13 iyun 2023 02:15
465

Şuşa Bəyannaməsi: Türk dünyası həmrəyliyinin təntənəsi

Sənəd Azərbaycan-Türkiyə arasındakı əməkdaşlığını ən yüksək mərhələyə çatdıraraq regionda yeni reallıqların, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək

Bu bir faktdır ki, iki ölkə arasında qardaşlıq və dostluq münasibətləri bütün dövrlərdə mövcud olub. Ən ağır sınaqlarla, çətinliklərlə üzləşdiyi zamanlarda iki ölkənin qarşılıqlı dəstəyi hər zaman özünü göstərib.  Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə uğurla davam və inkişaf etməkdədir. Bu qardaşlıq münasibətləri regionda və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bu birlik və həmrəylik bütün dünya üçün əsl örnək olmaqla yanaşı, Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir.

Bu birlik iki qardaş ölkənin və xalqlarımızın gələcək təhlükəsizliyinin ən etibarlı qarantıdır. Şuşa Bəyannaməsi isə bu münasibətlərin ən parlaq təzahürüdür. Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının əsasına çevrildi. Bu sənəd Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Şuşa Bəyannaməsi Azərbaycanın müasir tarixində xarici siyasətində əldə etdiyi ən böyük uğurlarından biridir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Milli  Qurtuluş Gününə və Qars müqaviləsinin Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsinin imzalanmasının 100 illiyinə təsadüf etməsi sıradan bir hadisə sayıla bilməzdi. Bildirdi ki, 100 il bundan əvvəl baş verən proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir.

Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi Azərbaycan Türkiyə əməkdaşlığının strateji istiqamətlərindən biridir. Azərbaycan hər zaman sülh və əməkdaşlıqda maraqlı olan ölkədir, heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Şuşa Bəyannaməsinin imzalanması da iki ölkənin qarşılıqlı formada bir-birinin müdafiəsinə dəstək vermək məqsədi daşıyır. Burada hər hansı bir ölkəyə qarşı heç bir iddiadan belə söhbət getmir. 

Sənəddə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir.  Xüsusilə vurğulanır ki,  hər iki ölkə Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə beynəlxalq hüquqla qorunan hərbi tərəfdaş olduqlarını bəyan etdilər.  Bununla da hər iki ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimiz bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə qarşılıqlı olaraq uyğun zəruri yardımlar göstərəcəklər. Bir sözlə, ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Bu baxımdan xüsusi vurğulamaq gərəkdir ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.

Şuşa Bəyannəməsində əksini tapan ən mühüm məsələlərdən biri də xarici ölkələrdə yaşayan  türk və Azərbaycan icmaları arasında  informasiya mübadiləsini artırılması, diplomatik gücün bir araya gətirilməsidir. Sənədin imzalandığı vaxtdan indiyə kimi bu istiqamətdə də səylərin genişləndiyini görürük. Bütün cəhətləri ilə Şuşa Bəyannəməsi Azərbaycan və Türkiyə birliyini daha da möhkəmləndirir, iki qardaş ölkənin gücünü artırır, dünyada nüfuz sahibi kimi mövqelərini yüksəldir.

Xalqımız öz dahi rəhbərinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd etdiyi bir dönəmdə bu reallıqlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri sözdə yox, əməldə özünü təcəssüm etdirən qardaşlıq münasibətləridir. Ulu Öndərin dühasından doğan qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da qardaş xalqlarımızın rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir.

Yaqut Ağaşahqızı, “İki sahil”