09 iyun 2023 23:36
650

Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq…

Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bu reallığı xüsusi qeyd edir ki, ədalət var və ona nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək lazımdır

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əsas amillərdən biri ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyidir. Reallıq budur ki, dünya ikili standartlara söykənən siyasətini davam etdirərək ədaləti və beynəlxalq hüququn maraqların arxasında əriməsinə səbəb olsa da sonda qalib olan tarixi ədalət olur. Məhz buna görə Azərbaycan 30 il işğal dövrünü yaşasa da xalqımız əmin idi ki, torpaqlarımız dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində azad ediləcək, bu ərazilərimiz əsl cənnət məkana çevriləcək. 44 gündə 30 ilin işğalına son qoymaq bir daha bu kimi reallıqlara işıq saldı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev torpaqlarımızın azad edilməsində əsas amillərdən olan diplomatik uğurların miqyasını genişləndirməklə yanaşı, hərb variantını da istisna etmədi. Hər zaman bu bəyanat ən yüksək tribunalardan bəyan edilirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək.

Cənab İlham Əliyev 2010-cu ildə Qarabağ icmasının mərkəzi qərargahının açılışında bu əminliyi də ifadə etmişdir ki, bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir: «Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır.»

Son iki ildən artıq dövrün reallıqları Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu əminliyinin təsdiqidir. Bir daha sübut olundu ki, hadisələrə ən böyük dəyəri zaman verir. Həmçinin qarşıya qoyulan hədəflərə nail olmaq üçün zamana böyük ehtiyac olur. Bunun üçün onun reallığa çevrilməsini şərtləndirən amillərin mövcudluğuna böyük ehtiyac var. Bu gün Qarabağın və Şərqi Zəngəzurun azad olması, bu torpaqlarda genşmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi də zaman-zaman nail olduğumuz uğurların nəticəsidir. Hər zaman uğurlarımızdan bəhs edərkən bu məqam xüsusi qeyd edilir ki, bunlar göydəndüşmə deyil, böyük səylərin, qətiyyətin nəticəsidir. Məhz «Heydər Əlilyev İli» çəçivəsində, eyni zamanda, 30 illiyini qeyd etməyə hazırlaşdığmız Milli Qurtuluş Günü ilə bağlı tədbirlərdə müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə geniş nəzər salınır və bir daha qeyd edilir ki, Azərbaycanın gələcəyini necə görmək istədiyini Prezident kimi fəaliyyətə başladığı gündən təqdim etdiyi inkişaf strategiyasında geniş əks etdirən Ulu Öndər Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini bildirirdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərdə yeni həyata başladıqlarına görə özlərini xoşbəxt hiss edirlər. Ötən il «ağıllı kənd» layihəsi çərçivəsində yenidən qurulan Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həm də yerli televiziya kanallarına müsahibələri zamanı cari ildə görülməli işləri, hədəfləri açıqlayarkən bildirdi ki, bu il laçınlılar Laçına qayıdacaq. 28 May  - Müstəqillik Günündə laçınlılar bu xoşbəxtiyə nail oldu. Birinci mərhələdə 20 ailə Laçın şəhərinə qayıtdı. Hər bir hədəfin zamanında və yüksək səviyyədə həyata keçirilməsi yeni-yeni hədəflərə yol açır.

Dövlət başçısı İlham Əliyevin ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi də təsadüfi deyildi. Bu, Ermənistana və havadarlarına ciddi mesaj idi- Qərbi Azərbaycana qayıdışımız qaçılmazdır. Cənab İlham Əliyev görüşdə diqqəti tariximizin faciəli səhifələrinə yönəldərək bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi: «Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər.» Cənab İlham Əliyev bu çağırışı da etdi ki, biz Qərbi Azərbaycana qayıtmalıyıq. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. 

Tariximizin hər bir səhifəsini dönə-dönə vərəqləmək və gələcək nəsillərə çatdırmaq qarşımızda dayanan əsas vəzifədir. Bu baxımdan belə bir həqiqəti bir daha qeyd etməliyik ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, Türkdilli Dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi ilə bütün türk dünyasını birləşdirməyə səy göstərilir. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Bu baxımdan cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır. Dövlət başçısı eyni çağırışla Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə çıxış etdi: «Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik.»

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi də tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, çoxəsrlik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlili əsasında reallıqların təbliğində öz sözünü dedi. Xatırlasaq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra ilk görüşü ziyalılarla olmuşdur. Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdur-Tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısını almalı. «Tarix heç nəyi silmir» söyləyən Ümummilli Lider tarixi araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi önə çəkmişdir. Dövlət başçısı İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.»

Cənab İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının keçdiyi bu zəngin yolu təhlil edərkən dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərək son iki ildə keçirilən görüşlərdə verilən «Siz bu Qələbəyə necə nail oldunuz» sualına cavabı olduqca qürurvericidir. Dövlət başçısı bu suala cavab olaraq bildirir ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız: « Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.» Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq hər bir səhifəsini əziz bilərək dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birşləşdirdi. Hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Dünya azərbaycanlılarının bir araya gəlməsi, yumruq kimi birləşməsi, yaşadıqları ölkələrdə cərəyan edən proseslərə təsir imkanlarını artırmaq üçün ciddi səylər göstərildi. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu qurultay soydaşlarımızın birliyinin möhkəmləndirilmçsinə böyük töhfə oldu. Hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı Azərbaycan bu illər əldə etdiyi uğurların təhilili, həmçinin qarşıda dayanan hədəflərin təbliği baxımından əhəmiyyətli hadisəyə çevrildi.

Prezident İlham Əliyev əslən Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.

Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanan Azərbaycan 30 il dünyaya bu çağırışı etdi ki, bu meyarların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmizi dünyanın ikili standartlara əsaslanan siyasətində ruhdan düşməyərək daim həqiqətlərimizi faktların dili ilə dünya ictimaiyyətinə çatdırdı. Qarabağ münaqişəsinin bu gün tarixə qovuşmasında, tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Belə ki, ölkəmiz bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycan ərazisi olduğu öz əksini tapıb. Baxmayaraq ki, bu qətnamələr 30 il kağız üzərində saralaraq həllini gözlədi, amma Azərbaycan sonadək haqqın, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi və 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bunu bir daha təsdiqlədi.

Tarixi Zəfərimiz yeni-yeni hədəflərin reallığa çevrilməsini şərtləndirir. Qərbi Azərbaycana qayıdışımız növbəti hədəfimizdir. Təbii ki, tarixi ədalətə söykənərək bu hədəfə də zamanında nail olacağıq. Dövlət başçısı İlham Əliyevin 2021-ci ilin avqustunda Şuşada Vaqif Poezdiya Günlərinin açılışındakı çıxışında söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.” Bu fikirlər Qərbi Azərbaycana qayıdışımızın da tezliklə reallığa çevriləcəyinə böyük əminlik yaradır.

Yeganə Əliyeva, «İki sahil»