06 iyun 2023 01:35
562

İran: Qərib cinlər diyarı!

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla münasibətlərini dəyişən İran  illərdən bəri pərdələdiyi,  ölkəmizə qarşı həyata keçirdiyi düşmən siyasətini daha radikal şəkildə davam etdirir.  İllərdən bəri dini, dili, adət-ənənələri eyni olan «qardaşlarımız» daxillərində gizlətdikləri şeytani xislətlərini biruzə verirlər.

Fars rejiminin terrora dəstək   ideologiyasını yayan emissarlarının, İranın xüsusi xidmət orqanlarının, əmmamə altında gizlənərək təxribatlar törədən ruhanilərinin, diplomatlarının ölkəmizə qarşı kampaniyalarda  iştirakı dəfələrlə sübut olunmuşdur. Molla rejimində  təmsil olunan  rəsmilər də etiraf edirlər ki,  Azərbaycan İran üçün  SSRİ-nin tərkibində olduğu zaman qəbuledilən olub. Müstəqilliyimizi  tanımaq istəməyən, anti-Azərbaycan siyasəti yeridən İran  ötən əsrin 90-cı  illərinin əvvəllərindən başlayaraq Ermənistana iqtisadi, siyasi və hərbi dəstək göstərməklə süverenliyimizə zərbə vurmaq üçün bütün vasitələrdən istifadə edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Səbəb də aydındır: Rəsmi Tehran  müstəqil və güclü Azərbaycan dövlətinin varlığını özünün məhvi kimi başa düşür. İllərdən bəri İrana təhsil almaq üçün gedən gənclərimizi  təxribatlara çəkən və xüsusi təlimlər üzrə hazırlayan İranın SEPAH, ETTELAT kimi digər xüsusi xidmət orqanları təkcə  Türkiyədə, Azərbaycanda deyil, digər ölkələrdə də mənfur niyyətlərini həyata keçirmişlər. Azərbaycanın varlığını heç cür qəbul etməyən İran hökuməti ölkəmizə qarşı təbliğat aparan onlarla beyin mərkəzi və informasiya resursları yaratmışlar. Həmin təsisatlar və informasiya resursları  Azərbaycana qarşı  dezinformasiya kampaniyasını daha da  genişləndirir. Zəngəzur dəhlizinin açılmasına,  ölkəmizlə Türkiyənin birbaşa əlaqəsinin yaradılmasına ilanın ala çatıdan qorxduğu kimi baxan,  düşmən mövqeyini hər vasitə ilə büruzə verən İranın rəsmi dairələri bu istiqamətdə daha fəal çalışırlar.  İran hətta Ermənistana hərbi dəstək göstərməklə işğalçını sülh  sazişini imzalamaqdan çəkindirir.   Terroru dəstəkləyən  bu ölkədəAzərbaycan əleyhinə fəaliyyət göstərən təşkilat və media orqanları sırasında  olan «Aran Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi»,  «Əbrare-Moaser Beynəlxalq Məsələlərin Araşdırılması və Tədqiqatı Mərkəzi», «İran və Avrasiya Araşdırmaları İnstitutu», «Qafqaz Mədəniyyət Mərkəzi”» kimi anti-Azərbaycan təşkilatlarının əsas vəzifələri ölkəmizə qarşı  təxribat planları və missionerlər  hazırlamaqdır. 

İranın Azərbaycana qarşı ənənəvi düşmən siyasəti İkinci Qarabağ müharibəsinin davam etdiyi və post müharibə dövründə tam aşkar olundu.  44 günlük Vətən  müharibəsi zamanı Ermənistana hər cür yardım göstərən, Qarabağa  xüsusi təlim görmüş terrorçulardan ibarət dəstə göndərən fars rejimi  Azərbaycanla Ermənistan arasında  sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə əngəl olur.  Zəngəzur dəhlizi ilə bağlı danışıqlar intensivləşdikdə, qardaş Türkiyə ilə ölkəmizin əməkdaşlığı genişləndikcə   daha da aqressivləşən İran məkrli siyasətini başqa istiqamətlər üzrə davam etdirir.  Tehranda fəaliyyət göstərən Azərbaycanın diplomatik korpusuna hücum təşkil etməklə  səfirliyin bir əməkdaşının ölümü, digərinin yaralanması ilə nəticələnən və planlı olaraq hazırlanan terror hadisəsini ört-basdır edən İran rejimi üçün belə hallar qəbulediləndir. Əsasən azərbaycanlıların yaşadıqları  Urmiya şəhərində  soydaşlarımıza qarşı qeyri-insani rəftar göstərən, yerli əhalinin ərazidən məcburi   köçürülməsi üçün Urmiya gölünü hissə-hissə qurudan, onlara göstərilən yardımların qarşısını alan rejim ən çirkin əməllərə belə əl atır. Çünki diplomatik qaydaları tanımayan  bu rejimin ən çox əməkdaşlıq etdiyi beynəlxalq aləmdə qəddarlıqları, vəhşilikləri ilə   tanınan qatı  terror təşkilatlarıdır. Terrorçu üçün isə Vətən təəssübü,  insan amilinə qayğı, qayda-qanuna riayət formulu qanla yazılır,  ədalət silahın gücü ilə susdurulur.  

İran üsul-idarəsinin Azərbaycan vətəndaşlarına qarşı əsassız ittihamlar irəli sürərək  ziyalıları, şairləri, elm adamlarını həbs etmələri də  fars rejminin ölkəmizə qarşı xəyanətlərindəndir.  İran tərəfindən müqavilə əsasında elmi-tədqiqat işlərinə dəvət almış, orada kvant elektronikası sahəsində elmi-tədqiqat işlərində iştirak etmiş azərbaycanlı alim Rəşid Əliyevin 2008-ci ildə saxta  casusluq ittihamı ilə həbs olunması fars-molla rejiminin Azərbaycana qarşı  nifrətindən yaranan rəzillikdir.

İranda keçirilən  ədəbi müsabiqədə   Azərbaycanı təmsil edən gənc şairlər  Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacıyev) də eyni tale ilə  üzləşiblər. Onlar da 2012-ci il mayın 2-də İranın təhlükəsizlik qüvvələri tərəfindən qondarma ittihamla üç ay  həbsdə saxlanılmışdılar. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova (Xalid) və onun sürücüsü Şamxal Hüseynov da  İranda ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə üzləşmişdilər.

Bu ilin fevral ayının 20-də  İrana gedən Azərbaycan vətəndaşı,  Almaniyanın Yena Universitetinin tələbəsi  Fərid Qabil oğlu Səfərlinin Tehranın təhlükəsizlik orqanları tərəfindən saxta ittihamla həbs olunması  son günlərin hadisəsidir. İrana səfər edən Azərbaycan vətəndaşlarının saxta  ittihamlarla  həbs olunmaları bu ölkənin bütünlükdə casusluq yuvası olduğunu təsdiqləyir.
Tam əminliklə demək olar ki, dövlətçilik mahiyyətinin əsası başqalarını hədəfə götürməklə onları əməkdaşlığa, molla rejiminə işləməyə məcbur etmək olan İran sivil, demokratik dövlət deyil, terroru dəstəkləyən təhlükəli ölkədir.  Fars üsuli-idarəsinin «dəst –xəttinə»,  metoduna razı olmayanlar isə  qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar. İranla sərhədlər bağlı olsa da oraya üçüncü ölkələr vasitəsilə səfər edənləri də belə  aqibət gözləyir.  İrana Almaniyadan gələn Fərid Səfərli kimi «casus» ittihamı ilə  üzləşmək istəməyənlər qərib cinlər diyarı olan  Tehrana səfər etmək  sevdasından uzaq dursalar yaxşı olar.

Xuraman İsmayılqızı, «İki sahil»