12 iyun 2023 10:29
187

Qurtuluşdan başlanan yol bizi tarixi Zəfərə qovuşdurdu

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı Onu bütün dünya azərbaycanlılarının lideri edib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi ölkəmizin müstəqilliyinin memarı və qurucusudur.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə,ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu Ümummilli Lider Heydər Əliyevin iradəsi sayəsində reallığa çevrildi.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər direktor muavini professor Cəbi Bəhrəmov Milli Qurtuluş günü ilə bağlı belə söyləyib: “15 İyun 1993-cü il tarixi Azərbaycan Respublikasının ən yeni tarixində müstəsna rolu olan bir gündür. Bu gün baş vermiş hadisə sonrakı dövrlər üçün əlbəttə ki, bir örnək olacaq. Söhbət nədən gedir. Əgər biz Azərbaycanın son 300 illik tarixinə nəzər salsaq XVIII əsrin birinci yarısı, XIX əsrin birinci yarısı və nəhayət XX əsrin sonu və XXI əsrin əvvəli-bu mərhələlələr Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən dövrlərdi.”

1992-ci il 16 oktyabr tarixində 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti “Səs” qəzetinin 43-cü buraxılışında “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı dərc olunmuşdu.

1993-cü il iyunun 4-ü Gəncədə polkovnik Sürət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itayətsizliyi isə Azərbaycanı uçuruma sürükləyirdi. Situasiyanı nəzərə almaq üçün hakimiyyətin atdığı səhv və xaotik addımlar vəziyyəti daha da gərginləşdirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Sürət Hüseynovun tabeliyində olan qüvvələr Gəncə ərazisindən çıxaraq Bakıya doğru hərəkət edirdi,ölənlər və yaralananlar var idi. Bunu görən AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldilər. Xalq Xilaskarını gözləyirdi.

Ulu Öndər Heydər Əliyev Bakıya gəldikdən sonra  9 iyunda Gəncəyə yola düşdü.15 iyunda Heydər Əliyev parlamentin Sədri seçildi. Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun  21-də isə bir sıra ölkələrin dipomatları ilə görüşdü.

Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi təxirə salınmaz sosial-iqtisadi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması,torpaqlarımızın müdafiə olunması ilə bağlı mühim addımlar atılmağa başlanıldı. 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Öz iqtisadi potensialından istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr imzalandı.1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsnin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xərclərinin çəkilişi kimi qlobal lahiyələrinin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. “Mənim həyatımda,fəaliyyətimdə yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunması ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”- deyən Ümumilli Lider problemlərin həlli üçün son dərəcə vacib sayırdı: Əgər respublikada ictimai-siyasi sabitlik olmasa sağlam heç bir sosial iqtisadi programdan,yaxud problemlərin həll olunmasından söhbət gedə bilməz”

Ümummilli Liderin şəxsiyyəti, Onun özünə məxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız azərbaycançılıq ideologiyası ətrafında birləşdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Qurtuluşdan başlanan yol bizi tarixi Zəfərə qovuşdurdu.

Sevinc Məmmədova,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov küçəsi 29" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü