13 iyun 2023 01:57
426

Xalqın iradəsini göstərdiyi, sözünü dediyi, seçimini etdiyi gün! - 15 iyun 1993-cü il

Özünü qüdrətli dövlət kimi tanıdan, əslində isə çürük ideologiya əsasında müttəfiq respublikaları 70 ildən artıq itaət altında saxlayan SSRİ-nin süqutundan sonra başqaları kimi, müstəqilliyini bərpa edən Azərbaycan dövlətçilik tarixinin ən çətin dövrünü yaşadı. Xalqın o dövrdə iqtidarda olan hakimiyyətə etimadsızlığı, daxili xəyanətkarların, xarici missionerlərin ölkədə yaratdıqları xaos, özbaşınalığın və anarxiyanın baş alıb getdiyi respublikada yaşamaq çətinləşirdi. Biri-birini əvəz edən hakimiyyət dəyişikliyi, AXC-Müsavat cütlüyünün hakimiyyəti zorla ələ keçirməsi Azərbaycanı ikinci dəfə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyurdu. Hakimiyyətdə təmsil olunanların müstəqilliyimiz üçün təhlükəli kobud səhvləri qarşıdurmanı daha da gücləndirirdi. Ümumi adları «cəbhəçilər» olan AXC-Müsavat cütlüyündə təmsil olunanların himayə etdikləri qeyri-qanuni silahlı dəstələrin özbaşınalığı, Ermənistan tərəfindən torpaqlarımızın işğalı ölkədaxili vəziyyəti daha da ağırlaşdırırdı.

1993-cü ilin iyun ayının əvvəllərində başlanan Gəncə hadisələrinin yaratdığı təhlükəni tariximizin qara ləkəsi, rüsvayçılıq adlandıran dövlət başçımız Prezident İlham Əliyev o dövrü belə xarakterizə edib: «Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.» Elə bu səbəblərdən Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi.

Gəncə hadisələri əvvəlcədən hazırlanmış təxribatların ağır nəticəsi, iqtidarsız hakimiyyətin xalqa xəyanəti idi. AXC-nin yetirməsi, «Milli Qəhrəman», Prezidentin Dağlıq Qarabağda səlahiyyətli nümayəndəsi təyin edilmiş Surət Hüseynov hakimiyyətə yiyələnmək naminə şəxsi nəzarətində olan 709 saylı hərbi hissə vasitəsilə qiyam qaldırması ilə iqtidarın onsuz da sarsılan mövqelərini heçə endirdi. Qanlı toqquşmalarla, insan tələfatı ilə nəticələnən hadisələr vətəndaş müharibəsi həddinə çatmışdı.

Ölkədə yaranan vəziyyətin ağırlığını təsəvvür etmək iqtidarında olmayan iqtidarsız sabiqlər- Prezident Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri nəinki hadisə yerinə getməmiş, vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbir belə görməmişdilər.

Çətin zamanlarda öz seçimini edən Azərbaycan xalqı müstəqilliyinin qorunması üçün iradəsini göstərdi, sözünü dedi, seçimini etdi. Ömrünün qalan hissəsini də xalqına, Vətəninin çiçəklənməsinə, müstəqil Azərbaycanın inkişafına həsr etməyə hazır olduğunu bəyan edən Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolu yox idi. Müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycana gəlişinə bəhanələrlə mane olmağa çalışan, hətta Naxçıvanda yaşadığı vaxtlarda oraya hücum etmək barədə düşünən AXC-Müsavat iqtidarı son ümid yeri kimi xalqın xilaskarına müraciət etdi. O günlərin dəhşətli mənzərəsi Ulu Öndərin sonralar söylədiyi bu sözlərində əksini tapmışdı: «1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlanan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər.»

1993-cü il iyunun 9-da Bakıya qayıdan, hadisələrin əsl səbəblərini öyrənmək üçün jurnalistlərlə, respublikanın tanınımış ziyalıları ilə Gəncəyə gələn uzaqgörən siyasətçi Milli Məclisin sessiyasında tarixi çıxışı ilə insanların sabaha ümidini sönməyə qoymadı.

«Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun, hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika Baş nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıvanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim... Mən onu yenə də tanımırdım. Sonra– iyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım» söyləyən Ulu Öndərin Gəncəyə səfəri Azərbaycanı parçalamaq, dünya xəritəsindən silmək istəyənlərin arzusunu ürəyində qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi Ulu Öndərin xilaskarlıq missiyasına ümumxalq inamının göstəricisi idi.

Tarixi sessiyadakı çıxışında ona böyük etimad göstərən Azərbaycan xalqına minnətdarlıq edən Ulu Öndər əminliklə söylədi ki , bütün imkanlardan istifadə edib bu çətin məqamda üzərimə götürdüyüm vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm. Milli Məclisin iclasında «Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm» söylədiyi sözləri ilə ölkə vətəndaşlarını birliyə, həmrəyliyə çağıran müdrik şəxsiyyət Ümummilli Lider kimi xalqa bələdçilik etdi. Respublikaya rəhbərliyinin sonrakı illərində də bu birliyi xalqına bağlılığı, fədakarlığı ilə davam etdirən Ulu Öndər mənfur niyyətli xəyanətkarların onun haqqında uydurduqları yalan və böhtanların əsassız olduğunu da diqqətə çatdırdı: «Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm.»

Çox təəssüf ki, Milli Məclisdə təmsil olunan səbatsız AXC-Müsavat cütlüyünün bədniyyətli nümayəndəsi bu sessiyada da mənfur xislətini Ulu Öndərə ünvanladığı qərəzli sualı ilə bildirdi: «Heydər bəy, ... Sizin Ali Sovetin sədri olmağınız vəziyyətdən çıxmaq üçün bizə - mən bir millət vəkili kimi mənə və mənim yoldaşlarıma, bütünlüklə Azərbaycan xalqına qarant verə bilərsiniz, yoxsa yox?»

