İran qeyri-səmimiliyini davam etdirməklə heç nəyə nail ola bilməz
Üç ildir bizə əllərindən gələn yamanlıqları əsirgəməyən İranın molla rejimi Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılmasını istəyir. Bu məqsədlə İran və Azərbaycan xarici işlər nazirləri vaxtaşırı telefonla danışırlar. İranın baş diplomatı danışıqlarda özünü elə aparır ki, sanki heç nə olmayıb. Halbuki, iki il yarımdan coxdur ki, İran Azərbaycana qarşı "soyuq müharibə" aparır, hədələyir, şantaj və təhdid edir. Tehrandakı səfirliyimizə hücum oldu, səfirlik əməkdaşı öldürüldü, maddi-mənəvi ziyan vuruldu. Belə ağır hadisədən sonra İran yenə də özünü qaba apardı. Qonşu ölkədə səfirliyin bağlı qalması Azərbaycanın da maraqlarına cavab vermir. Ancaq Tehran səfirliyimizin açılması üçün hələ də zəruri addımlar atmayıb.
İndiyədək səfirliyimizə qarşı törədilən terror aktının araşdırılması ilə bağlı səhih məlumat yoxdur. Sanki dövlətin paytaxtında, səlahiyyətli mollaların burunlarının ucunda qətl hadisəsi baş verməyib. Özü də qonşu dövlətin Tehrandakı mühüm bir qurumunda.
Həmçinin cinayətkarın həbsdə olub-olmaması, təhqiqat işinin aparılıb-aparılmaması da bəlli deyil. Səlahiyyətli mollalar məkrli susqunluqları ilə hər şeyi məxfi saxlamağa çalışırlar. Təəccüb doğurur: Bu, konkret cinayət hadisəsidir, dövlət sirri deyil. Bəs nə üçün bu qədər gizli saxlanılır? Bunun sirr kimi möhkəm saxlanması şübhə yaradır, "işin içində iş" olması anlamına gəlir. Rəsmi Tehran səfirlik binamızın və diplomatlarımızın təhlükəsizliyinə tam təminat verməlidir. Çünki səfirliyimizə terror hücumunun görüntülərindən aydın oldu ki, binanın ətrafındakı mühafizə polisləri hücumun qarşısını almaq üçün heç cəhd də etməyiblər. Əksinə, terrorçuya özləri şərait yaradıblar. Təbii ki, bu cür davranışlar İrana olan inamı kökündən sarsıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan və İran xarici işlər nazirləri son telefon danışığı zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımlar barədə razılığa gəliblər. Tehran bununla “İki ölkə arasındakı gərginlikləri həll etmək mümkün deyilsə, heç olmasa, onları idarə etmək lazımdır ki, vəziyyət indikindən də pis olmasın” demək istəyib. Əlbəttə, Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması və səfirimizin Tehrana qayıtması gərginliyi nisbətən azalda bilər. Ancaq bu addım kifayət deyil. Tehran Azərbaycanın daxili işlərinə qarışmaqdan, şər-şəmətadan, təhdiddən, hədə-qorxu gəlməkdən birdəfəlik imtina etməlidir. Yoxsa Azərbaycan Respublikası əvəzinə "Bakı Resoublikası" deməklə könül bulandırmaq lazım deyil.
Bəs bütün bu olaylardan sonra rəsmi Tehran hədə-qorxu və təhdid siyasətindən imtina etməyə hazırdırmı? Təəssüf ki, buna müsbət cavab vermək olmaz. Çünki buna dəlalət edən heç bir sübut yoxdur, əksinə, İranın daxili işlər naziri bu günlərdə Azərbaycan əleyhinə hədələyici açıqlamalar səsləndirib. Rəsmi Tehran Azərbaycanla münasibətlərdəki “gərginliyi idarə etməyə” həvəslidirsə yüksək çinli məmurlarını, deputatlarını və mollalarını Azərbaycan əleyhinə mənfi fikirlər söyləməkdən, hədələyici və şantaj xarakterli açıqlamalar verməkdən çəkindirməlidir. Bu olmadıqca nə gərginliyi ortadan qaldırmaq, nə də həmin gərginliyi “idarə etmək” mümkün olacaq. İndi İran iki yolun ayrıcındadır, hansı yolu seçəcək, bu, onun öz işidir. Ancaq hökmən bir yol seçməlidir. Onsuz da dünyada dostu olmayan İran bu qədər nala-mıxa vurmaqla olan-qalan imicinə də balta çalır.
Vəli İlyasov, "İki sahil"