10 iyun 2023 00:34
619

Mən öz əqidəmi topun ağzından, süngünün ucundan alıb qorudum!

Vicdan, əqidə azadlığı bütün zamanlarda bizim üçün ölüm-dirim məsələsi olub. Görkəmli şairimiz Tofiq Bayramın "İnamım, əqidəm" şeirində deyildiyi kimi:

İnamım yolunda qan tökmüşəm, qan,
Onu isitmişdir alovum-odum.
Mən öz əqidəmi topun ağzından,
Süngünün ucundan alıb qorudum!

Azərbaycan xalqı hələ qədim yüzilliklərdə də öz dininə bağlı olmuşdur. Uzaq əsrlərdə oda sitayiş edən azərbaycanlılar eramızın VII əsrində İslam dinini qəbul edəndən sonra bu dinə möhkəm bağlanmışlar. Dədə-babalarımız həm də öz ərazilərində başqa dinlərə hörmətlə yanaşmış və əcnəbilərin öz dinlərinə sitayiş etməsinə şərait yaratmışlar.  Bakının Suraxanı rayonundakı  Atəşgah məbədi buna canlı sübutdur. Uzaq keçmişdə Bakıya ticarətə gələn Hindistan tacirləri bu məbədi tikərək orada ibadət etmişlər.  Tarixi mənbələrdə yazılır ki, XVII-XIX əsrlərdə oda sitayiş edən hindli səyyahlar da Bakıya gələrkən Suraxanı Atəşgahını ziyarət edərmişlər.

1683-cü ildə alman səyyahı E. Kempfer Bakıya gələrək Suraxanı Atəşgahında olub. Səyyah burada gördüklərini qələmə alıb: "Biz burada onlarla adamın olduğunu gördük. Kimsə yanan alovdan ocaq düzəldib mis qazanlarda Suraxanı camaatı üçün xörək bişirir, digərləri isə əhəng yandırmaqla məşğul olurdu. İki nəfər qədim pars tayfasından olan kəs və gəlmə hind atəşpərəstlərindən olan adamlar tikdikləri hasar ətrafında oturaraq qaya çatlarından havaya yüksələn alova səcdə edərək ibadət edirdilər".

XVIII əsrdə Bakıya Hindistanın Multan vilayətindən həm ticarət, həm də “əbədi od”a sitayiş etmək üçün gələn hindli tacirlər Atəşgah məbədini bərpa edərkən burada hind arxitekturasına məxsus elementlərdən istifadə ediblər. Ölkəmizdə bir neçə azsaylı xalqın və etnik azlığın inanc yerləri indiyədək qalmaqdadır.

 Vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı əsas insan haqlarından biri kimi tanınır. İnsanların inanclarına hörmətlə yanaşmaq, müxtəlif dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək və bərabər saymaq vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.

Bəs vicdan azadlığı nədir? Vicdan azadlığı dedikdə insanın ya mənsub olduğu, seçdiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməməsi kimi izah olunur. Hüquqi dövlətlərdə vicdan azadlığı məhdudlaşdırılmır. Ancaq bu sözləri eqoizmə qapılmış Ermənistan barədə demək olmaz. Ermənilər ərazilərindəki qədim Azərbaycan və alban ziyarətgahlarını söküb dağıtmış, bəzilərinin üzərinə erməni əlifbası ilə yazılmış saxta daş kitabələr yapışdırmaqla öz adlarına çıxmışlar. Bu barbarlığa aid faktlar kifayət qədərdir. Belə neqativ hallar qonşu İranda da baş verir. Orada müsəlmanlar arasında məzhəb ayrıseçkiliyi aparılır, sünni və şiələr arasında intriqa yaradılır, düşmənçilik toxumu səpilir, insanları məzhəblərinə bölməklə İslamın ehkamlarına zərbə vurulur.

