05 iyun 2023 12:21
120

Uğurlu enerji siyasəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz inkişaf edərək hər bir sahədə nailiyyətlər əldə edib. Bundan əlavə, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması, dünya siyasətindəki yeri və rolunun gücləndirilməsi istiqamətində də böyük nailiyyətlər əldə edilmişdir. Bu prosesdə mühüm amillərdən biri də Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti, ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli və qlobal layihələrdir. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin xidmətləri müstəsna dərəcədə böyükdür. Əslində, bu layihənin reallaşması dövlətimizin başçısının bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqe, qətiyyət və strateji idarəetmə sayəsində mümkün olub.

Azərbaycan bu nöqtəyə çatmaq üçün uzun yol qət edib. Bu yolda ilk addım ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” oldu. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, bu, bizim enerji strategiyamızın həyata keçirilməsi istiqamətində zəruri addım idi və 1994-cü ildə imzalanmış müqavilə bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab etmək olar. Azərbaycan neftinin Xəzər dənizi vasitəsilə dünya bazarlarına çıxışı üçün neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 km), Bakı-Supsa (833 km) və Bakı-Tbilisi- Ceyhan əsas ixrac neft boru kəməri ( 1768 km). 2022-ci ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə təxminən 41 milyard ABŞ dolları sərmayə qoyulmuş və bu məqsədlə 546 milyon ton neft hasil edilmişdir. Ülu Öndərimiz Heydər Əliyevin dekabrın 29-u 1999-cu il tarixlərində imzaladığı fərmanla karbohidrogen gəlirlərinin səmərəli idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır.

Nəsillər arasında obyektiv bölüşdürülməsi və həmin vəsait prioritet sahələrin inkişafına yönəldilmişdir. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilmişdir. Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində indiki və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirini təmin edir. 2021-ci ilədək xarici neft şirkətləri ilə “Hasilatınpay bölgüsü” tipli 37 saziş imzalanıb. Ötən müddət ərzində Azərbaycan təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisinə beynəlxalq bazarlara nəql edirlər. Həmçinin Rusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verirlər. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur. Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişlənməsi ölkənin gücünü daha da artırır. Bakıda Azərbaycan və Avropa ölkələri arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalananda Avropa Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycanın qaz ixracının iki dəfə artacağını bildirib.

Məlumdur ki, Anlaşma Memorandumu Azərbaycanın Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz təchizatı “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Liderimizin ölkələr arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsinə yönəlmiş uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycanın təbii qazının Avropaya nəqlinin yeni marşrutunun formalaşmasının şahidi oluruq.

Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın ötürücü sistem operatorları arasında Memorandumun imzalanması “Həmrəylik halqası” təşəbbüsünün reallaşması üçün böyük addımdır. Cənub Qaz Dəhlizi sayəsində bu yeni layihə iki ildən artıqdır ki, tərəfdaşlarımız üçün etibarlı və cənub enerji təchizatında strateji rol oynayan bir ölkə olan Azərbaycan təbii qaz üçün alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxış imkanı verəcək. “Həmrəylik halqası” təşəbbüsü həm də Cənub Qaz Dəhlizinin genişləndirilməsi vasitəsilə imkanlar yaradır və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.

Nəzakət Əliyeva,
Bakı şəhəri, Xətai rayonu 27 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü