11 iyun 2023 11:05
160

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqilliyini itirməkdən xilas oldu

Azərbaycan tarixində bir çox əlamətdar gün vardır. Bu günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür.
Həmin gün Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildə Azərbaycanda vəziyyət heç də stabil deyildi.  Xaos baş alıb gedirdi. Müstəqillik təhlükə altında idi. Xalq həmin çətin günlərdə Heydər Əliyevi səsləyirdi.
Yaranmış çətin situasiyada Heydər Əliyevin iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi sözün əsl mənasında xalqın çiynindəki yükü xeyli yüngülləşdirdi. Beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bir müddət sonra - 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızı tərəfindən Prezident seçildi. Bundan sonra Azərbaycanın çiçəklənmə və inkişaf dövrü başladı. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsində də məhz Ulu Öndər Heydər Əliyevin rolu misilsizdir.

Bununla yanaşı Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün də bir sıra addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Bu gün milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Lamiyə Hacıyeva,
YAP Xətai rayon təşkilatının "Cavanşir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü