10 iyun 2023 09:33
734

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur

2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər.Bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Həmçinin aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər.

Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra təhlükəsiz və məsud yaşamasının təminatıdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlətin əməkdaşlığının daha üst səviyyədə və çoxşaxəli həyata keçirilməsinə imkan verir. Bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq.ŞuşaBəyannaməsiTürkiyə-Azərbaycanəlaqələrinirəsmənmüttəfiqliksəviyyəsinəqaldırdı.

Bəyannamədə geosiyasi hədəflərlə yanaşı, ölkələrimizin iqtisadi cəhətdən gələcək inkişafını şərtləndirən prioritetlərin yer alması, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin əksini tapması sənədin əhəmiyyətini daha da artırır. Bütövlükdə, tarixi bir sənəd kimi xüsusi əhəmiyyətə, mahiyyətə, hərtərəfli təhlil və analizə layiq olan Şuşa Bəyannaməsi,siyasi təhlillərlə yanaşı, gələcəkdə elmi tədqiqat mövzularının da obyekti olacaqdır. Hər bir cümləsi, hər bir bəndi mühüm məna kəsb edən, böyük əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin mətnində yer almış bütün müddəalar regionda sülhün və sabitliyin qorunması, müharibədən qalib çıxan ölkəmizin təhlükəsizliyinin, suverenliyinin qarantı kimi dövlətimizin siyasi gücünü, hərbi qüdrətini,xalqımızın gələcəyə olan inamını daha da artırır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü