11 iyun 2023 19:19
297

Milli Qurtuluşdan başlanan Zəfər yolu

Ötən əsrin 90-ci illərində Azərbaycan dərin siyasi-iqtisadi böhran keçirirdi. Bir tərəfdən erməni təcavüzü digər tərəfdən hakimiyyət uğrunda mübarizə, vətəndaş müharibəsi təhlükəsi ölkəni iflic vəziyyətə salmışdı.Müstəqilliyimiz təhlükə ilə üz-üzə idi. Ölkə parçalanmaq üzrə idi. Bütün bunlar isə hakimiyyətdə olan səriştəsiz, idarəetmə  bacarığı olmayan şəxslərin hadisələri düzgün qiymətləndirə bilmədiyinə görə baş verirdi. Həmin dövrdə cəmiyyətin bütün təbəqələri nicat yolunu Heydər Əliyevin hakimiyyətə yenindən qayıtmasında görürdü. Kommunist partiyası nüfuzdan düşmüş, yeni yaranan partiyalara və onların liderlərinə  xalqın inamı yox idi.Belə çətin günlərdə 91 nəfər ziyalı yeni partiyanın yaradılması  ideyası ilə ümummilli lider  Heydər Əliyevə  müraciət etdi.

Bakıda toplanmaq mümkün olmadığına görə həm də təhlükəsizlik baxımından  91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Müdrik dövlət xadimi zəngin dövlətçilik təcrübəsinə malik olan öz fəaliyyətində xalqın ali mənafeyini dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyev partiyanın sədri seçildi. Həmin günlərdə isə Bakıda eləcə də bölgələrdə vəziyyət günü-gündən ağırlaşırdı.1993 –cü il Gəncə hadisəsi isə xalqın səbr kasasını daşırdı. Ölkədə qardaş qanı axırdı.Bundan istifadə edən mənfur düşmən ermənilər də  cəbhədə irəliləyir, separatçılar ölkəni parçalamağa çalışırdılar.1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və gənc müstəqil ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Gəncədə qiyam yatırıldı. Xalq sevimli liderini ən yüksəkdə görmək istəyirdi. Heydər Əliyev deyirdi:  “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. 3 oktyabr tarixində keçirilmiş seckilərdə Heydər Əliyevin yekdilliklə prezident seçilməsi ilə Azərbaycan xalqının və Azərbaycan dövlətinin tarixində  yeni dövrün əsası qoyuldu.

Ölkəmizdə ciddi siyasi-iqtisadi islahatlar aparıldı. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Xarici siyasətimiz məqsədyönlü siyasətə çevrildi. Bu yolla cəmiyyətdə siyasi mədəniyyət , siyasi mübarizə və siyasətin sivil yollarla aparılması  qaydaları təbliğ olunmağa başlandı. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən  və uğurla tətbiq olunan  islahatların əsas mahiyyəti  Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən,  ərazi bütövlüyünün təmin edilməsindən, demokratik hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq,  ictimai siyasi sabitlik , milli həmrəylik güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət idi.  Bu baxımdan Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Məhz Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, parçalanma təhlükəsindən qurtulduğu, siyasi sabitliyə, əmin-amanlığa  qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamını  özünə  qaytardı. Xalq inanırdı ki, gün gələcək Azərbaycan Heydər Əliyevin zəkası, uzaqgörən siyasəti  nəticəsində bütün itirdiklərini geri qaytaracaq.

 Belə də oldu. Ulu öndərin ideyalarının uğurlu davamçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli azərbaycan ordusu  cəmi 44 günə torpaqlarımızı düşməndən azad etdi və tarixi  ədalətin ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Ulu Öndərin ideyalarını  daha da inkişaf etdirən prezident İlham Əliyevin  həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazda əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı həm də icraçısıdır. Bu layihələr regionda sülh olkəmizə davamlı inkişaf vətəndaşlara rifah gətirir.Azərbaycanın tutduğu yol təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir.

Hazırda cəmiyyət həyatının müxtəlif sahələrində köklü islahatlar uğurla davam edir. Ölkəmiz yenilənir. Bu yenilik ruhu hər yerdə hər an özünü hiss etdirir. Düşünürəm ki,  bundan sonra da xalqımız prezident  İlham Əliyevin ətrafında six birləşərək daha da uğurlu layihələrə imza atacaq.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərzi partiya təşkilatının sədr müavini