06 iyun 2023 01:58
523

Laçına Böyük Qayıdış dosta sevinc, düşmənə göz dağıdır

Prezidentin Müstəqillik Gününü Laçında laçınlılarla birgə qeyd etməsi Vətənə dərin sevgidən qaynaqlanır

Bu gün həm ölkə əhalisində, həm də dünya ictimaiyyətində qəti bir mövqe formalaşıb ki, Prezident İlham Əliyev verdiyi sözə, vəd etdiyi öhdəliklərə əməl edən qətiyyətli siyasətçidir. Təbii ki, ölkəmizin başçısının bu qətiyyətli addımları onun xalqla birliyindən, Vətənə olan dərin sevgisindən qaynaqlanır. Xüsusilə işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri də nəinki qonşularımızı, həm də beynəlxalq aləmi yaxşı mənada heyrətləndirir. Bu, həm də düşmənlərimizə bir göz dağıdır, onları bizimlə hesablaşmağa istiqamətləndirən müsbət tendensiyadır.

Elə Prezident İlham Əliyevin Müstəqillik Günündə Laçına səfəri və orada Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyırdı. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik dövrdə aparılan danışıqlarda Laçın əsas məsələlərdən biri olub. Ermənistan və onun havadarları  həmişə işğal altındakı digər rayonları sözdə qaytarmağa «razı» olsalar da Laçını heç vaxt «güzəştə» getməyəcəklərini bildirirdilər. Ancaq Azərbaycanın  İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbəsi nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını bir güllə atılmadan təhvil versin.

Bundan başqa, postmüharibə dövründə ermənilər ən çox təxribatları məhz Laçın istiqamətində törədirdilər. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi iləLaçın –Xankəndi yolunun başlanğısında  sərhəd-buraxılış məntəqəsinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi şəraitdə ölkəmizin başçısının məcburi köçkünlərin Laçın şəhərinə ilk qayıdışını reallaşdırması və oradan verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, həm də bölgə üçün yeni yol xəritəsini yaratdı.

Bəli, Prezident Laçına Böyük Qayıdışa start verməklə dünyaya bu torpaqlara dönüşün əbədi və əzəli xarakter daşıdığını göstərdi. Eyni zamanda, açılışlarını və təməlqoymalarını rellaşdırdığı infrastruktur layihələri ilə 30 il bu torpaqları xarabazara çevirmiş ermənilərdən fərqli olaraq Azərbaycanın qurucu, yaradıcı bir ölkə olduğunu göstərdi. Qeyd edək ki, son 7-8 ay ərzində Laçında 700 bina inşa edilib ki , onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina və sairdir. Ümumilikdə ilkin mərhələdə 764 ailə Laçın şəhərində yaşaya biləcək.

Ölkə başçısının Laçına son səfəri bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm mərhələdir. Prezidentimizin Laçından xalqa müraciətində dediyi kimi: «3-4 il bundan əvvəl «Qarabağ Ermənistandır» deyən Ermənistan rəhbərliyi artıq «Qarabağ Azərbaycandır!» sözlərini təkrar edir».

Laçın səfərində digər vacib məqam Prezident İlham Əliyevin buradan yeni və daha qətiyyətli mesajlar verməsi idi. Bu, bir daha onu göstərdi ki, həm İkinci Qarabağ müharibəsində, həm də postmüharibə dövründə Ermənistan və onun havadarları dalana dirəniblər.

Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən Prezidentimizin, eyni zamanda, 30 il ərzində onların  yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində ağır şəraitdə keçən həyat şəraiti ilə bağlı məqamlara toxunması onun xalqın hər bir problemini dərindən bilən bir lider olduğunu göstərir. Ali Baş Komandanımız Laçından verdiyi mesajlarda əminliklə dedi: «Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.»

Elçin Zaman, «İki sahil»