda artıq hər bir Azərbaycan vətəndaşı çox gözəl anlayırdı ki, xalqımızı bu çətin vəziyyətdən ancaq və ancaq böyük siyasi təcrübəyə, fenomenal liderlik bacarığına malik olan dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə Ulu Öndərin Azərbaycan Respublikasında hakimiyyətə qayıdışı xalqımızın və dövlətçiliyimizin xilası demək idi. Həmin gün tariximizə Qurtuluş günü kimi daxil oldu. Ümummilli Liderimizin xilaskarlıq missiyası ölkəmizi məhvolmaqdan və parçalanmaqdan xilas etdi. Bununla da Ulu Öndər Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə, Vətənin və xalqın xilaskarı kimi yazdı.
Ulu Öndər Heydər Əliyev dünya tarixində bəlkə də ən nadir şəxsiyyətlərdən biri idi ki, milli lider və siyasi lider keyfiyyətlərini özündə cəmləşdirmişdi. Xalqın öz liderinə olan inamı, dəstəyi sonsuz, etimadı isə möhkəm və sarsılmaz idi. Belə bir liderlik bəşər tarixində çox az-az hallarda rast gəlinən unikal haldır. Ümummilli Liderimiz üzərinə götürdüyü xilaskarlıq missiyasını böyük müvəffəqiyyətlə yerinə yetirdi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti Vətənimiz Azərbaycanı böyük bəlalardan xilas etdi və ölkəmizin davamlı inkişaf kursunu müəyyənləşdirdi.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü il tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi yeni-yeni uğurlara, qələbələrə doğru aparır. Artıq Azərbaycan Respublikası dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu günü-gündən artan dövlətə çevrilib. Həm də qalib bir dövlətə.

Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini