05 iyun 2023 17:09
178

İsrail Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir

Son illər Azərbaycanla İsrail arasında təşkil olunan qarşılıqlı səfərlər, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, eləcə də ölkəmizin Təl-Əvivdə səfirliyinin açılması münasibətlərimizi yeni müstəviyə daşıyıb, ölkələrimizi biri-birinə daha da yaxınlaşdırıb.

Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan son dərəcə önəmlidir. Dövlət başçıları mətbuata bəyanatla çıxışları zamanı da bu məsələyə toxundular. Xüsusən ticarət dövriyyəsinin şaxələndirilməsi, enerji sahəsinin genişləndirilməsi, kibertəhlükəsizlik sahəsidə təcrübənin öyrənilməsi əməkdaşlığın gələcək inkişafında aktual olan mövzulardır. Həmçinin dövlətimizin başçısı müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bildiyimiz kimi, Azərbaycan özü müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bununla yanaşı, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə, o cümlədən İsraillə əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, bu, Ordumuzun zəruri silah, sursat və texnika ilə təchizi, müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradır.

Mətbuat üçün birgə bəyanatda Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "Azərbaycanla-İsrail arasında çox fəal siyasi dialoq var və bu səfər də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir". Azərbaycanla İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti onda ehtiva olunur ki, bu müttəfiqlik yalnız qarşılıqlı hörmət və ehtiram ifadə edən statik mövqedən ibarət deyil. Bu tərəfdaşlıq konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açan dövriyyə ilə müşahidə olunur. Məsələn, Azərbaycanın da, İsrailin də məmnun qaldığı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Hətta, Prezident İlham Əliyev açıq formada bəyan etdi ki, "Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır".

Sevinc Orucova, 
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü