10 iyun 2023 16:59
562

Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu

15 iyun 2021-ci il tarixində Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşa şəhərində iki qardaş ölkə Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən vacib amilə çevrildi.Şuşa Bəyannaməsi təkcə Azərbaycan üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. 44 günlük Vətən müharibəsinin sonunda qazanılan qələbə ilə Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı. Bəyannamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü vurğulanır və Şuşanın beynəlxalq hüquq çərçivəsində Azərbaycana məxsus olduğu təsdiqlənir.

Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq belə demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Şuşa Bəyannaməsində xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərdə tarixi gerçəklikdir.Bu gün Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələridavamlı regional sülhə yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır.

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq,