08 iyun 2023 00:35
565

Nə qədər ki, gec deyil...

Bugünkü reallıqlarımız: Güclü iqtisadiyyat, müzəffər ordu, beynəlxalq nüfuz

İrəvan Bakıdan gələn sülh çağırışlarına müsbət cavab verməlidir

Prezident İlham Əliyevin son 20 ildə ölkəmizə qazandırdığı ən böyük uğurlardan biri də bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasıdır. Bu gün Prezident İlham Əliyevin  düşünülmüş, tam müstəqil siyasəti və uğurlu  diplomatiyası ilə Azərbaycan sosial-iqtisadi inkişafda böyük  nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik  olan dövlət  statusuna sahiblənib. Hazırda Azərbaycan  tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Tarixinin ən güclü  dövrünü yaşayan  Azərbaycanın bugünkü reallıqları və uğurları güclü iqtisadiyyat, qüdrətli dövlət, müzəffər ordu, beynəlxalq  arenada önəmli mövqe , uğurlu xarici siyasət  və qalib ölkə statusuna sahiblənməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs qarşılıqlı faydalı münasibətlərin hərtərəfli inkişafına öz möhkəm sadiqliyini nümayiş etdirməkdədir. Bu kurs ölkəmizin çiçəklənməsi, davamlı tərəqqiyə və əhalinin rifahının təmin edilməsinə, Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Bölgədə əmin-amanlığın və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır.

Son 20 ildə dayanıqlı və özünü  təmin edən müstəqil iqtisadiyyatı, xarici siyasəti  olan Azərbaycan  İkinci Qarabağ müharibəsindəki  şanlı Zəfəri ilə gücünə bir qədər də  güc qatdı. Dünya Azərbaycanı həm də müzəffər  orduya sahib ölkə kimi tanıdı.Siyasi, iqtisadi  və hərbi gücün vəhdəti Azərbaycanın söz və  güc sahibi  kimi nüfuzunu  yüksəltdi. Bu gün elə bir mötəbər  beynəlxalq toplantı yoxdur  ki, Azərbaycan  Prezidenti  oraya dəvət edilməsin və   həmin tədbirdə müasir dövrün çağırışları, mövcud problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni, Prezident İlham Əliyev təkcə regional məsələlərdə deyil, eyni zamanda, mahiyyətindən asılı olmayaraq dünya miqyasında  baş verən qlobal  hadisələr zamanı qətiyyətli mövqe nümayiş  etdirir.  Dövlət  başçısının  təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın  möhkəmləndirilməsi  istiqamətində  mühüm nümunədir. Buna tək bir misal olaraq  Prezident İlham Əliyevin  Qoşulmamaları Hərəkatının  sədri kimi irəli sürdüyü qlobal  təşəbbüsləri , mühüm təklifləri göstərmək olar. Ölkəmizin təşkilata sədrliyinin qlobal pandemiyaya dövrünə təsadüf etməsinə baxmayaraq, çevik və səmərəli  şəkildə öz  sədrlik gündəliyini  yeni reallığa uyğunlaşdıran cənab İlham Əliyev təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi ilə ortaya nümunə qoydu.

Tarixi Zəfərimizin  qazanılmasından ötən illər ərzində Azərbaycan danışıqlar masasında da böyük üstünlük qazandı. Bu gün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyir. Bu, qətiyyətli və dönməz mövqenin yaratdığı mənzərədir. Dövlət başçısı Laçın sakinləri ilə görüşündə də bildirdi ki, bütün bu reallıqları yaradan biz olmuşuq: "Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır".  

Bu gün Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması xüsusi diqqət mərkəzindədir. Azərbaycan bu istiqamətdə fəal siyasət həyata keçirir, Ermənistan isə gah nala vurur, gah da … Torpaqlarımızın işğaldan azad  edilməsindən  ötən müddət ərzində  Azərbaycanla Hayastan arasında münasibətlərin normallaşması  ilə bağlı bir  neçə platformada müzakirələr aparılıb. Ən əsası   odur ki,  Moskvada , Soçidə, Praqada və Brüsseldə aparılan  danışıqlarda Azərbaycan  daim sülhə tərəfdar  olduğunu  göstərib, münasibətlərin normallaşması  istiqamətində konstruktiv  təkliflər  ortaya  qoyub. Lakin istər Avropa İttifaqı  Şurasının  Prezidenti  Şarl  Mişelin, istərsə də Rusiya Prezidenti   Vladimir Putinin vasitəçiliyi ilə  aparılan  müzakirələrdə müəyyən  razılaşmalar əldə olunsa da, Hayastan davamlı şəkildə  imzaladığı  bəyanatların, üzərinə götürdüyü  öhdəliklərin ruhuna və məzmununa uyğun olmayan davranış ortaya qoyub.

Bu ilin may ayından etibarən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar xüsusilə intensivləşib. Ard-arda baş tutan təmaslar, Vaşinqtonda XİN rəhbərlərinin, Brüsseldə və Moskvada dövlət rəhbərlərinin görüşləri, mövqelərin yaxınlaşdırılması üçün mühüm şanslar yaradır. Kişineuda keçirilən görüş də qeyri-rəsmi olsa belə, hər halda gələcək müzakirələr üçün müəyyən rol oynaya bilər. Görüşdən sonra verilən açıqlamalar da bununla bağlı ümidlər yaradır. Vurğulanmalıdır ki, son görüşlərin ardından Ermənistanın siyasi rəhbərliyinin bəzi bəyanatları sülh ilə bağlı da müəyyən ümidlər formalaşdırır. Bununla belə, erməni məkri birmənalı şəkildə reallıqları və ədaləti özündə əks etdirən sülhün imzalanmasını hələ də gecikdirir. Erməni mediası zaman-zaman xəritələr, delimitasiya ilə bağlı manipulyasiyalara yol verir, daxili auditoriyaya hesablanan qeyri-real fikirlər tirajlayır, təxribatlar törədir.  Amma reallıq dəyişmir - sülh prosesi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında inkişaf edir.

Rəsmi İrəvan nə qədər çalışsa da başqa yolu yoxdur - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişib. Artıq Laçın-Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsi bütün reallıqları hər kəsə nümayiş etdirib.  Ordusu dar­madağın edilmiş, iqtisadiyyatı çökdürülmüş, əhalisi ac-yalavac vəziyyətdə olan Ermə­nistanın da sülh sənədini imzalamaqdan başqa bir yolu yoxdur.  Ona görə də nə qədər ki, İrəvan  üçün gec deyil Bakıdan gələn sülh çağırışlarına müsbət cavab verməlidir.

Yaqut Ağaşahqızı, “İki  sahil”