06 iyun 2023 00:24
578

Fransadan sülhə yeni zərbə:  İrəvanı riskə, özünü isə …

İndiyə qədər sülh danışıqlarına yalnız aranı qarışdırmaq məqsədilə qatılan Fransa Prezidenti prosesdən tamamilə təcrid edilməyincə, regionda sabitliyə ümid bəsləmək sadəlövhlük olardı...  

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə ard-arda keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısı çərçivəsində qeyri-formal görüş keçirildi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuş görüş başa çatandan sonra beşli təmasla bağlı açıqlama vasitəçidən, yəni Ş.Mişeldən gəldi. Məhz Ş.Mişelin fikirlərinə əsasən müəyyənləşdirdik ki, görüş pozitiv ruhda keçib və gələcəyə nikbin yanaşmaq mümkündür. Kişinlu görüşündə xoşagəlməz hadisə Fransa Prezidenti E.Makronun iştirak etməsi və görüşdən sonra Ermənistanın və özünün mənafeyini qoruyan bəyanat verməsidir. Bu isə gözlənilən idi. Çünki Makron məhz öz mövqeyini Ermənistanın mövqeyi kimi təqdim etmək üçün orada idi. 

Yelisey sarayı da Kişinluda keçirilən qeyri-rəsmi görüşlə bağlı bəyanat yayıb. Rəsmi Parisin bəyanatı da Makronun açıqlamalarından fərqlənmir. Bəyanatda qeyri-rəsmi görüşdəki predmetlərlə bağlı müəyyən açıqlamalar da verilir. Qeyd olunur ki, 2022-ci il oktyabrın 6-da Praqada sərhədlərin tanınmasına dair Alma-Ata Bəyannaməsinə sadiqlik növbəti dəfə təsdiqlənib. Eyni zamanda, qeyri-rəsmi görüşdə iştirak edən Almaniya və Fransanın bəzi məsələlərlə bağlı tərəflərə çağırışları da bəyanatda əks olunub. Bəyanatda hərbi əsirləri tez bir zamanda azad etməyə çağırışla yanaşı, Aİ-nin müşahidə missiyası ilə bağlı məsələyə də toxunulub və bu missiya Ermənistanın “mənafeyi üçün” vacib sayılıb. Təəssüfləndirici haldır ki, rəsmi Parisin adından yayılan bu bəyanat da Makronun “ritorika”sından fərqlənməyib. Sözügedən bəyanatda da Azərbaycanla və proseslə bağlı təhriflər yer alıb. Bəli, hiss olunur ki, Fransa, loru dildə desək, aranı qarışdırmaq niyyəti güdür. “Düşmənçilik ritorikasından əl çəkmək”, “regionun bütün əhalisinin rifahı” kimi, ilk baxışdan, humanizmə köklənmiş ifadələrin seçilməsi aşkar manipulyasi­yadan başqa bir şey deyil.

Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə təhlükəsizliyə və sabitliyə heç də müsbət töhfə vermir.Fransa kimi Avropanın aparıcı ölkəsinin, müəyyən mənada tarixi olan bir dövlətin rəhbərinin bu qədər ucuzlaşması, tutduğu posta mütənasib olmayan fikirlər səsləndirməyə çalışması həm təəccüb, həm də gülüş doğurur.  Onun görüşdən sonra tələm-tələsik verdiyi “açıqlama” siyasətçiyə xas olmayan davranışdır.

Aydındır ki, Makron özü əsl həqiqəti bilir - sadəcə təhrifə yol vermək, qəsdən qıcıq yaratmaq istəyi onun ermənilərə xoş gəlmək arzusundan qaynaqlanır. Hətta Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi, Qarabağı Azərbaycan torpağı kimi tanıdığı bir vaxtda olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmək Makronun xəbis siyasi tablosunu ortaya qoyur. Bu kimi “oyunların” pərdəarxasında yatan isə birmənalı şəkildə erməni maraqlarıdır. Fransa özünü demokratiyanın “beşiyi” olan ölkələrdən saysa da, bu kimi ucuz addımları onun fərqli imicini yaradır. Beynəlxalq sənədlərə, konvensiyalara və razılaşmalara zidd olan bu kimi “ifadələr” işlətməklə Fransa özünün dövlət maraqlarını zərbə altına salmış olur. Belə çıxır ki, rəsmi Paris üçün öz dövlət maraqları erməni lobbisinin maraqlarından sonra gəlir. Bu isə dövlət olaraq Fransa üçün üzqızardıcı haldır.Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına həqiqətən də dediyi kimi “töhfə vermək” niyyətindədirsə, bu zaman məsələyə beynəlxalq hüququn tələbləri müstəvisində yanaşmalıdır. Yoxsa, ermənidən betər erməni olmaqla heç bir töhfə vermək olmaz, tam əksinə, prosesin uğurlu inkişafına yalnız mane olmaq olar.

Qalib Azərbaycanın diktə etdiyi sülh şərtləri ilə razılaşmamağın İrəvan üçün han­sı pessimist nəticələr doğurduğu göz önündədir. Qısası belə rəyə gələ bilə­rik ki, Fransa hazırda diplomatik etiket­lərə zidd davranışı ilə Ermənistanın iflas ssenarisinə xüsusi rəng qatır. Görünən odur ki, Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına dəstək vermək kimi bir niyyəti yoxdur, əksinə, onun bütün cəhdləri hərbi-siyasi qarşıdurmanı dərinləşdirmək üzərində köklənib.

Fransa keçmişini danmamalı, müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxmalı və ona düzgün siyasi-hüquqi qiymət verməlidir.  Fransa rəhbərliyi  bu ölkədə tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməlidir. Fransa bilməli və heç zaman unutmamalıdır ki, Azərbaycan güclü bir dövlətdir, regionda əsl söz sahibidir. Bu cür təxribatlar, müxtəlif təzyiq üsulları ilə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək mümkün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və olmayacaq da. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib, təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl niyyəti regionda davamlı sülh və sabitliyə nail olmaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”