“Bir millət, iki dövlət” tezisini qardaşlıq bağına çevirən iki dövlətin başçısı həmişə - yaxşı gündə də, pis gündə də çiyin-çiyinə, tək yumruq
Təqvimin 28 may tarixi Azərbaycan xalqı üçün son 105 il ərzində Müstəqillik Günü kimi önəmli idi. İndi isə Türkiyənin seçki təntənəsi və bu seçkilərdə demokratiyanın qələbəsi 2023-cü ilin 28 may tarixini yeni dövrün - yeni türk əsrinin başlanğıcı kimi də təsdiq etdi. İstər Türkiyə Böyük Millət Məclisinin yeni tərkibi, istərsə də Prezident xalqın iradəsi əsasında seçildi. Türk xalqı və bütünlükdə Türkiyə bu dəfə də doğru, müdrik qərar verərək xarici imperialist mərkəzlərdə hazırlanan qara planların həyata keçməsinə imkan verməyəcəyini bir daha nümayiş etdirdi. Qərbin sinəsinə döyən “oturuşmuş demokratiya dövlətlərində” bu səviyyədə siyasi və mənəvi yetkinlik yoxdur. Bu cəhətdən də Türkiyə Qərbi məyus etdi. Bir daha təsdiq olundu ki, çağdaş Türkiyə bir dövlət və xalq olaraq siyasi cəhətdən yetkindir, mobildir, özünə və gələcəyinə əmindir. Türkiyə xaricdən idarə olunan toplumlardan deyil və heç vaxt olmayacaq.
Heç şübhə yoxdur ki, Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətcə yeni - daha üstün bir mərhələyə keçib. Qardaş ölkə Azərbaycanı çox sevən və Azərbaycanda da çox sevilən Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya miqyasında söz sahibinə çevrilib. Əslində 20 il dünya tarixi üçün qısa bir zaman məsafəsidir. Amma həmin illərə ötəri bir baxış kifayətdir ki, Türkiyənin hansı uğurları əldə etməsini görmək mümkün olsun. 2002-ci ildə keçirilən parlament seçkilərində R.T.Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası qələbə qazandıqdan sonra hər şeydən əvvəl Türkiyənin istər siyasi, istər sosial, istər də iqtisadi həyatında hökm sürən böhranın qarşısının alınmasına başlanıldı. Ərdoğan qalib bir lider kimi ağıl və zəkasını, bütün güc və qüdrətini ölkənin həm siyasi, həm də iqtisadi həyatında islahatlara, bütün sahələrdə inkişafa sərf etməyə başladı. Bu, asan olmasa da bütün gizli və aşkar çətinliklərdən sonra Türkiyəni hazırda dinamik inkişaf edən, vurduğu yerdən səs gətirən bir söz sahibinə çevirdi. Türkiyə Ərdoğanın rəhbərliyi ilə ölkənin iqtisadi, sosial, mədəni, təhsil və s. sahələrində aparılan ciddi islahatlar öz bəhrəsini verməyə başladı. Qazanılan uğurlar imperialist dairələri türk lideri ilə hesablaşmağa məcbur etdi. Beləliklə, Ərdoğan bölgənin siyasi xəritəsini dəyişdirmək istəyənlərə heç bir imkan vermədi, Türkiyənin regional güc olduğunu dünya birliyinə sübut etdi. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir.Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Dünya liderləri Ərdoğanın mövqeyi ilə razılaşır və ona böyük hörmət bəsləyirlər. Təkcə son vaxtlarda Türkiyənin və şəxsən Ərdoğanın iştirakı və dəstəyi ilə bir sıra regional və qlobal məsələlərin həllində ortaq məxrəcə gəlinərək razılaşmalar əldə olunmuşdur. Fakt budur ki, R.T.Ərdoğanın liderliyi ilə qardaş ölkə möhtəşəm “Türkiyə əsri” layihəsinin icrasına start verir. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Türkiyənin güclü sənayesi həm Türkiyənin özünü və onun müttəfiqlərini gücləndirir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək. Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır.
Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, o, hakimiyyətə gələnə qədər ölkənin istehlak bazarı xarici istehsaldan asılı idi. Bu isə xarici dövlətlərin Türkiyə bazarını nəzarətdə saxlamasına və onun siyasi mühitinə təsir göstərməsinə imkan verirdi. Türkiyənin ixracatı təxminən 36 milyard dollar idisə, bu gün həmin rəqəm 254 milyard dollar yüksəlib. Türkiyə iqtisadiyyatı son 20 ildə Ərdoğanın rəhbərliyi ilə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan ölkə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il ölkə trilyon dollarlıq iqtisadiyyata malik məmləkətlər qrupuna daxil olacaq. Son illərdə hərbi sənayesi sürətlə inkişaf edən və yeni nəsil silahlar, PUA-lar istehsal edən qardaş ölkənin silah ixracı 2 milyard dollardan artıqdır. Türkiyənin müdafiə sənayesi şirkətləri bu ilin may ayında 554, 4 milyon dollarlıq məhsul ixrac edib. 2023-cü ilin ilk beş ayında müdafiə sənayesinin ümumi ixracı 2 milyard dolları keçib. Əlavə edək ki, Türkiyə 2022-ci ildə rekord məbləğdə - 4 milyard dollardan çox silah satıb. Hökumət bu il silah ixracatı həcmini 6 milyard dollara çatdırmağı hədəfləyir. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir.
Türkiyə xalqı seçkilərdə sabitlik, firavanlıqla yanaşı, həm də Azərbaycanla gələcəkdə qoşa addımlanacaq yola, birliyə, qardaşlığa səs verdi. Türkiyə və Azərbaycan bu gün dünyanın ən mühüm iqtisadi logistik mərkəzləri qismində çıxış etməkdədirlər. Seçki dövründə Azərbaycanı Türkiyədən kənarda düşünənlər, hətta ortaya ayrılıqlar salmağa çalışanlar Türkiyə seçicisinin kəskin etirazı ilə qarşılandı. Türkiyə xalqı sübut etdi ki, Azərbaycanı nəzərə almayan hər hansı bir siyasətçi ölkənin hakim elitasında yer ala bilməz. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə bu mühüm siyasi hadisəyə - prezident seçkilərinə həm də iki qardaş ölkənin son dövrlərdə yaratdığı yeni siyasi reallıqlar müstəvisindən yanaşır. Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu.
Azərbaycan və Türkiyə hər zaman bir yerdədir - çətin günlərdə də, qazanılan zəfərlərdə də. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verdi və bu dəstək 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş olundu. Türkiyənin Azərbaycanın yanında olduğunun qətiyyətlə səsləndirilməsi, bu mənəvi-siyasi dəstək isə qələbəmizdə özünəməxsus yer tutdu. Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Bu ilin fevralında qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoymaqla bu qardaşlığın əbədi olduğunu bir daha nümayiş etdirdilər.
Bu gün qlobal siyasi aktora çevrilmiş Türkiyənin regional layihələrin icrası prosesində oynadığı mühüm rol Azərbaycan - Türkiyə qardaşlığının nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn, Türkiyənin dəstəyi ilə artıq reallığa çevrilmək üzrə olan “Türk yolu” layihəsi bu iki dövlətin bütövlükdə türk dünyası üçün yaratdığı yeni inkişaf mərhələsidir. Bu mərhələnin formalaşması isə birbaşa iki dövlət başçısının qardaşlıq münasibətlərinin təzahürüdür. Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dünyaya növbəti nümayişinə çevriləcək. Azərbaycan ilə Türkiyə yeni inkişaf mərhələsinə birgə qədəm qoyacaqlar. İstər Şərqə, istərsə də Qərbə inteqrasiyanın gücləndirilməsi, türkdilli ölkələr arasında bağın və bağlılığın inkişaf etdirilməsi, milli iqtisadiyyatların qlobal iqtisadiyyata transformasiyasının gücləndirilməsi və digər mühüm spektrli fəaliyyətlərə birgə imza atılacaq. Birlik, iki dövlət arasındakı qardaşlıq gələcək inkişafın birinci təməl prinsipi kimi çıxış edəcək...
Reallıq budur ki, bu gündən etibarən Türkiyədə və türk dünyasında sözün həqiqi mənasında yeni dönəm başlayır.
Yaqut Ağaşahqızı, “İki sahil”