09 iyun 2023 00:58
587

Şər rejiminin səhiyyə kabusu...

İrana ucuz “sağlamlıq” dalınca gedənləri hansı təhlükələr gözləyir?

İran nə müstəqil Azərbaycan Respublikasına, nə də ki Cənubi Azərbaycanda tarixi torpaqlarımızda yaşayan 40 milyona yaxın soydaşımıza heç vaxt dost münasibəti nümayiş etdirməyib, əksinə, gizli-aşkar düşmənçilik aparıb. Bu düşmənçiliyin miqyasını təsəvvür etmək üçün təkcə son illər baş verənləri yada salmaq kifayətdir. 2020-ci ildə biz 30 ilə yaxın tarixi torpaqlarımızı işğalda saxlamış ermənilərə qarşı haqq savaşı aparanda dini dinimizdən olan bu üzdəniraq qonşumuz açıq şəkildə düşmənimizə tərəf durdu. Sanki, daha doğrusu, dəqiq Ermənistanın məğlub olmasını istəmirdi. Rəşadətli ordumuzun qəhrəmanlıq dastanı yazaraq Vətənin azadlığı uğrunda qanlı döyüşlər apardığı, kəndlərimizi, şəhərlərimizi qarış-qarış geri aldığı o 44 gündə İranın bir dəfə də olsun ləyaqətli davranışını, ədalətli bəyanatını görən, eşidən olmadı. Əvəzində bu ölkədən və ya bu ölkə vasitəsilə düşmənimizə silah, texnika, yanacaq daşınmasının görüntülərini qəzəblə, bir az da ürək ağrısı ilə izləməli olduq.

Axı, başqa vaxtı Allahın və dinimizin buyurduğu kimi ədalətli olmaqdan dəm vuran şovinist fars rejiminin başçıları haqlı tərəf olan dindaşlarına sahib çıxmaq əvəzinə, işğalçıya, talançıya kömək etməyə çalışdılar. O dərəcədə ki, ünvanlarına “Müharibə qurtaracaq. Onda hansı üzlə qarşımıza çıxacaqlar?” deyildi. Müharibə şanlı Qələbəmizlə başa çatdıqdan sonra İranın əsl sifəti bir daha göründü və məlum oldu ki, qarşımızdakı dost, mehriban qonşu deyil, ermənidən də betər ermənilik edən düşməndir...

Cənub qonşumuzun Azərbaycana qarşı düşmənçiliyi ən müxtəlif formalarda özünü göstərib və göstərməkdədir. İş o yerə çatıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin yanvar ayında ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zərurət olmadığı təqdirdə bu ölkəyə səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini kəskin şəkildə tövsiyə etməli oldu. Bəs Azərbaycan vətəndaşlarını İrana üz tutmağa vadar edən əsas səbəb hansıdır?

Təəssüf ki, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə nüfuz etmək vasitələrindən biri də səhiyyə olub. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana ötürülməsi, din pərdəsi altında ölkəmizdə terror qruplaşmaları formalaşdırmağa cəhdlərlə yanaşı, Tehran illər boyu öz səhiyyəsinin guya yüksək səviyyədə olması haqqında yalançı miflər yaradaraq azərbaycanlıları müalicə üçün bu ölkəyə “pənah aparmağa” təşviq edib. Məqsədli şəkildə həyata keçirilən bu plan müəyyən mənada işə yarayıb da. Belə ki, İranda guya keyfiyyətli və ucuz səhiyyə xidməti ilə təmin ediləcəyinə inanan çoxlu sayda vətəndaşımız sağlamlıq axtarışı ilə İrana üz tutub. Ancaq onların böyük əksəriyyəti sonda aldandıqlarını, uzun illər boyu Qərbin çoxsaylı sanksiyaları səbəbindən texnoloji baxımdan geridə qalmış, bu mənada ötən əsrləri xatırladan, “özünə umac ova bilməyib, başqalarına əriştə kəsmək” istəyən İrana gəlməyin yaratdığı problemləri yaşamağa məcbur qaldıqlarını anlamalı olublar. Şər qonşumuzda “səhiyyə turizmi” çoxdan “səhiyyə fırıldaqçılığı”na çevrilib və bu fırıldaqçılığı həyata keçirmək üçün dəllal taksi sürücülərinin də iştirak etdiyi xüsusi şəbəkə formalaşıb. Üstəlik, ucuz təbliğatın qurbanına çevrilmiş çoxsaylı vətəndaşlarımız öz həyatlarını da təhlükəyə atmış olublar. Çünki insanların xəstələyindən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək qədər alçaq üsullar da məhz İranın xüsusi xidmət orqanlarının adi iş metodlarındandır...

Azərbaycanın APA informasiya agentliyinin bu mövzuda apardığı araşdırma nəticəsində bir sıra dəhşətli faktlar ortaya çıxıb. Qəsdən yanlış aparılan müalicələr, bunların nəticəsi olaraq xəstələrin vəziyyətinin ağırlaşması və öl(dürül)məsi halları, daha çox pul almaq üçün lazım olmayan analizlər və keyfiyyətsiz iynə-dərmanların tətbiqi, ən ağla və insanlığa sığmazı isə həkim səhlənkarlığından dünyasını dəyişənlərin meyitlərini təhvil vermək üçün böyük məbləğlərdə pulların istənilməsi... Məlumata görə, 2016-cı ildə 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlu müalicə üçün aparıldığı Təbrizin “Kudakan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Baxmayaraq ki, körpə Qorqud tamam başqa diaqnozla xəstəxanaya yerləşdirilibmiş və həmin xəstəlikdən sağalıbmış. Həkimlər isə 3200 manat borcu bəhanə gətirərək uşağın meyitini ailəsinə verməkdən imtina edib...

Daha bir dəhşətli fakt isə ondan ibarətdir ki, İranda bəzi xəstəxanalardan müalicə üçün gələn əcnəbiləri casusluğa cəlb etmək üçün istifadə olunur. Məlum olduğu kimi, Cənubi Azərbaycanın teleqram kanallarından birində bununla bağlı səs yazısı yayılıb və İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar səsləndirilir. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb. Həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə edilməli olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini, yəni kəşfiyyat məlumatları verməli olduğunu bildiriblər.

Demək ki, İranın öz başbilənləri kimi riyakar tibb işçilərinə və təhlükəli səhiyyə sisteminə etimad etməmişdən, “ucuz ətin şorbası”na aldanmamışdan bir yox, bir neçə dəfə düşünmək lazımdır. Və demək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin İrana getməməyi kəskin şəkildə tövsiyə etməsi heç də səbəbsiz deyil. Şərdən uzaq olmaq üçün bu “şər yuvası” ölkədən də uzaq durmaq məsləhətdir. Cənubi Azərbaycanımızda azadlıq arzularının reallaşacağı günə qədər...

Mahir Rəsuloğlu, “İki sahil”