İki il əvvəl - 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Şuşa bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin indiki şərait üçün əsl lokomotividir. Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib.
Bəyannamədə bu bəndin vurğulanması da təsadüfi deyil və onun nə qədər əhəmiyyətli olduğunu göstərir: «Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir».
Türkiyə təkcə qardaş və müttəfiq dövlət deyil, o həm də NATO ölkəsi, Avropa İttifaqına üzvlüyə namizəddir. Bir sözlə, Qərb blokunun vacib üzvüdür. Şuşa bəyannaməsi həm də bu baxımdan önəmlidir. Bu sənəd türk dövlətlərinin bir-birinə yaxınlaşması üçün də vacib addımların atılmasını şərtləndirir.
Ukraynada baş verən hadisələr Azərbaycan və Türkiyə müttəfiqliyinin beynəlxalq təhlükəsizliyin təmin olunmasında vacib rollardan birinin oynadığını təsdiqlədi. Şuşa bəyannaməsində tərəflərin regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi xüsusi vurğulanıb.
Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi hər iki qardaş ölkənin təhlükəsizliyi üçün çox önəmli bir sənəddir. Bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Təbii ki, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri