10 iyun 2023 00:25
505

İranın şər əməlləri heç şeytanın belə ağlına gəlməz

Bu ölkənin xəstəxanalarına şəfa üçün pənah aparan insanlar ya yanlış müalicə nəticəsində ölür və ya əbədi şikəst olur, xəstə sahiblərinin külli miqdarda pulları mənimsənilir, hətta bəzi hallarda yayılan məlumatlara görə onlar xüsusi xidmət orqanlarının əməkdaşları olan həkimlərin əli ilə casusluğa cəlb edilirlər

Azərbaycan daim qonşu dövlətlərlə dostluq, qarşılıqlı anlaşma və mehriban münasibətlər prinsipinə xüsusi önəm verib. Qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq ölkəmizin xarici siyasətinin əsas pirioritetlərindən biridir.

Daim beynəlxalq hüququn norma və prinsiplərinə əməl edən, qonşu ölkələrlə bərabərhüquqlu əməkdaşlıq və bir-birinin daxili işlərinə qarşımama siyasəti yürüdən Azərbaycan çox haqlı olaraq qonşu dövlətlərdən də məhz belə mövqe sərgilənməsini tələb edir. Çox təəssüf ki, cənub qonşumuz, sözdə özünü “islam respublikası” adlandıran İran ölkəmizə münasibətdə davamlı olaraq qeyri-səmimi mövqe nümayiş etdirir, Azərbaycanın səmimi dostluq, qonşuluq münasibətlərinin müqabilində təcavüzün davam etdiyi otuz il müddətində işğalçı Ermənistana himayədarlıq edib. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra  İranın ölkəmizə qarşı aqressiv mövqeyi daha da güclənib. Hamımıza yaxşı məlumdur ki, İran Azərbaycanın işğal altında olan ərazilərindən narkotranzit kimi istifadə edir, insan alveri, insan orqanlarının satışı ilə məşğul olurdu. Təbii ki, Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdikdən sonra bütün bunlara son qoyuldu.

Xüsusilə molla rejiminin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar, hədə tipli bəyanatlar, Tehrandakı səfirliyimizə qarşı terror hücumu, SEPAH-a bağlı sosial media strukturlarında respublikamızı hədələyici xarakterli video-materiallar bir daha göstərir ki, mollakratiya ölkəmizə qarşı məkrli və ləyaqətsiz əməllərindən əl çəkmək fikrində deyil.

Birmənalı demək olar ki, iki ölkə arasındakı gərginliyin əsas səbəbi Tehran hökumətinin daim Azərbaycana qarşı təxribatçı siyasətə rəvac verməsidir. Bu gün bütün dünyada terrorçu mahiyyəti ilə tanınan molla rejimi ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün müxtəlif vaxtlarda təxribatçı-terrorçu planlar hazırlayıb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur və artıq bu fakt öz təsdiqini tapıb. 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun arxasında bu dövlətin olması da heç kimdə şübhə doğurmur.

Bundan başqa, İran mətbuatında, xüsusilə  “Səhər” və digər televiziya kanallarında mütəmadi olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparılır. Mollakratiya muzdlu nökərlərinin dili ilə daim ölkəmizi və azərbaycanlıları təhqir etməkdə davam edir. Azad İran “Teleqram” kanalının bu günlərdə yayımlanan məlumatında bildirilir ki, Güney Azərbaycan millətinin böyük bir hissəsi və bu bölgənin bir sıra siyasi xadimləri, millət vəkilləri, Şəhər Şurasının üzvləri İraqın Ərbil əyalətinin valisinin həyasızlığına etirazlarını bildirərkən, Urmuya Şəhər Şurasının birinci katibi Tohid Əlinejad özünün “İnstagram” hesabında paylaşdığı postlarda təhqir məqsədilə qoyun və uzunqulaq şəkillərində həyasızcasına “Azərbaycan” heşteqindən istifadə edib. Qeyd edək ki, Ərbil əyalətinin valisinin sinəsinə sancdığı bayraqda Cənubi Azərbaycanın Urmuya bölgəsinin bir hissəsi İraq Kürdüstanının ərazisi kimi göstərilib. İranın bir sıra rəsmiləri, o cümlədən daxili işlər naziri İraqın Kürdüstan əyalətinin valiləri ilə keçirdikləri birgə toplantıda onun bu hərəkətinə göz yumublar.

Mollakratiyanın ölkəmizə qarşı təxribatçı əməlləri yalnız bununla bitmir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşalar  və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır.  Həmçinin Tehran rejimi ölkəmizə qarşı məkrli planlarını vətəndaşlarımızın üzərindən həyata keçirir. Bu yaxınlarda Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin İranda itkin düşməsi, sonradan onun barəsində cinayət işinin açılması, bu ölkəyə müalicə üçün gedən azərbaycanlıları sağaltmaq əvəzinə qəsdən öldürmələri, əbədi şikəst etmələri, eləcə də xəstə sahiblərini  tələyə salaraq onların külli miqdarda pullarını mənimsəmələri, hətta bəzi hallarda yayılan məlumatlara görə, xüsusi xidmət orqanlarının əməkdaşları olan həkimlərin, sanitarların, qeydiyyatçı və taksi sürücülərinin əli ilə onları casusluğa cəlb etmələri bunun əyani təsdiqidir

Bütün dünyada terroru dəstəkləyən Tehran hökumətinin əsl mahiyyəti budur. Şübhəsiz, iqtisadi böhranın, daxili çəkişmələrin, sosial fəlakətin, xalq üsyanlarının və beynəlxalq sanksiyaların girdabında inləyən fars-mollla rejiminin azərbaycanılara, ölkəmizə qarşı məkrli əməlləri və planları bundan sonra da davam edəcək. Ona görə də vətəndaşlarımız əmmaməli ayətullahların və onların qatı cinayətkar şəbəkəsinin şər əməllərindən qorunmaq üçün çox diqqətli olmalı, hər addımlarını ölçüb-biçməlidirlər. O ki qaldı İranın ölkəmizə, xalqımıza qarşı məkrli plan və niyyətlərinə, ötən yazılarımızda qeyd etdiyimiz kimi, bütün bunlar bumeranq effekti verəcək və çanaq terrorçu molla rejiminin başında çatlayacaq. Kimsənin buna şübhəsi olmasın. Necə deyərlər, yaşayarıq, görərik...

Zahid Rza, “İki sahil”