Hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır. Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkan ilə yanaşı, malik olduğu iqtisadi resurslara görə dünyanın diqqətində olub. Lakin bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizə diqqət və maraq ayrı-ayrı dövrlərdə fərqlilik təşkil edib. Bunun üçün müstəqilliyimizin bərpasının ilk illəri ilə bugünümüzü müqayisə etmək kifayətdir.
Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdur. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, onları təmsil edən şirkətlərin sayının artmasına səbəb oldu. Yatıracaqları investisiyaların təhlükəsizliyi ilə bağlı tərəddüdləri aradan götürüldü. Ulu Öndər xarici investorlara belə bir çağırışı etmişdir ki, qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərsiniz. Eyni zamanda, bu mühüm məqam da xüsusi diqqətə çatdırılmışdır ki, Azərbaycanın qapıları buna xoş niyyətlə ayaq basan hər bir iş adamının üzünə açıqdır.

Ölkəmizdə yaradılan sabitlik fonunda iqtisadi tərəqqiyə geniş yol açıldı. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətin həyata keçirdiyi siyasətin ana xəttini təşkil etdi. Təbii ki, bu günümüzün sosial-iqtisadi uğurlarından bəhs edərkən bunun üçün yaradılan mökəm təməli qeyd etməmək mümkünsüzdür. Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi nüfuz qazanması iqtisadiyyatını düzgün əsaslar üzərində qurması ilə səciyyələnir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bu reallığı diqqətə çatdırdı ki, heç bir ölkə təcrübə mübadiləsi aparılmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Onun səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi, eyni zamanda, siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrin sayı artdı. Bu, özünü regional əməkdaşlığın getdikcə beynəlxalq miqyas almasında təsdiqlədi. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməklə dünyanın enerji xəritəsinin dəyişməsində öz sözünü dedi. Belə ki, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi kimi nüfuz qazandı. Sonrakı illərdə tərəfdaş ölkələrin sayının artması Cənub Qaz Dəhlizi layihəsinin gündəmə gətirilməsini və 2014-cü ildə təməlqoyma mərasiminin keçirilməsini şərtləndirdi. 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi 2020-ci ildə tam tərkibdə istifadəyə verildi. Bu layihənin əsas tərkib hissələri olan TANAP 2018-ci ilin iyununda, TAP isə 2020-ci ilin dekabrında istifadəyə verildi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolu ilə diqqətdədir.
İqtisadi tərəqqi ilə paralel olaraq sosial siyasət də uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı atılan addımların əsasında dayandı. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin istifadəsində şəffaflığın qorunmasını təmin etdi, toplanan vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Bu reallıq hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanda vəziyyət tamamilə fərqlidir. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işlənib hazırlanması ölkəmizdə belə bir vəziyyətinin yaranmamasını şərtləndirir. Neft gəlirlərinin əhali arasında bölgüsü bəırabərlik prinsipləri əsasında aparılır.

2003-cü ildən başlayaraq Azərbaycanın enerji siyasətinin uğurla davam etdirilməsi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı prioritetliyi ilə diqqətdədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən neft-qaz sektorunu iqtisadiyyatın əsası kimi dəyərləndirməklə yanaşı, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi həyata keçirilən siyasətin əsasında dayanır.
İqtisadiyyatın şaxələndirilməsində regionların malik olduğu polensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları təsdiqləndi. Regionların inkişafı qeyri-neft sektorunun inkişafı kimi səciyyələndirildi. Regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisadi aktivliyin artırılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq olunması, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı 2004-cü ildən həyata keçirilməyə başladı. Son 20 ilə yaxın dövr ərzində 4 Regional inkişaf proqramı icra edilib. 3 proqramın icrası uğurla başa çatıb, dördüncü sənədin icrasıbu il başa catacaq. Bu illər ərzində bölgələrin infrastrukturu və iqtisadi inkişafı baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb.
Dördüncü sənədin təsdiqlənməsinə, yəni 29 yanvar 2019-cu ilədək həyata keçirilən üç Dövlət proqramının icrası nəticəsində əldə edilən sosial-iqtisadi göstəricilərə diqqət yetirək. 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə təsdiqlənən, artıq icrası başa çatmaq üzrə olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaratdı. Baxmayaraq ki, bu proqramın icrası dövrü dünyanın, o cümlədən ölkəmizin pandemiyaya qarşı mübarizə tədbirlərinin aparıldığı, həmçinin 44 günlük İkinci Qarabağ münaqişəsinin yaşandığı, ən əsası tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyi zamana təsadüf edir, dövlət başçısı İlham Əliyev regionların inkişafını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır. Cənab İlham Əliyevin pandemiya ilə mübarizə tədbirlərinə başlanan zaman çağırışı bu oldu ki, insanların sağlamlığı prioritetdir. Bununla bərabər, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bu vəzifələrin uğurlu icrasına xidmət edən 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında Nazirlər Kabineti 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramını təsdiqlədi. 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması, bəzi dəyişikliklərin edilməsi də cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq atılan addımlar sırasından oldu. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin sosial rifahının yaxşılaşdırılması üçün geniş imkanlar yaratdı. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Prezident İlham Əliyevin bölgələrə səfərlərində də heç bir təxirəsalınmalar müşahidə olunmadı. Əksinə, səfərlərin say tərkibinə və bu çərçivədə açılışı və təməlqoyma mərasimləri keçirilən müəssisələrə diqqət yetirdikdə insan amilinə verilən dəyərin prioritetliyi daha aydın görünür. Hətta cənab İlham Əliyev həmişə olduğu kimi, pandemiya dövründə də regionlara hər səfərindən sonra həmin bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planını təsdiqlədi və Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğdə vəsaitlər ayrıldı.

Pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə DOST mərkəzlərinin açılışı da sosial layihələrin təxirə salınmadığını təsdiqlədi. Pandemiya dövründə Azərbaycanın 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə, humanitar yardım göstərməsi də ölkəmizin iqtisadi imkanlarının göstəricisidir.
Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün çətinliklərdən uğurla, az itki ilə çıxmasını təmin edir. 2008-ci ilin iqtisadi və maliyyə böhranı, 2019-cu ilin sonlarından başlayan koronavirus infeksiyası ilə mübarizə tərdbirləri deyilənlərə bariz nümunədir. Azərbaycan uğurlu islahatları ilə daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini, ən islahatçı ölkə kimi mövqeyini qoruyur. Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı 10 ölkə arasında qərarlaşıb. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir.

Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Bunun üçün həm ölkə daxilində infrastruktur tamamilə yenidən quruldu, eyni zamanda, uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları yaradıldı.
Bugünümüzün qürurverici hadisələrindən biri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasıdır. Azərbaycan bu addımı ilə dünya hərb tarixində ilkə imza atdı. Müharibə bitən kimi bərpa-quruculuq işlərinə başlanması qeyri-mümkündür. Lakin ölkəmiz tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir həftə keçmədi ki, bu torpaqlarda bərpa işlərinə start verdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə ilk tarixi səfələrindən başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün o qədər genişdir ki, sadalamaqla bitməz. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Zəngilan rayonunun “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi, Tərtər rayonunun Talış kəndinin ardınca bu il 28 May – Müstəqillik Günündə laçınllar Laçın şəhərinə qayıtdı. Bu, Böyük Qayıdış proqramının sürətli icrasından xəbər verir. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bögüsünün həyata keçirilməsi ilə sayının 14-ə çatdırılması, Sərəncamı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi gələcəyə yönələn addımlar sırasındandır. Milli Prioritetlərdə möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək bu sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Azərbaycanın “yaşıl enerji” zonasına çevrilməsi prioritetdir.

İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Milli Prioritetlərdə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın tam şəkildə təmin olunmasıdır. Gələcəkdə hər bir bölgənin malik olduğu imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı iqisadi inkişafı təmin ediləcək.
Son illərin reallıqları fonunda qeyd edə bilərik ki, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.
Təbii ki, sosial-iqtisadi inkişafı bir yazıda əhatə etmək mümkün deyil. Əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda əsas hədəf ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi qeyri-neft sektorunda formalaşır. Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım yüksəkdir. 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb. Bu isə öz növbəsində yeni iş yerlərinin yaradılmasının daimi proses olmasına çağırışdır.
Tezliklə Böyük qayıdış proqramı uğurla başa çatacaq. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və bu torpaqlarda yeni həyat başlayacaq. Qarabağ və Şərqi Zəngəzur böyük investisilar məkanına çevriləcək. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı üçün geniş imkanlar yaranacaq.
Nüsrət Məmmədov, “İki sahil”