Bugünkü İran "Bermud üçbucağı"nı xatırladır
Xarici ölkələrə səyahət edənlər üçün təhlükəsizlik təminatı ən mühüm şərtdir. Müsəlman xalqlarının qədim adət-ənənələrinə görə qonağa hörmət göstərilər, onu hər cür təhlükədən qoruyardılar. Amma indi elə müsəlman ölkəsi var ki, hörmətsizlik bir yana, hələ üstəlik qonağını şərəfsiz işlərə qoşmağa da çalışır.
Təəssüf ki, hazırda mühacirlər, qonaqlar və turistlər üçün dünyanın ən təhlükəli ölkəsi İran İslam Respublikası hesab olunur. Bu reallığın fonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu ölkənin turistlər üçün “tamamilə təhlükəsiz” olduğu barədə açıqlaması həqiqətə uyğun deyil və gülüş doğurur. Çünki real faktlar Abdullahianın dediklərinin əksini sübut edir. Diplomat belə "ağ" yalan danışarmı?
İranın xarici işlər naziri "Twitter" səhifəsində “Bəzi Avropa vətəndaşları xarici təhlükəsizlik xidmətləri tərəfindən istismar edilmirsə, onların həbsi üçün heç bir əsas yoxdur” yazsa da, əslində, bu illər ərzində İran əsassız olaraq onlarla qərbli turisti casusluqda ittiham edərək saxlayıb, hüquqlarını kobudluqla pozaraq onların şəxsiyyətinə toxunub.
Bəs ölkənin imicinə ləkə gətirən belə qanunsuzluqlar nəyə görədir? Təbii ki, cavabı o qədər də mürəkkəb deyil və çoxdan hər kəsə məlumdur. İran uzun illərdir ki, qanunsuz olaraq saxlanılan şəxsləri Qərbdən güzəştlər əldə etmək üçün girov kimi istifadə edir. Onlar adekvat hüquqi müdafiə ilə təmin olunmur, əksinə, saxta məhkəmələrdən sonra ədalətsizliklə uzunmüddətli həbslərə məruz qoyulurlar.
Bu yaxınlarda Omanın Belçika ilə bağlanmış məhbus mübadiləsi razılaşması çərçivəsində ötən həftənin cümə günü iki İran və Avstriya vətəndaşı Kamran Qaderi və Məsud Mossaheb, həmçinin İranda həbsdə olan danimarkalı azad edilib. Bundan başqa, Belçika vətəndaşı Olivye Vandekastel Əsədulla Əsədinin azadlığa buraxılması müqabilində ölkəsinə qayıdıb. Diplomat adı altında "fəaliyyət" göstərən iranlı agent olan Əsədulla Əsədi 2018-ci ildə Fransada terror aktı təşkil etməkdə təqsirli bilinmişdi.
Eyni qanunsuzluqlar Azərbaycan vətəndaşlarının da başına gətirilir. İrana ziyarətə, qohum-əqrəbasını görməyə, müalicəyə, alverə və s. gedənlər casus adı altında həbs edilir, xüsusi yerlərdə saxlanılır. Həmin yerlərdə saxlananlar xarici aləmdən, ailəsindən, ictimaiyyətdən tamamilə təcrid olunur. Sonra onlar təzyiqlə ələ alınmağa, öz xalqına və dövlətinə xəyanətə razılığa sövq edilir. Qeyd edək ki, iradəsi zəif olanlar İran məxfi orqanlarına casusluğa razılıq verirlər. Xüsusilə narkotik aludəçilərinin və alverçilərinin "ələ alınması" o qədər də çətin olmur. İranın yeritdiyi bu xətt artıq ölkəmizdə məlumdur. Azərbaycan Xarici İşlər Nazirliyi keçən şənbə günü yaydığı bəyanatda ölkə vətəndaşlarını İrana səfər etməməyə, hazırda orada olan Azərbaycan vətəndaşlarını isə diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Onu da qeyd edək ki, belə xəbərdarlıqlar bir neçə dəfə verilib.
Xatırladaq ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. İran hakimiyyət orqanları Fərid haqqında bir aydan artıq müddətdə heç bir məlumat verməyib. Görünür, həmin müddətdə həbsxanada onu "sınaqdan" keçirirlərmiş. Daha sonra onun İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb. Bu, bir daha hazırda İrana səfərin təhlükəli olduğunu göstərir. Üstəlik, bəzi mənbələrin məlumatına əsasən, bu ölkəyə müalicə üçün səfər edənlər pis vəziyyətə düşür, tələyə salınır və daha sonra onlar İran xüsusi xidmət orqanları ilə gizli əməkdaşlığa cəlb edilməyə çalışılır. Bu günlərdə Bakıdan İrana gedən daha bir qadının "itdiyi" barədə məlumatlar verilib. O qadının da haqqında hələlik heç bir məlumat verilmir. Sanki insanlar orada "Bermud üçbucağı"na düşürlər. Belə faktlar kifayət qədərdir.
Keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin "Azərbaycan bizim gözümüzün nurudur" sözlərindən bu məna çıxır ki, bizi o qədər "sevirlər" ki, Azərbaycandan İrana gedənləri gözlərindən bir daha kənara buraxmamağa, onları da öz çirkin işlərinə qoşmağa, ölkəmizi təhlükə mənbəyi olan narkotik maddələrlə doldurmağa çalışırlar. Narkotik biznesinin genişləndirilməsi gələcəyimiz olan gəncləri və yeniyetmələri zəhərləyib aludəçiyə çevirmək, bununla da gələcəyimizi məhv etmək məqsədi güdür. Biz İran rejiminin Azərbaycana olan bu cür “sevgi”sinin nümunələrini çox görmüşük və görürük. Axırı xeyir olsun!
Vəli İlyasov, "İki sahil"