08 iyun 2023 02:57
659

İranın məkrli planları bumeranq effekti verəcək

Şeytani və terrorçu molla rejimi ölkəmizə qarşı çirkin və məkrli əməllərini günahsız vətəndaşlarımızın üzərindən həyata keçirə bilər və bunu etməkdədir

İran həmişə olduğu kimi, bu gün də hər vəchlə ölkəmizə qarşı məkrli planlarını həyata keçirməyə çalışır. Hər il olduğu kimi, bu il də aprelin 14-də İranda keçirilən “Qüds günü” bunun bariz nümunələrindən biridir. Aksiyalarda Azərbaycan əleyhinə yazılan şüarlarla yanaşı, “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar da yer alıb. Əslində bu, Ruhullah Musəvi Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi “Qüdsün yolu Kərbəladan keçir” şüarının yeni formasıdır.

Mollakratiyanın ölkəmizə qarşı təxribatçı əməlləri yalnız bununla bitmir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşlar  və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır. Bu barədə hətta xarici mətbuatda belə maraqlı məlumatlara rast gəlinir.  Həmin məlumatlardan birində deyilirdi ki, İran Azərbaycana “şiş informatorları” adı altında 3500 agenti sızdırıb. Bu şəxslər ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki, hərbi və diplomatik sahələrdə Tehranın şər oyunlarına xidmət etmək üçün strateji mövqelərə sahibləniblər.Tehran rejiminin ölkəmizdəki səfirliyi bu işləri koordinasiya etmək üçün demək olar ki, əsl casusluq və şər yuvasına çevrilib.

Bir müddət əvvəl ölkəmizin hüquq- mühafizə və təhlükəsizlik orqanları İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının ölkə ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirib.Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “Molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib.

Bu yaxınlarda isə Azərbaycan vətəndaşı, tələbə Fərid Səfərlinin İranda itkin düşməsi, sonradan onun həbs edilərək barəsində cinayət işinin açılmasının məlum olması molla rejiminin riyakarlığının növbəti göstəricisi oldu. Azərbaycanlı tələbənin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra İran XİN-ə nota təqdim olundu. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı jurnalistlərə bildirib ki, Fərid Səfərlinin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkib: “Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.

Yeri gəlmişkən, bu hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunub.

Mollakratiyanın ölkəmizə qarşı məkrli planları bitib-tükənmək bilmir. Tarixçi alim Zaur Əliyev mətbuata açıqlamasında bildirib ki, son 10 ildə İran mediası arabir “Bakı Respublikası” sözünü istifadə etsə də, artıq bir ildir bütün sosial media və platformalarda, KİV-də bu ifadə geniş yayılıb: “Son iki aya isə artıq təhsil sistemlərində azərbaycanlı şagirdlərə zorla “Azərbaycan” sözünü pozub, “Bakı Respublikası” yazmağı öyrədirlər. “Bakı Respublikası” sözünü kütləvi şəkildə təhsil, elm və media dilinə gətirirlər. Siyasilər hələ cəhd etmirlər, amma siyasi partiyalara tapşırıq verilib ki, tədricən sənədlərdə “Azərbaycan Respublikası” sözünü “Bakı Respublikası” ilə əvəz etsinlər. İran bunu etməklə 40 milyonluq soydaşımızın beynini yumağa cəhd edir...”.

Şübhəsiz, “Tehran respublikası”nın ölkəmizə qarşı məkrli əməlləri və planları bundan sonra da davam edəcək. Mahiyyət etibarilə bu şeytani və terrorçu rejim ölkəmizə qarşı çirkin və məkrli əməllərini günahsız vətəndaşlarımızın üzərindən həyata keçirə bilər və bunu etməkdədir. Təbii ki, bütün bunlar bumeranq effekti verəcək. Ancaq  ayıq-sayıq olmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır…

Zahid Rza, “İki sahil”