13 iyun 2023 02:58
455

Türkiyə-Azərbaycan birliyi əbədidir!

Türkiyə Prezidentinin Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin ali səviyyəsinin gostəricisidir

Ötən il Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında «Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bu il İstanbulda keçirilən «TEXNOFEST» festivalında bu çağırışı etdi: « Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”

Türkiyə ilə Azərbaycan qardaşlığı əsrlərin sınağından çıxaraq daha da möhkəmlənir, türk dünyasının birlik və həmrəyliyində əhəmiyyətli rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük  İkinci Qarabağ müharibəsinin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”» söyləməsi  xalqımıza siyasi, mənəvi dəstək oldu. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla hansı  imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Müharibənin başlandığı andan xarici mətbuata çoxsaylı müsahibələrində dövlət başçısı İlham Əliyev Qələbəmizə böyük əminliyini ifadə edərək, Azərbaycanın gələcəyə hansı hədəflərlə getdiyini açıqladı. Təbii ki, bu inam ölkəmizin malik olduğu imkanlara, ordumuzun gücünə, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğuna əsaslanırdı. Azərbaycan 44 gündə tarixi Zəfərə imza atmaqla dünya hərb tarixinə yeni səhifə  yazdı. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi yer tutur ki, qardaş Türkiyə 44 gündə Azərba ycanı tək qoymadı, eyni zamanda, tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə  bərpa-quruculuq işlərinin geniş miqyas almasında bu birlik öz sözünü deyir. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir  ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad,  inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. 

Tarixi  Zəfərimizdən  sonra 15 iyun 2021-ci ildə  Azərbaycanla Türkiyə arasında imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» bütün sahələri əhatə edən həmrəylik sənədi kimi tarixə yazıldı. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə iki qardaş xalq arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq müasir dövrün tələblərinə uyğun zənginləşdirildi. Bir əsrlik tarixi olan Qars müqaviləsi təzələndi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını, Şərqdən Qərbə uzanan, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlı olduqlarını sarsılmaz qətiyyətləri ilə bildirən hər iki qardaş ölkənin göstərdikləri siyasi iradə Ermənistan və onun havadarlarını məyus etdi.

Azərbaycan və Türkiyə hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıblar. Bu fakt dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycana qarşı  əsassız torpaq iddiası irəli sürən ermənilər qardaş Türkiyəyə qarşı qondarma «erməni soyqırımı» məsələsini qabardır, yalanları, ən əsası himayədarlarının dəstəyi ilə  həqiqətləri ört-basdır etməyə səy göstərirlər. Təəssüf doğuran hal budur ki, bəzi dünya gücləri tarixi faktları bir kənara qoyub, ədaləti  maraqlarının arxasında əritməklə «erməni soyqırımı»nı nəinki tanıyıb, hətta bunu digər dövlətlərdən də tələb edirlər. Fransa kimi dünyanın güc mərkəzi, ən əsası dünyada ədalətin, beynəlxalq hüququn bərpasında öz sözünü deyən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa  «erməni soyqırımı»nı tanıdı, hətta, Senatda bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni müzakirəyə çıxardı. Bu qondarma «erməni soyqırımı» məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasında bir təzyiq vasitəsi kimi bəhrələnir, qardaş ölkənin quruma üzv qəbul olunması üçün bu əsassız iddianı qəbul edəcəyinə hələ də ümidlər edilir. Amma reallıq göz önündədir. Rəsmi Ankara belə bir addımın mümkünsüzlüyünü hər zaman bəyan edir və dəyişməz mövqeyi göz önündədir. Azərbaycan dövləti Avropa İttifaqının  Türkiyə kimi güclü, qüdrətli dövlətə ehtiyacı olduğunu əsaslı şəkildə bəyan edir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri dünyanın diqqətindən kənarda qalmır. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun  sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. «TEXNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyevin  «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri də deyilənlərin təsdiqidir.