 Bakıya xalqın tələbi, sabiq Prezident Əbülfəz Elçibəyin xahişi, vicdanının səsi ilə qayıtdığını bildirən Ümummilli Liderin cavabı müdriklik, siyasi etika, xalqına bağlılıq nümunəsi kimi yaddaşlarda iz saldı: «Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm… Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir.»

1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev AXC-Müsavat iqtidarının tör-töküntülərinin separatçılıq əməllərinin də qarşısını siyasi iradəsi, xalqın birliyi ilə aldı. Azərbaycanı parçalamaq niyyəti ilə «Ləzgistan», sonra isə «Talış-Muğan Respublikası»nı yaratmaq istəyənlər Ulu Öndərin güclü iradəsi qarşısında tab gətirə bilmədilər. Xalqı taleyin hökmünə buraxan «cəbhəçilər» zorla zəbt etdikləri iqtidar kürsülərini təhvil verməyə məcbur oldular.

Respublikanın o ağır günlərində Bakıda daha nələr baş verirdi? İyunun 18-də vətəndaşlar televiziyanın «Xəbərlər» proqramında eşitdikləri informasiyadan çaş-baş qaldılar: Prezident Əbülfəz Elçibəy paytaxtı tərk edərək ata-baba yurduna, Ordubad rayonunun Kələki kəndinə qayıdıb. Bəlkə də dünyada az-az təsadüf olunan bu kimi vəziyyətlə qarşılaşan insanları bu dönüşün səbəbləri maraqlandırırdı. İyunun 17-də gecə, heç kimə, hətta səfərindən bir saat əvvəl söhbət etdiyi Ali Sovetin Sədri Heydər Əliyevə belə xəbər vermədən Bakını tərk edən Əbülfəz Elçibəyin bu qəfil gedişi onsuz da qaynayan Azərbaycanın siyasi mühitini daha da «istiləşdirdi.» Konstitusiyaya görə dövlət başçısı ölkədə olmadığı müddətdə respublikanı idarə etmək səlahiyyətləri parlamentin sədrinə həvalə olunmalı idi. Beləliklə üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu. Məsələ ilə bağlı respublika televiziyası ilə çıxış edən Ali Sovetin Sədri Heydər Əliyev «paytaxtı tərketmə» məsələsinə münasibətini «Onu mühakimə etmək mənim işim deyil. Lakin prezidentin müqəddəs vəzifəsi təkcə təntənəli mərasimlərdə deyil, ən ağır dəqiqələrdə də öz xalqı ilə bir yerdə olmaq, onun mənafelərini sonadək qorumaqdır» sözləri ilə bildirdi. Ölkədəki qeyri- müəyyənlik şəraiti isə davam edirdi. Dövlət başçısı Əbülfəz Elçibəy ölkəni Kələkidən idarə edəcəyini bildirsə də, Ermənistanın torpaqlarımızın işğalı etdiyi həmin günlərdə bu cür idarəetmə respublikanın məhvi demək idi. İyunun 21-də deputatlar növbədənkənar iclasda çıxış yollarını müzakirə etdilər. Parlamentdə Əbülfəz Elçibəyə prezidentlik vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Ziyalılardan ibarət nümayəndə heyəti Kələkiyə göndərildi. Bu təklifə rədd cavabı verən Elçibəy prezidentin, demək olar ki, bütün vəzifələrinin Ali Sovet Sədrinin üzərinə qoyulması barədə Fərman imzaladı. Yalnız vətəndaşlığa qəbul və qanunları imzalamaq səlahiyyətlərini özündə saxladı. Digər səlahiyyətlər parlamentin Sədri Heydər Əliyevə verildi. Vaxt isə gözləmirdi. İyunun 24-də Ali Sovetin iclasında məsələ ilə bağlı iki bənddən ibarət qərar qəbul edildi: 1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) bundan sonra Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçsin.

Artıq Ulu Öndərin iki vəzifəsi vardı: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən şəxs, Azərbaycan Respublikası Ali Sovetinin Sədri. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Yəni, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.

Beləcə, 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində bir milyon 800 yüz min seçicinin «etimadını qazanan» Elçibəyin « Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz belə axıra qədər gedə bilməyəcəyik» sözləri referendumda doğruldu. Üç milyon yarımdan artıq seçici Elçibəy hakimiyyətinə etimadsızlıq göstərdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə böyük şəxsiyyət Heydər Əliyevə etimad göstərərək onu əbədi xilaskar, müstəqilliyimizin qarantı seçdilər. Daxili və xarici xəyanətkarların 1994, 1995-ci illərdə törətdikləri dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalq-iqtidar birliyinin gücü ilə alan Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Azərbaycanın müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi.

Prezident kimi andiçmə mərasimində «Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhflər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur» söyləyən Ulu Öndər özünün də inandığı yolda xalqına bələdçilik etdi. 2003-cü ildə keçirilən prezident seçkiləri zamanı xalqa müraciətində bu yolu davam etdirəcək namizədi də dövlətçilik təcrübəsi əsasında müəyyənləşdirdi. Azərbaycan xalqının öz ətrafında birləşdirəcək, özünün axıra çatdıra bilmədiyi işləri davam etdirmək iqtidarında olan Prezident İlham Əliyevə özü qədər inandığını bildirdi. Etimadı doğruldan, Azərbaycanda milli birlik və həmrəylik yaradan Prezident İlham Əliyev torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi, xalqın etimadını doğrultdu. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olduğunu Azərbaycanı dünyada ən qüdrətli ölkə kimi tanıtmaqla bildirdi.

Xuraman İsmayılqızı, «İki sahil»