07 iyun 2023 23:36
562

Ölkəmizdə aqrar sahənin inkişafı prioritetdir

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının istifadəyə verilməsi qarşıya qoyulan hədəflərə daha səmərəli nail olmağa stimul verəcək

Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanır. Bu, təbii ki, ölkəmizin islahatlar prosesini  dövrün və zamanın tələblərinə uyğun dərinləşdirməsinə, yeniliklərin tətbiqinə əsaslanır. Yeni texnologiyaların tətbiqi şəraitində işin keyfiyyətini və səmərəliliyini artırmaq mümkündür və bu, son illərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır.

Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur.  Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa əsas verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni hədəflərə stimul verir. Bu baxımdan ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.

Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi daim prioritet məsələlər sırasında olub. Cənab İlham Əliyev çıxışlarında daim bu məqamı önə çəkir ki, ərzaq təhlükəsizliyi vacib məsələdir.  İmkan daxilində bu məsələnin həlli ilə bağlı lazımi addımlar atılır. Amma reallıq da nəzərə alınır. Çünki Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox dövlətlərə  nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi,  ərazimizin bir hissəsi iqlimə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni, bu, reallıqdır və  bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.

Ölkə Prezidenti, həmçinin 2020-ci ilin sentyabr ayına qədər  torpaqlarımızla yanaşı, çaylarımızın da işğal altında olduğunu diqqətə çatdırır. Ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək ölkəmizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir: «Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Mən misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı ixracı hesabına əldə edilib. Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.» Artıq azad edilmiş torpaqlarda da vaxt itirmədən əkin işlərinə başlanılıb və böyük vəsait səfərbər edilib. O da məlumdur ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunmuşdu. Dövlət başçısı  bu faktı da açıqlamışdır ki, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Bu, Ermənistan üçün böyük rəqəmdir. Amma Azərbaycan üçün böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Əhali artır, ildən-ilə tələbat da artır.  Ona görə də demoqrafik perspektivlər nəzərə alınaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqi şəraitində müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaradılmalıdır.

Qarşıya qoyulan hədəflər inkişaf üçün stimuldur. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.
 Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi. Pandemiya ilə əlaqədar bütün dövlətlərin iqtisadi böhranla üzləşdiyi dövrdə Azərbaycan vəziyyətdən daha az itki ilə çıxdı.

Bu gün ölkəmizin iqtisadi imkanlarının  təhlili fonunda bu mühüm məqam xüsusi vurğulanır ki, gələcək üçün böyük potensial mövcuddur. Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Bunun üçün suvarma sisteminin yenilənməsi, su mənbələrindən səmərəli istifadə, dağ-mədən yataqlarının istismarı ilə bağlı layihələr həyata keçirilir. Suqovuşan qəsəbəsinin azad edilməsi ilə bölgədəki əkinə yararlı torpaqların suvarılması ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla daxili bazarın yerli məhsullar hesabına təminatı imkanları daha da genişlənəcək. Həkəri, Bazarçay, Oxçuçay, Xaçınçay kimi su mənbələrindən səmərəli istifadə ilə, bölgələrin dirçəldilməsi ilə məhsuldarlıq daha da artacaq və əhalinin ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin olunacaq.

İşğaldan azad olunmuş torpaqların dirçəldilməsində başlıca vəzifə erməni vandallarının dağıtdığı şəhər və kəndlərin yenilənməsi, şəhərsalma qaydalarının tətbiq edilməsidir. Bu proses sürətlə həyata keçirilir. Əsas hədəf Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsidir. Bundan sonra həmin bölgələrin həyatında yeni dövr başlayacaq. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» gələcək üçün yol xəritəsidir.

Bu reallıq da inkaredilməzdir ki, ölkəmizin hərtərəfli inkişafı  kompleks tədbirlərin  həyata keçirilməsini ilə müşayiət olunur. Bu günlərdə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının istifadəyə verilməsi də qarşıda dayanan çağırışların uğurlu icrasına stimul olacaq. Yeni inzibati binanın açılış  mərasimində qeyd edildi ki,  ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib. Belə ki, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi əvvəlki illə müqayisədə 1 faiz artıb.

Göründüyü kimi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycana davamlı uğurlar qazandırır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət alması iqtisadi tərəqqinin  hər bir ölkənin inkişafında prioritet olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, «İki sahil»