Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyə hazırlaşması insanlığa qarşı yönəlmiş cinayətdir
Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlər, bugünədək gizlin digər antiinsani əməlləri üzə çıxdı. Otuz il ərzində qəsbkarların, ilk növbədə, ətraf mühitə çox böyük zərər vurduğu müəyyənləşdi.
Kənardan zəruri nəzarət olmadığına görə, yeraltı sular, su mənbələri, təbii axarlar, o cümlədən Araz çayının qolu Oxçuçay ciddi çirklənməyə məruz qalıb. Əslində Oxçuçayın çirklənməsi bölgə üçün ekoloji fəlakətdir. Ermənistanın çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis-saflaşdırma kombinatlarının toksik tullantıları, eləcə də bu iki şəhərin çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Ermənistanda mədən sahəsi üzrə fəaliyyət göstərən xarici şirkətlər ekoloji standartlara riayət etmədiyindən yalnız Zəngilan rayonu deyil, ətraf bölgələr də ekoloji terror təhlükəsi ilə üz-üzə qalıb. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirdiyindən çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Almaniyanın “Cronimet” şirkəti bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Qeyd edək ki, Oxuçayın zərərli tullantılarla çirkləndirilməsi bütün Xəzəryanı ölkələrin ekoloji mühitinə öz mənfi təsir göstərən bir faktordur. Bununla bağlı Azərbaycan tərəfi uzun müddətdir ki, həyəcan təbili çalır.
İndiyə qədər həyata keçirdiyi ekoloji terror aktları azmış kimi, Ermənistan növbəti dəfə analoji addım atmaq istəyir. Belə ki, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Zavodun tikintisi barədə, hətta Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan da öz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hazırda 70 milyon ABŞ dolları sərmayə ilə böyük erməni-Amerika metallurgiya zavodu tikilir. İstehsal hündürlüyü 30 metr, sahəsi 16 500 kvadratmetr olan binadır və burada ildə 180 min ton məhsul istehsal olunacaq. Artıq 200 nəfər işləyir, işə salındıqdan sonra isə 1000 nəfər işləyəcək.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının bölgədəki ekosistemə böyük zərbə vuracağı şübhəsizdir. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Belə ki, bu zavodun məqsədli şəkildə ölkəmizlə sərhəddə, Arazın Azərbaycana tökülən girəcəyində tikilməsi isə ekoterrorun bariz nümunəsidir. Bildirək ki, Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, öz ərazisinin mərkəzinə yaxın yerlərdə də bunu edə bilər. Bu cür davranışla növbəti təxribatını törədir və bu, onun özü üçün yaxşı nəticə ilə bitməyəcək. Bu zavodun inşası sərhəddə yerləşən Sədərək rayonunda mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, bu “zavallı” dövlət regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Həmin təşkilatların ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi, etinasız yanaşması ikili standartların təzahürüdür. Cəzasızlıq isə Ermənistanın yeni-yeni terror əməllərinə əl atmasına rəvac verir.
Sevinc Azadi, “İki sahil”