09 iyun 2023 23:58
527

Yaqublu əsl böhtan makinasıdır

Onda mənasız gündəmlərdən saqqız düzəltmək bacarığı var

Tofiq Yaqublu yenə də həm böhtanları ilə, həm də riyakarlığı ilə əndazəni aşmaqdadır. Onun ötən günlərdə Qənimət Zahidin «youtube» kanalına müsahibəsi sözün həqiqi mənasında anti-Azərbaycan çıxışları ilə «zəngindir». Xüsusilə xalqı təhqir etmək ironiyası bu dəfə daha da cuşa gəlib. O, müsahibəsində ölkə polisini, məhkəmə-hüquq sistemini ağır, ancaq əsassız böhtanlarla ləkələyir. Hətta daha irəli gedərək  Gədəbəydə bir vətəndaşın saxta informasiyasına, əslində isə böhtanına  «istinad» edərək Azərbaycan polislərini sözün həqiqi mənasında təhqir edir. Bu  zat hətta bununla kifayətlənməyərək dövlətimizə və onun başçısına nifrət dolu «açıqlamalar» verir.

Yaqublu müsahibəsində guya canıyananlıq edərək bildirir ki, ölkədə yaşıllıqlar qırılır və bu prosesin önündə hakimiyyətin yüksək eşalonunda təmsil olunanlar dayanır. Təbii ki, belə hallara ara-sıra rast gəlinsə də Azərbaycan dövləti yaşıllıqlara qarşı çox həssaslıq göstərir. Xüsusilə Prezident İlham Əliyevin hər ay ən azı paytaxtın müxtəlif rayonlarında təməlini qoyduğu və yaxud açılışında iştirak etdiyi böyük parklar və seyrangahlar vətəndaşların istifadəsinə verilib. Təkcə son 10 ildə Bakıda 100 hektar ərazidə park salınıb. Həmin parklardakı ən müxtəlif uzunömürlü  ağaclar, gül kolları şəhərimizə yaraşıq verir.

Tofiq Yaqublu artıq çiynəməyə mövzusu qalmadığı üçün indi də Xəzər dənizindən, onun hasarlanmasından pafosla danışır və buraya öz böhtanlarını da əlavə edərək hakimiyyəti «qınamağa»,  onu gözdənsalma kampaniyasına rəvac verir. Burada açıq şəkildə görünən odur ki, o, bu iftiraları kiminsə xoşuna gəlmək üçün hər gün yeni «forma və dəst-xətt»lə tirajlayır. Ancaq o hələ də anlamır və yaxud anlamaq istəmir ki, son bir ildə ölkə başçısının tapşırığı və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəniz kənarında onlarla qeyri-qanuni tikilən obyektlər sökülərək əhalinin dənizə çıxışına hərtərəfli şərait yaradılıb.

Əslində, onun pafosla danışmasını daha dinləyən də yoxdur. Çünki o, və onun düşərgəsindəki «həmfikirləri»nin danışdıqları ilə real həyatdakı davranışları və yaşayışları tamamilə tərs mütənasibdir. Məsələn, Tofiq Yaqublu, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı və digərləri ağızları körüklənə -körüklənə hər gün «youtube» kanallarında «acından ölmələrindən» bəhs edirlər. Amma onların ümumi dolanışıqlarına baxanda gözlərinin içlərinə kimi yalan danışdıqlarını aydın görmək olur.

Belə ki, Cəmil Həsənli gah ABŞ-da, gah da Böyük Britaniyada yaşayır, səyahət edir, pullar xərcləyir, dəbdəbəli həyat  sürür. Elə AXCP sədri Əli Kərimlinin də vəziyyəti fərqli deyil. Oğlu Türkel Kərimli ABŞ-da, qızı və kiçik oğlu isə Böyük Britaniyada bahalı həyat yaşayırlar. Özü isə 30 minlik «Mazda» minik avtomobilində gəzir. Hətta üç mühafizəçi saxlayır. Bundan başqa, Sevinc Osmanqızı da ABŞ-da 262 min dollarlıq mənzil, maşın alıb. Ümumilikdə, radikal müxalifət düşərgəsindən kimi görsəniz, onun mütləq xaricdə ya mülkləri olur, ya da ailə üzvləri Avropa ölkələrində, ABŞ-da yaşayırlar.
Tofiq Yaqublunun güzəranı da onlardan geri qalmır. 50 min manatlıq «Hunday» markalı maşın sürməsi onun babat var-dövlət sahibi olmasına dəlalət edir. Çox maraqlıdır ki, insanlar illərlə işləyir, pul toplayır, kredit götürür, maşın alır, alanda da ən yaxşı halda 15-20 min manatlıq avtomobil sahibi olurlar. Amma heç yerdə işləməyən, işsiz olduğunu deyən Tofiq Yaqublu 50 min manatlıq maşın sürür.

Burada onlara yönəlik haqlı suallar yaranır: bu vəsaitləri kimdən və haradan alıbsınız? Cavabı bəllidir- bu, onlara antimilli və antidövlət fəaliyyətlərinə görə verilən maddi dəstəkdir.

Elçin Zaman, «İki sahil»