09 iyun 2023 01:35
589

Türkiyədə başa çatan seçki marafonu: Dünya demokratiyasına ustad dərsi

«Dünya beşdən ibarət deyil» müdrik kəlamı ilə beynəlxalq aləmdə  böyük  nüfuz sahibi olan Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə qazandığı  qələbəsini ona etimad göstərən xalqının birlik  və həmrəylik nümunəsi kimi dəyərləndirir

Qaynar  dünya  siyasətinin hərarətli günlərindən olan  28 may 2023-cü il  bütün türk dünyası üçün birlik, həmrəylik  bayramı kimi tarixə çevrildi. Həmin gün Türkiyədə ikinci turu keçirilən prezident seçkilərini  öz maraqlarına uyğun izləyən bəzi dövlətlər türk xalqından daha  həyəcanlı idilər. Dünyanın düzənini səhmana salacaq siyasətin kimlər tərəfindən  idarə ediləcəyi iddiasında olanların eyniləşən, bəzən ziddiyət təşkil edən  ehtimalları seçki qutusundan çıxan nəticələrlə bəlli oldu. Türk xalqı bu dəfə də tarixin sınağından alnı açıq çıxdı. Qazanan  ədalət, xalqın sarsılmaz  iradəsi, milyonların qətiyyəti oldu.   Prezident seçkiləri  ərəfəsində  ölkədə  keçirilən sorğularda   bəzi qüvvələrin Türkiyəni  parçalamaq planlarına qarşı birlik həmrəylik göstərəcəklərini bildirən seçicilər  Vətənini,  övladlarının gələcəyini etibar edəcəkləri namizədin adını tərəddüd etmədən söyləyirdilər: Rəcəb Tayyib Ərdoğan!

İqtisadi inkişafı, diplomatik uğurları,  hərbi qüdrəti ilə  dünyada söz sahibi olduğunu zənn edən dövlətlərin önündə gedən Türkiyə 28 mayda  demokratiya pərdəsi altında  gizlənən beynəlxalq təşkilatlara belə demokratiyanın ustad dərsini keçdi.  Özlərini «Millət İttifaqı» adlandırsalar da  milli maraqları deyil,  başqalarının istəklərini yerinə yetirəcəklərini seçkilərə hazırlığın ilk mərhələsində keçirdikləri görüşlərdə səsləndirdikləri xain, terrora dəstək çağırışları ilə  bəlli  edənlərə  yerini göstərən milyonlar heç bir ölkədə  görünməyən şəffaf səsvermədə yekdil iştirakları ilə Vətənlərini mənfur niyyətlərdən qorudular. Xalqın namizədi, milyonların etimad göstərdikləri  Rəcəb Tayyib Ərdoğan bütün xain çağırışlara  qalib gəldi. Türkiyə ilə Azərbaycan  arasında əsrlərdən bəri davam edən qardaşlığa  kölgə salmağa çalışan bədniyyətlilər bilməli idilər ki,  dırnağı ətdən ayırmaq mümkün deyil!  Hər iki xalqın istəklərinə uyğun siyasi, iqtisadi əlaqələrə kölgə salacaq, həyata keçirilən  qlobal layihələrin istiqamətini dəyişəcək qüvvə yoxdur və ola da bilməz.  Türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin təməlini qoyduqları bu qardaşlıq əbədi və sarsılmazdır. Dünya siyasətində çəkisi və nüfuzu artan Türkiyə ilə Azərbaycan daim qoşa addımlamışlar və eyni həmrəylik bundan sonra da əzmlə davam etdiriləcək.

28 mayda ölkəyə başçılıq etdiyi son iyirmi ildə xalqına sədaqətlə xidmət edən  Rəcəb Tayyib Ərdoğanın uğurlarından, xalqın liderinə etimadından qorxanların, 2023–2028-ci illərdə bu ölkənin daha da qüdrətlənəcəyindən təşvişə düşənlərin  niyyətləri Qara dənizin sularında boğuldu.

Bir vaxtlar Türkiyəni Avropa İttifaqına qəbul etməmək üçün bəhanələr uyduranların, bu ölkəni 1960–1990-cı illərdəki kimi zəif  görmək istəyənlərin  doğrulmayan ümidləri səbəbsiz deyildi. Akkuyuda tam gücü ilə işləyəcək Atom Elektrik Stansiyası, Cə­nub-Şərqi Anadoluda neft ehtiyatlarının aşkar edilərək istifadəyə hazır vəziyyətə gətirilməsi Qərbi narahat edir. Bu ölkənin müdafiə qüdrətini  artıran  modern hücum təyyarələri­nin, hərbi  gəmilərin ölkənin Silahlı Qüvvələrinə verilməsi, zəlzələ bölgəsində  qısa müddətdə aparılan genişmiqyaslı tikinti işlərinin sürətli davamı  təsadüfi dövlət başçılarının öhdəsindən gələ biləcəkləri vəzifə deyildi.  Yüzilliyin kəsişməsində   seçim qarşısında qalan xalq inanırdı ki, taleyini etibar edəcəyi,  biri-birindən məsuliyyətli, siyasi, iradə qətiyyət tələb edən  tarixi missiyanı     Vətənini sevən Rəcəb Tayyib Ərdoğan kimi təcrübəli  siyasətçi, dövlət xadimi   davam etdirə bilər.

Bu ilin aprel ayında İstanbulda keçirilən «TEKNOFEST» festivalındakı çıxışında  qardaş ölkənin hərbi qüdrətini  «Kızılelma»” havada, «Altay»” və «Togg»” quruda, «Anadolu”» dənizdə» kəlmələri  ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən, «Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!”.» sözləri ilə diqqətə çatdıran  Prezident İlham Əliyevin sözləri  qardaş ölkənin  qüdrətinin ifadəsi, Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi.

Ölkədəki iqtisadi problemlərin aradan qaldırılması üçün daxili resurslardan, xalqın gücündən  istifadə etməklə Türkiyənin   regionda və dünyada  liderliyini təsdiqləyəcək ən layiqli  liderin Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsinə inanan xalq qarşıdakı illərdə  seçimində  yanılmadığının şahidi olacaq.  Bu ölkənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl is­tifadəyə verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması, ən iri hava limanlarının, səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu ölkənin xarici düşmənləri kimi, daxili xəyanətkarlarını da məyus edir. Onlar Türkiyəyə dəmir iradəli liderin yox, hər cür güzəştə açıq olan zəif birisinin başçılıq etməsini  istəyərdilər. 

Amma zamanın hökmü, günümüzün reallıqları ədalətli seçimində yanılmadı. Bütün dünyanın diqqətini cəlb edən dünya siyasətinin masasında  həllini gözləyən məsələlərlə bağlı müzakirələrdə   nüfuzu, dövlətçilik təcrübəsi ilə seçilən Rəcəb Tayyib   Ərdoğanın vasitəçiliyi ilə yaranan sabitlik  hər kəsin maraqla izlədiyi hadisələrdir. Dünyada  taxıl qıtlığının yarandığı məqamlarda ədalətli davranışı  ilə maraqları birləşdirən , Rusiya–Ukrayna müharibəsində vasitəçi olan, hər iki ölkə ilə danışıq aparmaq  səlahiyyətlərinə malik Türkiyə Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzu  bölgədə qarşılıqlı anlaşma prinsipinə sadiqliyin yeganə yol olduğunu göstərdi. Qlobal məsələlərin müzakirələrində, mühüm əhəmiyyətli layihələrin reallaşmasında maraqları eyni olan, qoşa addımlayan  Türkiyə ilə Azərbaycanın dünya siyasətinə təsir imkanlarının artması da təkzibolunmaz reallıqdır. 

Türk xalqının daim «Can Azərbaycan!» adlandırdığı ölkəmizlə sarsılmaz qardaşlığı  qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təsdiqləndiyi  kimi,  44 gün davam edən İkinci Qarabağ müharibəsində də özünü doğrultdu.  Ulu Öndər Heydər Əliyevin «Azərbaycan ilə Türkiyə bir millət, iki dövlət» kəlamının müdrikliyi Vətən müharibəsində ,  bu ilin fevralında qardaş ölkədə baş verən, əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında da  təsdiqləndi. İkinci Qarabağ müharibəsindən sonra paytaxtımızda keçirilən  Zəfər paradında  qoşa dayanan, Şuşada Müttəfiqlik  Bəyannaməsini imzalamaqla iki ölkə arasındakı qardaşlığın əbədiliyini  dünyaya bəyan edən  dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın  Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət də türk dünyasının artan gücünün ifadəsidir.

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində bir daha  təsdiqlənən bu səmimiyyəti bütün dünya ictimaiyyəti maraqla izlədi.  Canlı yayımlanan mərasimdəki görüntülər Prezident İlham Əliyevin  «Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» sözlərini daha geniş səviyyədə bəyan etdi. 
Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə, daha güclü  həmrəyliyə ehtiyac duyulduğu dünyamızda  iki qardaş xalqın sarsılmazlığının ifadəsi olan bu səmimiyyətə şahidlik edən qonaqlar, dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri həqiqi səmimiyyətin nəyə qadir olduğunu hiss etdilər. Türkiyə yüzilliyi”nin başladığını və ölkənin daha möhtəşəm  yüksəlişə qədəm qoyduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”» sözləri başda Azərbaycan olmaqla türk dünyasını birlik və həmrəyliyə çağırış idi. Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün bu birliyə arxalanır, qardaş dəstəyinə güvənir.

Bu güvənin ən bariz ifadəsi  bu ilin aprel ayında İstanbulda keçirilən «TEXNOFEST» festivalında  Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq» minnətdarlıq sözləridir. Vətən müharibəsinin ilk  saatlarından  Türkiyənin siyasi, mənəvi dəstəyini hiss edən Azərbaycan xalqının,  zəlzələnin nəticələrinin aradan qaldırılmasında türkiyəli həmkarları ilə birlikdə çalışan  azərbaycanlı mütəxəssislərin dəstəyi hər iki xalqı qürurlandıran birlik nümunəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»