13 iyun 2023 17:21
501

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

İki il bu tarixdən öncə, yəni 2021-ci il iyunun 15- də “İki qardaş və dost cümhuriyyətlər arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə silahdaş və strateji tərəfdaş olan  ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində  Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində  “Azərbaycan- Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq konfrans iştirakşılarına məktubla müraciət edib.  Cənab Prezident qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan  15 İyun - Milli Qurtuluş  Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

Düz iki il öncə Şuşa  şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında  müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın  yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu  Bəyannamə iki qardaş  ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış  Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.  Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və  Heydər Əliyevin kəlamları öz əksini tapıb. 

Ötən əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi ki,  “Azərbaycanın kədəri –kədərimiz, sevinci- sevincimizdir”. XX əsrin  sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, “Türkiyə və Azərbaycan  bir millət, iki dövlətdir”  XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın  və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri bəyannamədə öz əksini tapmışdır. Eyni zamanda tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu böyük tarixi naliyyətdir. Bu bir daha göstərir ki  Azərbaycan  və  Türkiyə  bundan sonra da bir birinin təhlükəsizliyini təmin edəcəkdir.  Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat yayihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı  ifadələrin çox açıq şəkildə bəyannamədə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci  Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur. 

Ölkəmizin işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları  Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, azərbaycan tək deyil. Bu həm  Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək  fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. 

Şuşa  Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında  2021-ci il iyunun 15 -də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir:   “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir:“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Zülfiyyə Bayramlı,

YAP Yevlax rayon təşkilatının fəalı