Prezident seçkilərində Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərdi. Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyev seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu.

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün sahələrdə özünü nümayiş etdirir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilir. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər. Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün  «Gücümüz birliyimizdədir»  bəyan edən dövlət başçısı İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə  2022-ci ildə    «Türk Dünyasının Ali Ordeni»nə layiq görülmüşdülər.   

Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə iştirakı ilə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq» adlı təlim-məşqlər hərbi sahədə əməkdaşlığın da   intensivləşdiyini təsdiqləyir. Belə ki,  Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022» çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı, yekun mərhələdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə dövlətlərini əməkdaşlığa çağırması regionun təhlükəsizliyinə göstərilən diqqətdir. Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi «TEKNOFEST» festivalının ötən il ilk dəfə Bakıda keçirilməsi qardaş ölkə gənclərinin elmi yaradıcılıqlarının təqdimatı idi. «Dünya türkün gücünü görsün, yerini bilsin» amalı ilə səmada xarüqələr yaradan «TEKNOFEST» iştirakçılarının elmi düşüncələrinin nümunələri olan kəşfləri, cəsur pilotlarımızın səmada göstərdikləri tryüklər türk dünyasının həmrəyliyinin, gənclərinin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması, «Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» mesajı idi. Bütün dünyanın heyrətlə izlədiyi «TEKNOFEST» festivalı  türk dünyası birliyinin sarsılmazlığının səmada təzahürü idi.

Bu yaxınlarda   Türkiyə və Azərbaycan  prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin İstanbulda keçirilən «TEKNOFEST» Aerokosmik və Texnologiya Festivalında iştirak etmələri sarsılmaz qardaşlığın növbəti təntənəsi idi. «TEKNOFEST»in İstanbul mərasimində çıxış edən, hər iki qardaş ölkənin müttəfiqliyinin gənclər arasında da davam etdiyini bildirən Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, türk birliyi bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. «İki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Rəcəb Tayyib Ərdoğanın  liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcək. Prezident İlham Əliyev iki ölkə arasındakı hərbi müttəfiqliyi, qardaş ölkənin müdafiə sənayesində qazandığı uğurları diqqətə çatdıraraq bildirdi ki, Azərbaycanda «Bayraktar» Mərkəzinin yaradılması gücümüzü daha sıx birləşdirəcək.  Dövlət başçımızın «Mən fürsətdən istifadə edərək «Kızılelma» ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə «Kızılelma» Azərbaycanın səmasında da olacaqdır. «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə - bugünkü Türkiyə budur» sözləri isə qardaş ölkənin müdafiə sənayesinin son uğurları ilə qürur yaradan həmrəylik sevincinin ifadəsidir.

Bu ilin fevralında Türkiyədə baş verən dəhşətli  zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyini əsirgəməyən Azərbaycan bu gün də yardımını əsirgəmir. «TEKNOFEST» çərçivəsində Azərbaycanın zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması türk dünyası birliyinin sarsılmazlıq nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əskinasını təqdim etməsi isə eyni kökə bağlılıq nümunəsi idi.

Təbii ki, Azərbaycan-Türkiyə qardaşlığından irəli gələn mühüm addımları xeyli sayda sadalamaq olar. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

Artıq yaxın günlərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin  sənəddə təsdiqi olan Şuşa Bəyannaməsinin iki ili tamam olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən ölkəmizə dövlət səfəri çərçivəsində münasibətlərin dünəninə baxış fonunda yeni hədəflərin müzakirəsi gözlənilir. Həmçinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar əsas müzakirə mövzularından olacaq.

Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsidir. Artıq bu sənədin imzalanmasından iki il ötür. Sözügedən sənədin əhəmiyyətinin miqyasını təsəvvür etmək üçün  iki ildə Azərbaycan-Türkiyə qardaşlığına əlavələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Türkiyə Prezidentinin növbəti səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq.

Yeganə Əliyeva, «İki sahil»