Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti dövlət səfəri iki ölkə arasında yeni əməkdaşlıq imkanları yaradacaq
2023-cü il mart ayının 14-ü və 28-də keçirilmiş iki turdan ibarət seçkilərdə 52.16 faiz səslə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğan öz ənənəsinə sadiq qalaraq ilk xarici səfərləri çərçivəsində Şimali Kipr Türk Respublikasından sonra dünən Azərbaycana dövlət səfərinə gəlib. Dəyişən və qloballaşan dünya bu gün bir daha Türkiyə ilə Azərbaycan arasında sarsılmaz birliyin və strateji müttəfiqliyin daha yüksək mərhələyə qədəm qoymasının şahidi olacaq. Ərdoğanın bu səfəri, eyni zamanda, regionda və dünyada yeni güc mərkəzinə çevrilmiş Türkiyənin Azərbaycana verdiyi dəyərin göstəricisidir. Səfər çərçivəsində keçiriləcək görüşlərdə müasir dövrdə Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı da fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Bu, iki qardaş ölkənin dünyada və bölgədə baş verən siyasi proseslərdə söz sahibinə çevrildiyinin sübutudur. Məhz bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi, enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.
Bu gün bu münasibətlərin mövcudluğuna sevinən və ya bundan narahat olan hər kəs qəbul edir ki, tarixi dostluq, qarşılıqlı etimad və səmimi qardaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri öz inkişaf tempi ilə yüksək səviyyəli əməkdaşlığın bənzəri olmayan nümunəsinə çevrilib. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, həm sevincli, həm də kədərli günlərdə biri digərinin yanında olmağı özünün qardaşlıq borcu bilib. Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq müstəvidə bir-birinin haqq səsinin çarçısına çevrilib.
Müasir geosiyasi şəraitdə etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətləri daha da möhkəmləndirməsi, əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dostluğu bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatmaqda və çoxşaxəli sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü xətt bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, ölkələrimizin dostluq və qardaşlığının dərinləşməsinə nail olunub. Azərbaycan-Türkiyə birliyinnin bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsi Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Türkiyə müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib.
Bununla yanaşı, hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmi şəxslərinin vaxtaşırı qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün bunlar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb və müxtəlif sahələrdə müqavilələrin imzalanmasına, sazişlərin bağlanmasına gətirib çıxarıb.
Uzun illər erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti haqlı mübarizəsində Azərbaycana birmənalı şəkildə açıq dəstəyini ifadə edib. Müharibənin gedişinə müdaxilə etmək fikrində olan bütün əks qüvvələrin, ermənipərəst dairələrin dayandırılmasında məhz bu dəstək çox ciddi rol oynadı. Vətən müharibəsi dövründə yalnız Türkiyə hakimiyyəti deyil, bütün türk xalqı dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdi, mənəvi baxımdan savaşın hər anını Azərbaycanla birgə yaşadı. Bu baxımdan 44 gündə əldə edilən şanlı Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyənin və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir.
Qarabağdakı tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar, həmçinin Azərbaycanla Türkiyə arasında əlaqələrin arzuolunan formada inkişafı ötən əsrin əvvəllərində imzalanmış Qars müqaviləsindən də üstün sənədin ortaya qoyulması zərurətini doğuraraq bir-birinə ayrılmaz tellərlə bağlı olan iki türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən, hüquqi çəkisi daha ağır və əhatəli olan sənədin imzalanmasını diktə edirdi. Bu baxımdan 2021-ci il iyunun 15-də Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sarsılmaz birliyin, qardaşlığın ruhundan doğan, ölkələrimiz arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmağı hədəfləyən, regionda mövcud siyasi-iqtisadi münasibətlərin təməlini qoyan mühüm sənəddir.
Yeri gəlmişkən, Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümü günlərinə təsadüf etməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində qardaş ölkə yaxından iştirak edir.
Türkiyə, həmçinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasını da dəstəkləyir. Məlum olduğu kimi, bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Bu baxımdan Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallığa çevrilməsi hər iki dövlətin birgə prioritet istiqamətidir.
Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, eyni zamanda, bölgədə sabitliyin və sülhün bərqərar olmasına, xalqların birgə və rahat yaşamasına töhfə verir. Bunu istər regionda, istərsə də dünyada hər kəs dərk etməlidir. Hamı bilməlidir ki, Türkiyə ilə Azərbaycan dostlara münasibətdə bir olduğu kimi, düşmənə qarşı da əbədi olaraq birdir, bir yerdədir. Bu baxımdan qardaş ölkə Prezidentinin ölkəmizə dövlət səfəri birliyimizin daha da möhkəmlənməsi, sarsılmaz dostluğumuzun dərinləşməsi yolunda atılmış mühüm addımdır.
Mahir Rəsuloğlu, “İki sahil”