Mayın 31-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olmuşdur. Tədbirdə Cənab Prezident Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bildirərək qeyd etmişdir ki , sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.
Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi, - bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.
Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu Öndər 1994-cü ildən təşkil edilən sərgilərə daim dəstək verib. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapır.
Eyni zamanda Prezidentimiz çıxışı zamanı onu da vurğulamışdır ki , biz həm Azərbaycanda, həm də Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirmək, bərpaolunan enerji sərmayəsini açmaq və uzun müddət ərzində bazarlarımızda ticarəti təşviq etmək öhdəliyimizə sadiqik. Bu baxımdan Azərbaycanda elektrik enerjisi haqqında qəbul edilmiş yeni qanunu alqışlayırıq. Bizim tərəfimizdən Avropa İttifaqı qanunvericiləri bu yaxınlarda yeni enerji səmərəliliyi və bərpaolunan enerji tədbirləri, o cümlədən daha iddialı 2030-cu il hədəfləri ilə bağlı danışıqları tamamladılar. İqlim və enerji üzrə böyük iqtisadiyyatlar forumunun son iclasında Prezident Ursula Fon der Lyayen noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Dubayda keçiriləcək İqlim Dəyişikliyi Konfransı - “COP-28” ərəfəsində enerji səmərəliliyi və bərpaolunan enerji üçün qlobal hədəflər təyin edib. Bu baxımdan biz inanırıq ki, həmin məqsədə çatmaqda Azərbaycan da bizə dəstək olacaq. Burada həm qaz tədarükünün artırılması, həm də yerli və beynəlxalq bazarlar üçün bu imkanlar olmalıdır. Bu baxımdan maarifləndirməyə və məlumatlandırmaya ehtiyac var. Biz də tənzimləyici çərçivə olaraq daha çox şəffaflığa nail olunması, emissiyaların azaldılması sahələrində və digər sahələrdə böyük işlər görürük. Biz Azərbaycan ilə bu istiqamətdə bərabər çalışmağa hazırıq.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında etibarlı tərəfdaş kimi mühüm mövqeyə sahibdir və bu forum da özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləmişdir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı