2021-ci il iyunun 15-i Azərbaycan tarixində yada qalan, unudulmaz, əlamətdar bir gün kimi qalacaq. Azərbaycan üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək tariximizin yaddaşında mühüm tarixi hadisə kimi həkk olundu.
Dünyada soyuq müharibələrin getdiyi və beynəlxalq hüququn ayaqlar altına atıldığı bir zamanda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın diplomatik qələbəsidir. Yerləşdiyimiz regionun coğrafi mövqeyini, təbii sərvətlərinin zənginliyini, şərqdən Xəzər, qərbdən Qara dənizlə əhatələndiyini nəzərə alaraq deyə bilərik ki, Cənubi Qafqaz hər bir imperialist dövlətin sahib olmaq istədiyi bölgələrdəndir. Xüsusilə, regionda Ermənistan və İran kimi ölkələrin yerləşdiyini nəzərə alsaq görərik ki, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyini təhdid edənlərin qarşısında qalxan rolunu oynayır.
Şuşa Bəyannaməsi Azərbaycanın müasir tarixində xarici siyasətində əldə etdiyi ən böyük uğurlarından biridir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə, əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq belə demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaradılmasını zərurətə çevirir. “Zəngəzur dəhlizi”nin reallaşması ilə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyur.
Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi sənədlə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edir.
44 günlük Vətən Müharibəsi və ondan sonrakı müddətdə Azərbaycanın zəfərini qəbul etməyən qüvvələr ölkəmizə qarşı çirkin kampaniyaya başlamışdılar, hətta bizimlə təhdid dililə danışanlar da oldu. Hərbi qüvvələrini Azərbaycanla sərhədə cəmləşdirən, ölkəmizi Qarabağda azad etdiyi ərazilərdən geri çəkilməyə “səsləyən”, “Ermənistan bizim üçün qırmızı çizgidir” deyən həmin qüvvələr məhz Azərbaycan-Türkiyə qardaşlığının qarşısında geri çəkilməyə məcbur oldular.
Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Şuşa Bəyannaməsinin gələcək taleyinə daha da parlaq işıq saldı, sənədin etibarlı, işlək sabahı haqqında bizdə fikir formalaşdırdı. Cənab Prezident İlham Əliyevin Cənab Ərdoğanın andiçmə mərasiminə dəvət olunması və onun Türkiyədə isti qarşılanması ölkələrimiz arasında bağların qırılmazlığından xəbər verir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı