Avropada ermənilərin əsas dayağı olan Fransa zaman-zaman daşnaklara, onların Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına dəstək verməklə ermənipərəst mövqeyini nümayiş etdirib və Emmonuel Makronun hakimiyyəti dövründə bu istiqamətdə daha genişmiqyaslı iş aparır. Son zamanlar Fransanın aparıcı mətbuat orqanlarında ölkəmizə qarşı yönəlmiş təxribat xarakterli yazılar da bunu deməyə əsas verir. Belə ki, Fransanın "Le Figaro" qəzetində Azərbaycana qarşı əsassız fikirlərin yer aldığı məqalə dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycanda guya "dünyanın ən avtoritar rejimlərindən biri" hökm sürür. Bunun ardınca Fransanın "La Gazette" onlayn qəzetində “Le Figaro”da dərc edilmiş ölkəmizə qarşı əsassız fikirlərin yer aldığı yazıya cavab olaraq məqalə dərc olunub. Məqalədə deyilir: “…artıq neçənci dəfədir ki, fransız mətbuatından Azərbaycanda guya "dünyanın ən avtoritar rejimlərindən biri" olduğunu "öyrənirik". 1998-ci ildə İrəvanda insanlar parlamentin zalına soxularaq pulemyotdan deputatları güllələmişdilər. 2018-ci ildə bu şəhərin küçələrində polis nümayişçilərə atəş açmış və onlardan bir neçəsini ölümcül yaralamışdı. Bəs Azərbaycanda hökumətin buraxdığı qan izləri hardadır?", - materialda deyilir.
Qeyd olunduğu kimi, yaramaz "tədqiqatçı" Azərbaycanda guya hakimiyyət bölgüsünün olmadığını iddia edir. "Budur, sizin üçün respublika əxlaqı: prezident Makron necə, hakimiyyəti bölüşür? Milyonlarla insan aylardır ki, pensiya islahatına qarşı küçələrə çıxır, bəs nəticəsi nədir? Yoxdur. Yalnız qançırlar və Konstitusiyanın 49.3-cü maddəsinin tətbiqi. Prezident Ollandın dövründə milyonlarla insan eynicinsli nikahlara qarşı nümayişlərə çıxmışdı. Nəticəsi nə oldu? Qançırlar, qazla zəhərlənmə. Yeni qanuna isə səs verildi. Qətiyyətlə..! "Le Figaro" qəzetinin hörmətli redaktoru, hakimiyyət heç vaxt bölüşdürülmür, institut və qanunların hüquqi çərçivəsində həyata keçirilir", - materialda deyilir.
Materialda Azərbaycanın 1991-ci ildə müstəqillik qazandığı ilk illərdən müharibə vəziyyətində olduğu xatırladılır: “Sadəcə fövqəladə vəziyyət deyil, müharibə vəziyyəti. Ölkə ərazisinin iyirmi faizi işğal olunmuşdu, bir milyona yaxın qaçqın və məcburi köçkün isə etnik təmizləmə travması yaşamışdı. 1940-cı ildə Fransanın kapitulyasiyasının nəticələri yalnız bir neçə həftə çəkmişdi və insanlar öz evlərinə qayıda bilmişdilər. Azərbaycanın vəziyyətində isə insanlar evlərinə qayıda bilməmişdilər. Bu şok vəziyyətinə baxmayaraq, hökumət qan tökmədi. Heç kim "Sarı jiletlilər"in demokratik respublikasında olduğu kimi nə gözündən, nə də əlindən olmadı. 1914-1918-ci illər ərzində müharibə dövründə Fransada müxalifətin hansı azadlığı var idi? Bütün danışıqlar milli birlik barədə idi. Məqalələrdə, qəzet və kitablarda böyük boşluqlar var idi, senzura gizlədilmirdi. Otuz il müddətində müharibə vəziyyətində olan Azərbaycanda isə bu barədə eşidilməyib. "Le Figaro" qəzetinin cənab redaktoru, xatırlayırsınızmı, fransız pasifistlərinin lideri Jan Jores 1914-cü ildə müharibə elan olunmazdan əvvəl öldürüldü? Azərbaycanda isə heç bir pasifit tapançadan güllələnməyib. Cənab redaktor, bir daha deyirik, bacarırsınızsa və qəzetinin redaksiyası sizə icazə verərsə öz problemlərinizlə məşğul olun. Biz kütləvi informasiya vasitələrinin qaralanmasına və otuz il ərzində məruz qaldığımız digər formada ədalətsizliyə öyrəşmişik. Sizin yazdığınız bayağılıqlar sizə qədər min dəfə təkrarlanıb və heç bir təsirə malik deyil. Həqiqəti və ədaləti sarsıtmaq elə asan deyil..."
Göründüyü kimi, “siyasi mədəniyyət”, “demokratiya” barədə başqa ölkələrə “mühazirə” oxuyan bu ölkə özü ən böyük qeyri-demokratik mənzərəyə sahibdir. Son olaraq Fransada baş verənlər qoca qitədəki demokratiya anlayışının əsl mahiyyətini ifşa etdi. Fransız polisi ötən ilin noyabrında ölkədə baş verən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmağa çalışdı. Bu isə təəccüb doğurmadı. Çünki son bir neçə il ərzində keçirilən nümayişlərdə, həmçinin "sarı jiletlilər" aksiyasında da belə mənzərənin şahidi olmuşduq. Fransızların müstəmləkəyə çevirdiyi xalqlara qarşı törətdikləri vəhşiliklər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri, xüsusən Fransa siyasi dairələrinin hələ də kolonializm təfəkküründən imtina etməməsi, keçmiş müstəmləkəsi olan ölkələrə qarşı hökmdar kimi davranmaqda davam etməyə cəhd göstərməsi onun etibarsız və suverenliyə hörmət etməyən dövlət imicinin formalaşmasına səbəb olub. Yürüdülən bu özündənrazı, təkəbbürlü, hikkəli və haqsızlığı müdafiə siyasəti səbəbindən Fransa beynəlxalq aləmdə nüfuzunu itirməkdədir. Bu ölkə üçün həyati vacib məsələ sayılan Afrikanın şimal və mərkəzi bölgələrini, habelə Aralıq dənizi hövzəsini Türkiyə və Çinlə rəqabətdə uduzması də bunu təsdiqləyir.
Sevinc Azadi, “İki sahil”