10 iyun 2023 01:58
642

Şuşa öz qonaqlarını heyrətləndirir

Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində qırx dörd günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın gücünü, potensialını bir daha bütün dünyaya nümayiş etdirdi. Təxminən otuz ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizin azad edilməsindən sonra qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işlərinə start verildi.

Bu gün Qarabağın tacı sayılan Şuşa böyük Zəfərin sevinc və təntənəsini yaşayır. Burada başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Qarabağımızın tacı, döyünən ürəyi Şuşada bərpa-quruculuq işləri sürətlə aparılır.  Artıq istismara verilmiş Zəfər yolu həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5 km olan bu yolu Zəfər yolu adlandırıb. Artıq Şuşaya elektrik enerjisinin və suyun verilməsi bərpa edilib. İndi iki mənbədən Şuşaya su gəlir. Natəvan bulağı da bərpa edilib. Həmçinin Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa olunub. Şuşada “Xarıbülbül” oteli istifadəyə verilib. Şuşanın yaradılmasının 270 illiyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ili “Şuşa İli” elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu.

Bundan başqa, “Qarabağ” hoteli əsaslı təmirdən sonra yenidən öz qapılarını qonaqların üzünə açıb. Erməni faşistləri tərəfindən gülləbaran edilmiş Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri yenidən şəhərin mərkəzi meydanında qoyulub. Böyük şairimiz Vaqifin məqbərəsinin və büstünün yenidən açılış mərasimi keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı ölkə başçısı tərəfindən göstəriş verilib. Bülbülün dağıdılmış evi bərpa edilib. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən Vaqif Poeziya Günləri təşkil olunub.

Bu gün Şuşa yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. İyunun 7-də vaxtilə “Qafqazın konservatoriyası”adlandırılan  bu şəhərdə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” beynəlxalq tədbirin keçirilməsi bunun əyani təsdiqidir. 30-a yaxın sabiq dövlət və hökumət başçısının iştirakı ilə baş tutan bu tədbirdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

Bu gün öz tarixi şöhrətini bərpa edən Şuşada, eləcə də bütün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri tədbir iştirakçılarını heyrətləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib ki, bu gün Şuşada inkişafı, bərpanı görmək çox gözəldir.

Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan qırx dörd günlük Vətən müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Şuşa ən qısa zamanda çiçəklənən diyara çevriləcək, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. O zaman Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu da şad olacaq, üçrəngli bayrağımız bu cənnətməkan diyarımızda, Azərbaycanın ruhunu yaşadan Şuşada əbədi dalğalanacaq.

Zahid Rza, “İki sahil”