Prezident İlham Əliyevin rəhbərliyi altıında uğurlu və nümunəvi enerji siyasəti həyata keçirilir. Azərbaycan digər sahələrdə olduğu kimi enerji sahəsində də öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra edərək özünü dünya miqyasında sözünə bütöv, etibarlı tərəfdaş kimi tanıtmışdır. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirən ölkəmiz günü-gündən inkişaf edərək qarşısına qoyduğu bütün hədəflərə çatır.
Bunun da nəticəsi olaraq ölkəmiz tərəfindən böyük enerji layihələri icra olunur, dünyanın tanınmış enerji şirkətləri ilə müqavilələr bağlanır və Azərbaycan bir sıra dünyamiqyaslı enerji tədbirlərinə ev sahibliyi edir. Mayın 31-də Bakıda keçirilən 35 ölkəni təmsil edən 320 şirkətin iştirak etdiyi 28-ci Beynəlxalq Sərgi uğurlu siyasətimizi təcəssüm etdirməklə, Azərbaycanın yüksək enerji potensialına malik olduğunu bir daha göstərdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı.
Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev xatırlatdı ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Çıxışında ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasəti haqqında bəhs edən cənab Prezident Azərbaycanın nəhəng enerji infrastrukturu yaratdığını və Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini diqqətə çatdırdı. Eyni zamanda enerji sahəsindəki perspektiv planlar haqqında bəhs edən cənab İlham Əliyev dünyada Azərbaycan qazına ehtiyacın artmaqda olduğunu bildirdi. 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Bakı Enerji Həftəsi enerji sahəsində artıq aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti və Böyük Britaniyanın Baş nazirinin bu tədbirə məktublar ünvanlaması bunu sübut edən amillərdir. Bir sözlə, Bakı Enerji Həftəsi qlobal əhəmiyyətə malik bir tədbirdir. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Həyata keçirilimiş tədbirlər nəticəsində artıq Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
Uzun illər dünyada xam neft ixracatçısı kimi tanınan ölkəmiz artıq uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz dəhlizinin təşəbbüskarı və icraçısı kimi qəbul edilir. Belə ki, qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri olan Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayır. Bu layihə Xəzər dənizinin Azərbaycan hissəsinin qaz resurslarını birbaşa Avropa bazarlarına çıxararaq, bütünlükdə regionun enerji xəritəsini dəyişir. Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən dəhlizin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya olmaqla yeddi ölkə iştirak etmiş və bu layihənin həyata keçirilməsində iştirakçı olan bütün tərəflərin həm hasilatçı ölkə Azərbaycanın, həm tranzit ölkələr, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyi məsələləri tam şəkildə təmin edilmişdir.
Enerji marşrutlarının şaxələnirilməsindən danışarkən Prezident İlham Əliyev diqqəti Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışına və ötən ilin dekabr ayında Buxarest şəhərində keçirilən yaşıl enerjiyə dair mühüm tədbirə çəkdi. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir və tezliklə qonşu ölkələrə də Azərbaycan qazı nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər Azərbaycan qazı Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracı coğrafiyası genişlənəcəkdir. Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair keçirilən tədbirdən bəhs edərkən isə ölkə başçısı bildirdi ki, bu mühüm tədbir zamanı Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində Azərbaycan ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcək. Bununla da, etibarlı ticarət tərəfdaşı adını qazanan ölkəmiz dünya ölkələri ilə çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək istiqamətində fəal iş aparır, heç bir ölkənin daxili işlərinə qarışmadan, şəffaf və təhlükəsiz şəraitdə siyasi dialoq həyata keçirərək zəngin enerji potensialı, güclü və dayanıqlı iqtisadiyyatı ilə hərtərəfli inkişafını təmin edir. Azərbaycan qaz ixrac etdiyi ölkələrdə ixracın həcmini artırmağı, ümumilikdə 2027-ci ilə qədər Avropaya 20 milyard kubmetr təbii qaz çatdırmağı planlaşdırır. Yalnız Avropa İttifaqı ölkələrinə deyil, o cümlədən qardaş Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, İtaliya və Rumıniyaya da təbii qaz göndərilərək ixracat coğrafiyası genişləndirilir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri