Beynəlxalq təşkilatlar Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində metallurgiya zavodu tikməyə hazırlaşan Hayastana ciddi təzyiqlər göstərərək bölgəni təhlükəyə sürükləyən bu prosesin qarşısını almalıdırlar
Təcavüzkar Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində ağlasığmaz ekoloji terror törədib. Bu müddətdə dinc insanların və təbiətin qənimi olan erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Bundan başqa, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsi davam etmişdir. Hamımız yaxşı bilirik ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Yeri gəlmişkən, Almaniyanın “Cronimet” şirkəti bu ekoloji cinayətdə Hayastanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terroru bu gün də davam etdirir. Hayastanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton, 70 milyon ABŞ doları səramayə yatırılacaq iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı bu ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumatın, eləcə də bu faktı təsdiq edən videogörüntülərin yayılması bunun əyani təsdiqidir. Heç kimə sirr deyil ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Şübhəsiz, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Məsələ ilə bağlı iyunun 8-də Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat yayıblar. QHT-lər başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıb. Onlar, həmçinin Amerika Birləşmiş Ştatları hökumətinə müraciət ediblər ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı bəyanatında bildirilir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib.
Təbii ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində metallurgiya zavodunin inşası ilə bağlı layihəsi Hayastanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının müddəalarını kobud surətdə pozması deməkdir. Buna görə də başda BMT olmaqla nüfuzlu beynəlxalq qurumlar, eləcə də ABŞ rəsmiləri, bu ölkənin Azərbaycan və Ermənistandakı səfirlikləri Hayastanın regionun ekoloji təhlükəsizliyinə ciddi zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərinə yubanmadan münasibət bildirməli, bölgəni ekoloji təhlükəyə sürükləyən bu prosesin qarşısını almaq istiqmətində ciddi addımlar atmalıdırlar.
Zahid Rza, “İki sahil”