Azərbaycanda vicdan azadlığı var və Konstitusiyamızda bununla bağlı ayrıca maddə mövcuddur. Həmin maddədə göstərilir ki, hər kəsin özünəməxsus vicdan azadlığı ola bilər. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, öz əqidəsini azad ifadə etmək hüququ vardır. Bununla yanaşı, dini mərasimlərin keçirilməsi ictimai asayişi pozmursa və zərərli təbliğat deyilsə, yasaq deyil.  Ölkəmizdə heç kəs öz dini etiqadını və əqidəsini  nümayiş etdirməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.  Qeyd edək ki, vicdan azadlığı zəmanəmizin aktual problemlərindən biridir. 

Xatırladaq ki, vicdan azadlığı məsələsi 1918-ci ilin 28  mayında  yaranan ilk Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi. O vaxta qədər rus imperiyası azərbaycanlılar arasında dini ayrılığı dərinləşdirmək məqsədilə əhalini sünni və şiə məzhəblərinə bölmüş, onların müstəqil ruhani idarələrini açmışdı. İmperiya rəhbərliyi 1872-ci il aprel ayının 5-də, 1917-ci il iyul ayının 17-də azərbaycanlıları bir-birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdi. 

Azərbaycan Demokratik Respublikasının rəhbəri  Məmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid müsəlman ruhani idarəsinin yaradılması qərara alındı. Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M. Ə. Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə Axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrı-seçkiliyini rədd edən, milli köklərə bağlı və mütərrəqi fikirli bir din xadimi idi.

Azərbaycan Demokratik Respublikası vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü. Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə də, dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq bərabərliyini poza bilərdi.

Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən təşkil edilmişdi. Azərbaycan Demokratik Respublikası parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcü və polyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunmuşdular. 

Azərbaycan Demokratik Respublikası vicdan azadlığı problemi sahəsində demokratik mövqedə dayandı, dinə biganə münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar haqqında məhdudedici tədbirlər görülməsi hallarına yol vermədi, dindarlarla dinə inanmayan vətəndaşların dinc-yanaşı yaşaması üçün şərait yaratmağa çalışdı.

Lakin 1917-ci ildə qurulan Sovet hakimiyyəti kilsələri, məscidləri bağlatdırdı, dini ibadətgahlara getməyi qadağan etdi. Hətta inqilabın ilk illərində hər yerdə Allahsızlar komitələri də yaradıldı. Dindarlar "xalq düşməni" elan edildi və bir çoxu "zərərli ünsür" adlandırılaraq güllələndi. Dini ədəbiyyatlar və müqəddəs kitablar tamamilə yığışdırılaraq yandırıldı. Qısaca desək, SSRİ-də din və vicdan azadlığı tamamilə boğuldu.

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırdı. Hazırda Azərbaycanda fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Ölkəmizdə dini məsələlərlə bağlı müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atmışdır. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”.

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Azərbaycan Prezidenti Heydər Əliyev 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyillərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.  Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin dünya  ölkələri üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Belə ki, 2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olmuş BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd edib. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Prezidenti tərəfindən qəbul edilən, bir sıra rəsmi şəxslərlə görüş keçirib, 1 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib. Xüsusi Məruzəçi  Gəncəyə və Naxçıvana da səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib.

Məmnunluqla qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində  Azərbaycan İlahiyyat İnstitutu açılıb. İnstitutda xaricdə ali dini təhsil almış yüksəkixtisaslı alimlər, ilahiyyat və fəlsəfə üzrə fəlsəfə doktorları olan müəllimlər dərs deyirlər. Bu il institutun ikinci məzun buraxılışı olacaq. Fəxr edirik ki, Azərbaycan dünyanın ən tolerant ölkəsi kimi hörmət qazanıb.  Bu faktlar göstərir ki, Azərbaycan dövləti  vicdan azadlığına hörməti sözdə deyil,  əməldə göstərir.

Mediamız vicdan azadlığı məsələlərini daim işıqlandırır. Ona görə də bu sahədə qazanılan bütün nailiyyətlərdə medianın rolu xüsusi qiymətləndirilməlidir.

Vəli İlyasov, "İki sahil"

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.