XX əsrdə Azərbaycan xalqına iki dəfə müstəqillik qazanmaq və öz dövlətini yaratmaq şansı nəsib olmuşdur. İlk dəfə 28 may 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası 23 aylıq tarixi fəaliyyətdən sonra öz müstəqilliyini itirdi. Əsrin sonlarında – 18 oktyabr 1991-ci ildə yenidən müstəqillik əldə etmiş Azərbaycan Respublikasını da həmin faciəli tale gözləyirdi. Belə ki, dövlət müstəqilliyimizin ilk illərində respublikada baş verən ictimai-siyasi və tarixi-hərbi proseslər yeni dövləti böyük itkilərə aparırdı. Ölkədə anarxiya, özbaşınalıq, hərc-mərclik hökm sürmüş və bunun nəticəsində məlum 4 iyun Gəncə hadisələri baş vermişdir. Azərbaycan real vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdı. Dövlətimiz parçalanmaq, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Əsrin əvvəllərində yaşanan tarixi faciəni əsrin sonlarında da yaşamaq məcburiyyətindəydik. Məhz belə bir ağır vaxtda - 15 iyun 1993-cü ildə əsl xilaskar - Ulu Öndər Heydər Əliyev xalqın arzusu, tələb və təkidi ilə yenidən hakimiyyətə, böyük siyasətə qayıdaraq müstəqil Azərbaycanı müdhiş qaranlıqlardan, zülmət gecələrdən, böyük faciələrdən xilas etdi. Elə buna görə də 15 iyun hər bir Azərbaycan vətəndaşının yaddaşına ümid, nicat və qurtuluş günü kimi həkk olunmuşdur.
Adətən, hər bir dövlət öz tarixini yaratmaq, onu gələcək nəsillərə ötürmək üçün belə tarixi günləri əbədiləşdirir. Bunun məntiqi nəticəsi olaraq, 27 iyun 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 15 iyun tarixini Milli Qurtuluş Günü elan etdi. İndi hər il qədirbilən xalqımız 15 İyun - Milli Qurtuluş Gününü rəsmi dövlət bayramı olaraq, böyük təntənə ilə qeyd edir.
Hər bir tarixi hadisənin öz fəlsəfəsi, məntiqi və mənası var. Bu baxımdan Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşı tərəfindən çox sevilən və dəyərləndirilən bayramlardan biridir. Çünki 15 iyun tarixi xalqımızın əsarətdən, zülm-sitəmdən əbədi olaraq xilas olduğu gündür. Biz həmin gün böyük bir tarixi həqiqət yaratdıq. Bizim olan və bizdən olan dünya şöhrətli tarixi şəxsiyyəti – Heydər Əliyevi yenidən bizə qaytardıq.
Bu gün Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Müstəqil dövlətin müstəqil siyasəti və bu siyasəti həyata keçirməyi bacaran qüdrətli siyasi xadimi olmalıdır. Bu baxımdan Heydər Əliyev dahi bir siyasətçi idi. Ulu Öndərin apardığı müdrik daxili və xarici siyasət təkcə konkret bir dövr üçün deyil, bütövlükdə müxtəlif dövrlər üçün təsirli və əhəmiyyətlidir. Uzun illər ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin gördüyü və görmək istədiyi bütün işlər xalqımızın, ölkəmizin gələcəyi üçün, xoşbəxt və firavan bir məmləkətdə yaşamağımız üçün hesablanmışdır.
Azərbaycan tarixinin ən parlaq simalarından biri olan Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə respublikamızda böyük intibahın təməl daşı qoyuldu. Dövlət və dövlətçilik ənənələrimiz yenidən dirçəldi, milli-mənəvi dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, iqtisadiyyatımız, ordumuz, beynəlxalq aləmdə tanınmağımız və digər mühüm sahə və istiqamətlər yeni müstəvidə inkişaf etməyə başladı, ölkədə sülh və əmin-amanlıq bərqərar oldu.
Bu gün Azərbaycan Respublikası dünyanın ən nüfuzlu ölkələrindən biridir. Ölkəmiz hərtərəfli şəkildə inkişaf edir. Xalqımız öz tarixinin ən möhtəşəm mərhələrindən birini yaşayır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan yüksəliş və tərəqqiyə doğru inamla yol gedir. Bu yol qurtuluşdan, xilaskarlıqdan başlanan yoldur. Bu yol Ulu Öndər Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədaqətlə davam etdirdiyi müqəddəs bir yoldur. Bu yol Azərbaycan xalqını, müstəqil Azərbaycanı aydın və gözəl gələcəyə aparır. Bu yolda Tanrı hər bir Azərbaycan vətəndaşına yardımçı olsun!
Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü