13 iyun 2023 01:14
465

Tofiq Yaqubluya xitabən: “Vətənin ne’məti nisyan olmaz, Naxələflər ona qurban olmaz”…

Coğrafiya deyilən bir elm var. Bu qədim elm sahəsinə görə Vətən yalnız coğrafi məkan deyil. Bəs onda Vətən nədir? Bu barədə çox yazmaq, çox demək olar. Ancaq Vətən böyük vətənpərvər şairimiz Abbas Səhhətin yazdığı kimi, “Vətən-əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir”.

Min illərdir ki, ana Vətənimizin hər qarış torpağı şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Vətən min illərlə babalarımızın müqəddəs məzarı, körpələrimizin nənnisi-beşiyidir. Azərbaycan xalqı Vətənə və torpağa tükənməz sevgisiylə, mərdliyi, cəsarəti və şücaəti ilə daim səyyahların, əcnəbi qonaqların diqqətini cəlb edib. Ulu babalarımızın bu yüksək vəzilətləri məhz həmin səyyahların, çələbilərin, salnaməçilərin xatirələrində, səyyahnamələrində əbədi həkk olunub…

 Ulu babalarımız deyərdi ki, Vətən sevgisi, insana südü ilə, necə deyərlər, qanı ilə, geni ilə gəlir. Mərdlər bu müqəddəs torpağı sevər, namərdlər, əhdinə xilaf çıxanlar onun dəyərini bilməz, keçi qiymətinə satarlar. Belə naxələflərdən biri də hamımızın yaxşı tanıdığı, sözdə Vətən “eşqi ilə alışıb yanan”, əməldə isə bu müqəddəs torpağa, çörəyini yeyib, havasını udduğu cənnət-məkana xəyanət edən, “Milli Şura” adlı şərin qulluğunda dayanan bir qurumun əsas sima (sız) larından olan Tofiq Yaqubludur.  

Əslində bu adam haqqında yazmaq, ona vaxt sərf eləmək bəlkə iqtisadiyyat elminin dili ilə desək, izafidir. Ancaq söhbət, türk dünyasının böyük övladı, böyük vətənpərvər-əsgər, mütəfəkkir-qurucu Mustafa Kamal Atatürkün türk xalqının yeddi devlə mübarizə apardığı qurtuluş savaşı zamanı söylədiyi kimi, “Söhbət Vətəndən gedirsə, geriyə qalanı təfərrüatdır” sözlərini xatırlayarkən bu saxta “demokrat”, psevdovətənpərvər haqqında bir neçə kəlmə yazmadan sakitləşmək olmur.

Təbii ki, Tofiq Yaqublu deyiləndə ağlımıza ilk gələn xəyanət, satqınlıq və ikiüzlülük olur. Vaxtilə Müsavat partiyasının rəhbərliyində təmsil olunan bu şəxs təşkilatın qurultayında bu qurumun başqanlığını ələ keçirə bilmədiyindən dağıdıcı müxalifətin əsas rıçaqlarından olan, AXCP sədri Əli Kərimlinin patronajlığı altında antimilli fəaliyyəti ilə ictimaiyyətimizin yaxşı bələd olduğu “Milli Şura adlı amorf bir quruma sığındı. Və nə qədər parodaksal olsa da Ə.Kərimlinin tövsiyəsi və yardımı ilə bu qurumun Koordinasiya Mərkəzinə üzv oldu. Sual oluna bilər ki, burada parodoksal nə var? Təbiidir. Ancaq parodoksallıq və ya irrasionallıq orasındadır ki, həmin bu T.Yaqublu bir vaxtlar, yəni ötən əsrin 90-cı illərində - o təlatümlü zamanlarda sabiq prezident Əbülfəz Elçibəyə qarşı impiçment məsələsindən danışarkən konkret olaraq bu işlərdə  AXC-Müsavat hakimiyyətində ən yüksək vəzifələrdən birini tutan Əli Kərimlini ittiham edirdi.

Dahası da var. Bu da ondan ibarətdir ki, bir müddət əvvəl “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü həmin Tofiq Yaqublunun bu qurumun üzvü Gültəkin Hacıbəylinin və Ə.Kərimlinin haqqında şok ittihamları özündə əks etdirən səsyazısı yayılmışdı. Həmin səsyazısında bildirilirdi ki, Ə.Kərimli bu gün dəsmal götürüb ağladığı Ə.Elçibəyin hakimiyyətinin devrilməsinin qərarını özü hazırlayıb. T.Yaqublu, həmçinin necə deyərlər,”Milli Şura”da “çiyin-çiyinə” durduqları, gündə bir partiya dəyişən Gültəkin Hacıbəyli haqqında da xoşagəlməz ifadələr işlədir, ona etiraz edirdi.
Ən acınacaqlısı odur ki, 90-cı illərdə siyasətə qəsəbə çaynaxalarından gələn, bu gün də küçə psixologiyası ilə hərəkət edən, xaricdəki ağalarından aldğı tapşırıqla xalqı küçələrə çağırsa da, tərəfdar toplaya bilməyərək öz məqsədinə nail olmayan T.Yaqublu bütün bunların qisasını, necə deyərlər, çörəyini yediyi Vətənindən almaq yolunu tutur. Biz qırx dörd günlük Vətən müharibəsi zamanı bunların canlı şahidi olmuşuq. Bundan başqa, ictimaiyyətimiz 2021-ci il iyunun 15-də Qarabağın tacı olan Şuşada imzalanan, Azərbaycanın və Türkiyənin düşmənlərinə ciddi mesaj olan, iki qardaş ölkə arasında bütün sahələrdə inteqrasiyanın əsl nümunəsi sayılan, həmçinin region üçün yeni tarixi gerçəkliklər doğuran Şuşa Bəyannaməsi”haqqında T.Yaqublu kimi antimilli ünsürün dediklərini də unutmayıb. Bu xəyanətkar həyasızcasına ermənipərəst dairələrin dili ilə Şuşa Bəyannaməsini söz şöləni adlandırır.

T.Yaqublu kimi xəyanətkarın, satqın, Azərbaycan, Türkiyə əleyhdarı bir ünsürün bu ilin əvvəlində qardaş ölkədə baş verən zəlzələ barəsində  xaricdəki sorosçu ağalarının sifarişi ilə söylədiyi  əsassız böhtanlar isə siyasi əxlaqsızlığın, deqradasiyanın və ermənipərəstliyin pik nöqtəsi idi. Həmin günlərdə bu “milli şuraçı”, xəyanətkar sorosçu xaricdəki ağalarının sifarişi ilə ictimai rəyi çaşdırmaq, Prezident Rəcəb Tayyib Ərdoğan hökumətini nüfuzdan salmaq üçün yazırdı ki, Türkiyədəki minlərlə qurban zəlzələdən daha çox pis idarəçiliyin qurbanları olub.

Daha nə deyəsən? Əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çabalayan T.Yaqublu kimi antimilli ünsürlərdən bundan artıq nəsə gözləmək olmaz. Siyasi əxlaqsızlıq, mənəviyyatsızlıq, xəyanətkarlıq, antimillilik və anti-Türkiyəçilik bu şəxsin düz iliyinə qədər işləyib.

Bütün bunların fonunda demək istərdik ki, dahi şairimiz Abbas Səhhətin bu iki misrası sanki T.Yaqublunun boyuna biçilib:

“Vətənin ne’məti nisyan olmaz, Naxələflər ona qurban olmaz”.

Zahid Rza, “İki sahil”