10 iyun 2023 02:57
666

Makronizmin siyasi təlxəklik dövrü arxada qaldı

Ermənistanın gələcək taleyi Fransadan deyil, Türkiyə və Azərbaycanla münasibətlərdən asılıdır

Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təşkil edilən görüş format baxımından əvvəlkilərdən fərqləndi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak etdiyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun da qatıldıqları danışıqlarda istənilən nəticə alınmadı. Amma Kişineu danışıqlarını əvvəlki görüşlərdən fərqləndirən məqamlar da var idi. Kişineuda Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə toplantısından daha güclü tərəf, söz sahibi olan Azərbaycan tələblərində haqlı idi. Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan , BMT tərəfindən təsdiqlənən 86,6 min kvadrat kilometr çərçivəsində ərazisini tanıdığını rəsmən bəyan edib. Bu ilin aprel ayının 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla ərazi bütövlüyünü de-fakto bərpa edən Azərbaycanın dəyişilməz mövqeyi Prezident İlham Əliyevin Laçına qayıdan keçmiş köçkünlərlə görüşündəki çıxışında da əksini tapıb. Hələ də «Bəlkə də qaytardılar!» xülyasından ayılmayan ermənilərin kimlərinsə onların əvəzinə vuruşacaqları ilə bağlı xəyalları ac toyuğun yuxuda darı görməsi məsəlinə bənzəyir.

«Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneə qalmayıb. Sadəcə Ermənistan siyasətini xalqının maraqları baxımından, kimlərinsə təsiri olmadan müəyyənləşdirməyə cəsarət göstərməlidir. Çünki Azərbaycanın beynəlxalq hüquqa əsaslanan dəyişilməz şərtləri əslində Ermənistan üçün daha vacibdir.

Rəsmi İrəvan Azərbaycanın irəli sürdüyü ədalətli şərtlər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir. Etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməlidirlər. Quldur separatçı rejimin Xankəndidə yaratdığı qondarma «parlament»” və «prezident» təsisatları ləğv olunmalıdır. Bölgədə sabitliyin pozulması üçün yerləşdirilən terrorçu, silahlı dəstələr qeyd- şərtsiz Azərbaycan ərazisini tərk etməlidirlər. Qarabağ ermənilərinin məsələlərin müzakirəsi üçün iki dəfə Bakıya çağırış dəvətindən imtina etməsi və bu təklifin bir daha təkrarlanmayacağı da nəzərə alınmalıdır.

«Maksimalist mövqelərdən çəkinmək lazımdır» çağırışını səsləndirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldova görüşündə də Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan təkliflərinə həmişə olduğu kimi, müsbət münasibət göstərib. May ayının əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra Brüsseldə, Moskvada baş tutan üçtərəfli görüşlərdə tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq qalmaları Kişineu danışıqlarında sülh sazişinin imzalanması ilə bağlı ümidləri artırsa da Nikol Paşinyan havadarlarının göstərişlərinə uyğun olaraq mərkəzdənqaçma prinsipinə yenə də sadiq qaldı. Brüsseldə sərhəd əlaqələnmə, humanitar və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi mühüm məsələlərin müzakirəsi Ermənistanın revanşist qüvvələrini qane etməsə də işğalçı dövlət reallıqla barışmalı, ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə hazır olmalıdır. Amma və Lakin…

Xatırladaq ki, Kişineuda keçirilən «Avropa siyasi birliyi» Zirvə toplantısı çərçivəsində Avropa İttifaqının ən böyük ölkələrindən olan Fransanın Prezidenti Emmanuel Makronun iştirakı danışıqların müəmmalar çərçivəsində davam edəcəyinin anonsu idi. Çünki Ermənistanın daimi dəstəkçisi Emmanuel Makronun əyləşdiyi masada sülhdən danışmaq tülkünün Həccə getməsi məsəlinə bənzəyir.

Fransanın uzun illərdən bəri Cənubi Qafqazda sabitliyin yaranmasına, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına törətdiyi əngəllər bəllidir. Fransa ilə Hayastanın iş birliyinin əsasında qaniçənlik, qəddarlıq, vəhşilik kimi qeyri-insani xislətlərin dayandığını qətiyyətlə pisləyən Prezident İlham Əliyevin əvvəllər söylədiyi «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik» sözlərində Makronun çirkin xisləti əksini tapıb. Fransa Prezidenti hələ də anlamır ki, Azərbaycanın sülh diplomatiyası ilə müqayisədə uydurulan yalan, cəfəngiyyat, başqalarının daxili işlərinə müdaxilə təsəvvürü yaradan siyasi təlxəklik dövrü arxada qaldı.

Erməni separatçılarının sərhəddə yerləşən Azərbaycanın mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil. Təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınsa da mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərmələri, revanşist iddiaların bu gün də ara verməməsi o deməkdir ki, makronizmin qana hərislik siyasəti daşnak ideologiyasını fransızsayağı qəddarlaşdırıb.

Sülh danışıqlarının davam etdiyi məqamlarda belə təxribatlara əl atan, hələ də gorbagor status məsələsini yenidən gündəmə gətirməyə, təqaüdə göndərilmiş Minsk qrupunu diriltməyə çalışan separatçılar və havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, təqdim olunan şərtləri qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci yol, alternativ yoxdur. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizi atəşə məruz qoysa da istəklərinə nail ola bilməyəcəklər. Separatçıların Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdləri də uğursuzluqla nəticələnib. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Ona görə də Paşinyan börkünü də ( «papaq» mənasında) , havadarlarının belinə yüklədikləri palanını da qarşısına qoyub düşünməlidir.

Yeri gəlmişkən, Makrona da, Nikola da iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması münasibətilə keçirilən mərasimdə şahid olduqları mənzərəni xatırladaq. Deyəsən, İrəvanda « Mehtər marşı» çalınmasa Nikol özünə gələn deyil.

Xuraman İsmayılqızı, «İki sahil»