06 iyun 2023 02:36
397

Erməni vəhşilikləri cəzasız qalmamalıdır!

Şuşa həbsxanası ermənilərin 30 ilə yaxın bir müddətdə azərbaycanlılara verdiyi qeyri-insani işgəncələrin canlı şahididir

Tarixi Azərbaycan torpaqlarında zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar məhz bu soyqırımı siyasətinin bariz nümunəsidir. Xüsusilə erməni barbarları Birinci Qarabağ müharibəsində amansızcasına qətlə yetirdikləri azərbaycanlıları kütləvi məzarlıqlarda basdıraraq izləri itiriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Xocalıda girov götürülən 1275 nəfərdən 150-nin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakinini dəhşətli işgəncələrlə qətlə yetirib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin 2021-ci ildə Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarlıq Şuşanın Daşaltı kəndində tapılıb. 1992-ci ilin yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılır. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın aşkar olunduğu yerlərdən biri də Kəlbəcərin Başlıbel kəndidir. 1993-cü ilin aprelin əvvəllərində bu kəndin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər onlardan 14 nəfərini girov götürmüş, 18 nəfəri qətlə yetirmişdilər.

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir. Bundan əvvəl Kəlbəcərin Başlıbel, Xocavəndin Edilli kəndlərində erməni vandalizminin sübutu olan kütləvi məzarlıqlar aşkarlanıb.

Bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində daha bir kütləvi məzarlıq tapılıb. Budəfəki kütləvi məzarlıq Şuşa şəhərindəki həbsxananın ərazisində üzə çıxarılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun dediyinə görə, yeni kütləvi məzarlığın yeri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş insanların ifadələri əsasında müəyyən edilib. Şuşa həbsxanasında ümumilikdə 360 azərbaycanlının saxlanıldığını deyən E.Səmədovun sözlərinə görə, onlardan 216-sı azad olunsa da digərlərinin taleyi bu günə qədər məlum deyil. Məlumatda o da vurğulanır ki, tapılan insan qalıqları həbsxanada qalan şəxslərə qarşı qəddarlıq və qeyri-insani əməllərin törədilməsindən xəbər verir. Şuşada bundan sonra da kütləvi məzarlıqlarla bağlı axtarışların davam etdiriləcəyi bildirilir.

Şuşa həbsxanası SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib. Həbsxana inşa olunarkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb. Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ən qatı cinayətkar hesab olunan şəxslər əsasən cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. 1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub. İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər. Bu səbəbdən də Şuşa həbsxanası ermənilərin 30 ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, onlara verdikləri işgəncələrin canlı şahididir, desək yanılmarıq.

Azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınır.

Sevinc Azadi, “İki sahil”