06 iyun 2023 10:55
654

Böyük perspektivləri olan əməkdaşlıq

Azərbaycan xalqı qədim tarixə və zəngin mənəvi dəyərlərə malikdir. Xalqımız bu zənginliyi hər zaman qoruyub saxlamış və müasir dövrdə də yüksək səviyyədə davam etdirir. Dostluğa və qardaşlığa sonsuz sədaqətimiz, əməklığa qarşı səmimiyyətimiz malik olduğumuz yüksək mənəvi dəyərlər sırasında olan xüsusiyyətlərimizdəndir. Əlavə etməyimiz yerinə düşər ki, Multikulturalizmin Azərbaycan Modeli müasir dünyada toletentlığa və millətlər arasında qarşılıqlı hörmət prinsipinə ən gözəl nümunədir. Multikulturalizm siyasəti isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. Dostluq və qarşılıqlı hörmət təkcə xalqımızın mənəvi keyfiyyəti deyil, eyni zamanda Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm elementidir.

Azərbaycan Respublikası öz xarici siyasətində bütün dünya dövlətləri ilə beynəlxalq hüquq prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa böyük əhəmiyyət verir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursumuzda regionun və dünyanın inkişaf etmiş dövlətləri ilə ikitərəfli münasibətlərin qurulması, inkişaf etdirilməsi prioritet istiqamətdir. Bu siyasi kurs müasir dövrümüzdə möhtərəm Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Dostluqda sadiq, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğumuz İsrail dövləti həm də ən yaxın müttəfiqlərimizdən biridir. Sözsüz ki, Azərbaycan – İsrail münasibətlərinin əsası hələ Ulu Öndər Heydər Əliyev tərəfindən sağlam özüllər üzərində formalaşdırılmışdır. Bir müddət öncə İsraildə Azərbaycan Respublikasının səfirliyinin açılması artıq münasibətlərimizin yeni, daha üstün səviyyəyə yüksəlməsinin göstəricisidir.

30 may 2023-cü il tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfərinin ikitərəfli münasibətlərə mühüm töhvələr verəcəyini əminliklə söyləmək olar. Qeyd etməliyik ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanda xalqımıza xas olan çox böyük qonaqpərvərliklə qarşılandı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında yüksək səviyyədə görüşlər və danışıqlar baş tutdu. Sonda iki ölkənin prezidentləri tərəfindən əməkdaşlıq müqaviləsi imzalandı.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini bir daha nümayiş etdirdi. Hal-hazırda iki ölkə arasında çox fəal siyasi dialoq var. Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir. Yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfələr vermiş insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar və bütün digər etnik azlıqların nümayəndələri ilə birgə vuruşmuşlar. Bütün bunlar bir daha əyani şəkildə sübut edir ki, Azərbaycan – İsrail əməkdaşlığının çox böyük perspektivləri var.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini